Yenixeber.org: Müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan dağıdıcı - destruktiv faktorlar sırasında separatizm və təcavüzkar siyasət xüsusi yer tutur. Hazırkı reallıqlar və çağırışlar dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmasını, bu məsələ ilə bağlı ikili standartlara yol verilməməsini, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatların ikili standartlar siyasətinə son qoyaraq separatçı rejimlərlə hər cür əlaqələri, eləcə də onları dəstəkləməsini dayandırmasını diktə və tələb edir. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “Dağlıq Qarabağ” rejiminin mövcudluğu da faktiki olaraq beynəlxalq hüquq normalarının, eləcə də ərazi bütövlüyünün pozulması və suverenlik prinsipinin heçə sayılmasının bariz nümunəsidir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.
Bu, bir reallıqdır ki, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqaz regionunda Ermənistanın işğalçı siyasəti bölgənin təhlükəsizliyini ciddi təhdidlərlə qarşı-qarşıya qoyur. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “Dağlıq Qarabağ” rejiminin fəaliyyət göstərməsi isə konkret olaraq təcavüzkar iddiaların, separatizmin dayaqlarının güclənməsinə səbəb olur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına bir sıra xarici şəxslərin səfərlərinin təşkil edilməsi də işğal altındakı Dağlıq Qarabağda yaradılan qondarma rejimi təbliğ etməyə, eyni zamanda, separatizmin təşviq olunmasına xidmət edir. Bununla da beynəlxalq konvensiyaların tələbləri ciddi şəkildə - kobud surətdə pozulur. Şübhəsiz ki, Azərbaycan Respublikası həmişə bu cür qanunazidd hərəkətlərin cavabını verir, müvafiq tədbirlər görür. Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar, onların Azərbaycana gəlişinə qadağa qoyulur. Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri də konkret olaraq etnik təmizləmə və işğal faktının müdafiəsi olmaqla yanaşı, təxribat xarakterli addımdır. Yeri gəlmişkən, bu məsələ ilə bağlı Fransanın ölkəmizdəki səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb, səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyinə və ərazi bütövlüyünə toxunan bir sıra addımları ilə, o cümlədən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə bu yaxınlarda Fransanın Sent-Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib. Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib. Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi notası təqdim olunub.
Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər konkret sifariş əsasında həyata keçirilib
Beləliklə, ötən ay ərzində Fransanın bir neçə bələdiyyə başçısının Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirməsi Azərbaycan ictimaiyyətinin haqlı narazılığına və etirazına səbəb olub, bu addımların, hər şeydən əvvəl, beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olmaması qətiyyətlə ifadə edilib. Bildirilir ki, ölkəmizin qanunlarına zidd olan bu hal Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma, separatçı rejimin təşviqinə xidmət edir. İlleqal xarakter daşıyan bu səfərlərin konkret göstərişlər əsasında həyata keçirilməsi də şübhə doğurmur. Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşebluanın, habelə Fransada fəaliyyət göstərən qondarma rejim ilə “dostluq dərnəyi”nin digər üzvlərinin belə səfərlərə qoşulması səfərin siyasi direktivlər əsasında təşkil edilməsi və reallaşdırılmasının göstəricisidir. Şübhəsiz ki, Fransua Roşebluanın Ermənistan vətəndaşlığı alması və ona bu ölkənin pasportunun verilməsi təsadüfi deyil. O, fəaliyyəti dövründə erməni lobbisinin direktivlərini yerinə yetirib, ermənilərin maraqlarının müdafiəçisi kimi çıxış edib.
