Tehranla Bakı anlaşdı:Asiyadan Avropaya körpü uzanır
Tehranla Bakı anlaşdı
Yenixeber.org: "İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir. Dünən keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Biz Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir".
Bunu Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda çıxışında deyib.
Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, əlbəttə ki, Azərbaycanla İran istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik. Çünki bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir.
Bakı və Tehranın təşəbbüsü ilə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır.
Bununla yanaşı, problemlər də var.
Məsələn, ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir. Ona görə də təsadüfi deyil ki, İran və Azərbaycan iş adamlarının biznes forumunda iştirak edən iş adamlarına Azərbaycanın dövlət başçısı xitab edərək söylədi: "Sizə tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq aparmalıyıq. Ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır. Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq. Buna nail olmaq üçün imkanlar var".
Təbii, qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir.
Neftçalada "İran Khodro" və Azərbaycan şirkətinin birgə müəssisəsi,İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı. Qarşılıqlı sərmayələrin qoyuluşu üçün əlbəttə ki, ilk növbədə, gözəl münasibətlər və qarşılıqlı maraqlar olmalıdır. Bunlar var və gündən-günə möhkəmlənir.
Bu iki layihə ölkələrimiz arasındakı ticari və iqtisadi münasibətlərdə qarşılıqlı maraqlar tam təmin olunduğunu göstərir.
Düşünürük ki, avtomobil zavodunun fəaliyyəti və yük terminalının işə düşməsi Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün önəmli rol oynayacaq.
Onu da vurğulayaq ki, Rəşt-Astara marşrutu layihəsi ilə bağlı Azərbaycan İrana 500 milyon dollar məbləğində kredit ayıracaq.
Qarşılıqlı sərmayə qoyuluşu üçün əlavə istiqamətlər müəyyən olunur.
Şimal-Cənub nəqliyyat dəhlizi də İran və Azərbaycan tərəflərinin çox ciddi səyləri hesabına reallaşır. 2016-2017-ci illərdə bu dəmir yolunun çatışmayan hissəsi Azərbaycan ərazisində inşa edildi, Astaraçay üzərində körpü salındı.
Bunu dövlət başçımız da çıxışında vurğuladı: "Mən keçən il İranda səfərdə olarkən ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçdi. Bu gün isə artıq yük terminalı inşa edilir və dünən tarixi bir sənəd imzalandı. Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalandı. Bu müqavilə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında xüsusi rol oynayacaqdır. Beləliklə, biz qitələri birləşdirərək həm iqtisadi mənfəət götürəcəyik, - çünki bizim ərazimizdən keçən tranzit yüklər on milyon tonlarla ölçüləcək, - eyni zamanda, biz bölgədə yeni bir əməkdaşlıq formatını yaradırıq. Bunu artıq yaratmışıq, çünki biz indi nəinki ikitərəfli formatda, üçtərəfli və dördtərəfli formatlarda fəal əməkdaşlıq edirik".
2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşləri keçirilib. Bu görüşlərin çox böyük əhəmiyyəti var. Görüşlərdə həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm enerji məsələləri müzakirə olunub.
Üç ölkənin iş adamları da mövcud olan imkanlardan istifadə etməlidir.
Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir ki, fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb - Azərbaycan, İran, Gürcüstan və Türkiyə. Burada həm əlbəttə ki, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi məsələlər, qarşılıqlı dəstək, eyni zamanda, iş adamları üçün, bir daha demək istəyirəm, geniş imkanlar açılır.
Nəqliyyat sahəsində. İndi Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar. Ticarət dövriyyəsi əminəm ki, həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaqdır. Energetika sahəsində biznes imkanları genişlənir.
İrandan Azərbaycana, Azərbaycandan da İrana böyük turist axını da gözlənilir
Hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır.
Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə batmayacaq, investisiyalar effektiv nəticələr verəcək və yaxşı gəlir gətirəcək.
Bakıda Xəzər dənizindəki neft-qaz blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, İran prezidenti Həsən Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır.
Necə ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana hər səfəri dövlətlərimiz arasındakı ikitərəfli əlaqələrə ciddi təsirlə yanaşı, regional siyasətə təkan verir.
Həsən Ruhaninin budəfəki səfərinin önəmi isə əsasən iki məqamla bağlıdır: Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi.
Bununla yanaşı, Azərbaycanla İran arasında indiyədək həll olunmamış məsələlər siyaşısı sürəkli kiçilir. Çox məsələlər artıq o siyahıdan çıxarılıb.
Həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır.
Bakıda keçirilmiş müzakirələrlə danışıqlar göstərdi ki, Azərbaycan və İranı dövlət başçılarının növbəti görüşünədək bu məsələ də həllini tapacaq.
Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz - bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir.
İmzalanmış sənədlər
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Bakıya rəsmi səfəri əldə olunmuş anlaşmalar və imzalanmış sənədlər baxımından da zəngin olub.
İki ölkə başçısının Bakıda imzaladıqları sənədlərin siyahısı belədir:
"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında Əməkdaşlıq haqqında İcra Proqramı"
"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı"
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəniyyət və İncəsənət üzrə Mübadilə Proqramı"
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramı"
"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu"
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Anlaşma Memorandumu"
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"
"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş"
Böyük layihə
Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropadan Cənub-Şərqi Asiyayadək uzanaraq Azərbaycan, İran və Rusiyanın dəmiryollarını birləşdirəcək. İlkin mərhələdə dəhlizlə ildə 5 milyon ton yük daşımaq, sonra isə yükdaşımaların illik həcmi 10 milyon tondan artıq olmalıdır.
Yüklər Cənub-Şərqi Asiyadan İrana, oradan Fars Körfəzi, İran, Azərbaycan, Rusiya ərazilərindən keçərək Skandinaviya dövlətlərinə, Şimali Avropaya cəmi 14 günə daşınacaq.