Separatçılarla “bəyannamə”lər imzalanması etnik təmizləmə faktına və siyasətinə dəstək verməkdir
Azərbaycan ərazisinin 20 faizini işğal edən və hələ də işğal altında saxlayan Ermənistan tərəfindən azərbaycanlılara qarşı kütləvi etnik təmizləmənin həyata keçirilməsi, xalqımızın terror və cinayətlərə məruz qalması reallıqdır. Bu vandalizm aktlarının nəticələri bütün dünyaya, o cümlədən Fransa ictimaiyyətinə də yaxşı məlumdur. Bu tarixi faktların fonunda Fransanın bəzi yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə təxribat xarakterli səfərlər etməsi yolverilməzdir. Ən əsası, Fransadan olan merlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı qondarma yerli hakimiyyətləri ilə “bəyannamə”lər imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmənin nəticələrini razılıqla qarşılamaq - bu vandalizm aktına dəstək vermək deməkdir. Bu isə təkcə Azərbaycana münasibətdə beynəlxalq hüquq normaları və prinsiplərinin pozulması deyil, bütövlükdə milli dövlətlərin ərazi bütövlüyü və suverenliyinin heçə sayılmasıdır. Digər tərəfdən, bu cür yolverilməz addımlar mənfi presedentlər meydana çıxarır, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır. Belə hallar etnik separatizmi təşviq edə bilər. Ona görə də qlobal miqyasda təhlükəsizliyə, əməkdaşlığa önəm verdiyini ifadə və iddia edən Fransanın bu cür halları nəzərə alması, müvafiq tədbirlər görərək onları aradan qaldırması zəruridir.
Yerli özünüidarəetmə orqanlarının təxribatçı hərəkətləri Fransa ilə Azərbaycan arasında imzalanmış sazişlərin mahiyyətinə ziddir
Şübhəsiz ki, bəhs olunan təxribatçı hərəkətlər Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin ruhuna ziddir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransanın bəzi yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə səfərlər etməsi bilavasitə respublikamızın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olmaqla yanaşı, ikitərəfli münasibətlərin mahiyyətinə uyğun deyil.
Digər tərəfdən, bu cür təxribatçı hərəkətlər bu ölkənin milli qanunları ilə də ziddiyyət təşkil edir. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində “Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi” haqqında imzalanmış təmimi təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır. Təlimat, eyni zamanda, bu ölkə tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı bir formada müqavilələr bağlamağı, səfərlər həyata keçirməyi və birgə tədbirlər təşkil etməyi qadağan edir. Fransa Konstitusiyasının 73-cü maddəsi və yerli özünüidarəetmə orqanlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmimi təlimat məcburi xarakter daşıyır, yəni imperativ xarakterlidir. Yəni Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında imzalanmış sənədə əsasən, Fransada fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları ölkənin xarici siyasətinə zidd olan bəyanatlar, səfərlər və digər bu kimi addımlardan çəkinməlidirlər. Lakin sözügedən məsələnin fonunda biz bunun tamamilə əksini müşahidə edirik. Və nədənsə Fransa hökuməti bu sənədin müddəalarının Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dair dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Azərbaycan ictimaiyyəti haqlı olaraq Fransa hökumətindən bu məsələdə ədalət prinsipinə söykənərək qətiyyət və əməli fəaliyyət gözləyir.
Separatizmin təşviqinə xidmət edən qanunsuz addımlar Fransanın ATƏT-in Minsk qrupunun həmsədri qismində nüfuzuna ciddi xələl gətirir
Fransa Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal edilməsi nəticəsində yaranan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmasına səbəb olan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Bu dövlət ATƏT-in Minsk qrupu çərçivəsində öz mandatına uyğun olaraq tərəfsiz və obyektiv mövqe tutmalı, münaqişənin beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq üçün fəaliyyət göstərməlidir. Bu fəaliyyət çərçivəsində işğal faktının aradan qaldırılmasına mane olan təxribatçı və separatçı hərəkətlərin qarşısının alınmasına da xüsusi diqqət yetirməlidir. Lakin təəssüflər olsun ki, Fransanın bəhs olunan yerli özünüidarəetmə orqanlarının qanunsuz addımları nəinki Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir, üstəlik, bu ölkənin vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir, Fransa barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir.
Fransa Xarici İşlər Nazirliyi tərəfindən qondarma rejimin tanınmaması barəsində açıqlama verilsə də, bu, qənaətbəxş xarakter daşımır. Fransa nəinki bu qondarma rejimi tanımamalı, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir. Çünki bu ölkəyə də yaxşı məlumdur ki, Ermənistanın hələ də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması beynəlxalq hüquq normalarının, BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə ziddir, işğalçı qoşunlar dərhal və qeyd-şərtsiz Azərbaycanın torpaqlarından çıxarılmalıdır.
Fransa hökuməti bu ölkədə yerləşərək Azərbaycana qarşı terror və zorakılıq çağırışları ilə çıxış edən şəxslərə qarşı hüquqi tədbirlər görməlidir
Azərbaycan dövlətinin daxili və xarici siyasət kursu milli maraqlara əsaslanır. Eyni zamanda, respublikamız ikitərəfli və çoxtərəfli münasibətlər çərçivəsində öz milli maraqlarını rəhbər tutmaqla yanaşı, digər dövlətlərin mənafelərini nəzərə alır, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət prinsipi əsasında davam və inkişaf etdirilməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan digər ölkələrlə olduğu kimi, Fransa ilə münasibətlərdə də bu prinsipləri əsas götürür. Fransa da Azərbaycanın milli və dövlətçilik maraqlarını nəzərə almaqla müəyyən məsələlərlə bağlı müvafiq addımlar atmalıdır. Bu kontekstdə Fransanın bəzi yerli özünüidarəetmə orqanlarının yuxarıda bəhs olunan təxribatçı hərəkətlərinin qarşısını alması zəruridir. Digər tərəfdən, özünü mühacir adlandıran bəzi Azərbaycan vətəndaşlarının Fransanın ərazisində yerləşərək ölkəmizdə terror və zorakılığa çağıran bəyanatlarla çıxış etməsi sirr deyil. Bu, Azərbaycanın milli maraqlarına zidd olmaqla yanaşı, ölkə ictimaiyyəti tərəfindən ciddi ikrah hissi ilə qarşılanır, qətiyyətlə pislənilir. Azərbaycan ictimaiyyəti Fransa hökumətinin bu cür halların qarşısını almasının zəruriliyini bəyan edir. Lakin təəssüflər olsun ki, bu ölkənin hökuməti tərəfindən Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd mövqe tutan, terrora və zorakılığa çağırış edən və beləliklə, qanunazidd hərəkətlərə yol verən həmin şəxslərin fəaliyyətinin qarşısını almaq üçün heç bir hüquqi tədbir görülmür.
Fransa ölkəmizə münasibətdə qeyri-məqbul mövqeyini davam etdirsə, Azərbaycan bu ölkə şirkətləri ilə əlaqələrini yenidən nəzərdən keçirə bilər
Bəhs olunan məqamlarla yanaşı, digər bir nüansa da toxunmaq məqsədəmüvafiqdir. Məlumdur ki, Fransa şirkətləri Azərbaycanda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak edirlər. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Bu sırada “Suez”, “Total”, “Thales International” və digərlərini qeyd edə bilərik. Belə layihələrin həyata keçirilməsi, şübhəsiz ki, Fransanın iqtisadi maraqlarına uyğundur və bu ölkənin əhəmiyyətli gəlir əldə etməsinə imkanlar yaradıb. Şübhəsiz ki, bunun müqabilində Fransanın ikitərəfli əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi kontekstində tutduğu mövqe məqbul deyil. Əgər Fransa Azərbaycana münasibətdə belə mövqe sərgiləyərək bu cür hallara yol verməyə davam edəcəksə, Azərbaycan bu ölkə şirkətləri ilə əlaqələrini yenidən nəzərdən keçirə bilər.
Başqa bir millətin onun xalqının tarixini yazmasının ən yüksək səviyyədə ifadə edilməsi öz millətinə qarşı hörmətsizliyin nümunəsidir
Nəticə etibarilə, Fransanın bəzi yerli idarəetmə orqanlarının rəhbərlərinin təxribatçı hərəkətləri yolverilməzdir. Bu, qeyd etdiyimiz kimi, bilavasitə separatizmin təşviqinə və etnik təmizləmənin dəstəklənməsinə xidmət edir. Digər bir sıra hallar da separatizmin təşviqinə xidmət edən nümunələr sırasında yer alır. Bu ölkənin tarixini ermənilərin yaratdığının ifadə edilməsi və ermənilərin fransızların yarımhəmyerliləri olmasının vurğulanması da təəccüb doğuran hal kimi bu qəbildən olan nümunələrdəndir. Üstəlik, ermənilərin Fransa tarixinin bir hissəsi və fəxr predmeti olduğunun vurğulanması da birmənalı qarşılanmayan təəccüblü haldır. Ən əsası, bütün bunlar Fransa xalqına qarşı hörmətsizliyin bariz nümunəsi və ifadəsidir.
Bütövlükdə, yaxşı olar ki, Fransa hökuməti rasional və praqmatik mövqe nümayiş etdirərək bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görsün.Hikmət BABAOĞLU