İrəvanın ABŞ-a qarşı de-marşı -Bakı üçün açılan fürsət
Moskvanın yanında olmağın bəadəli ağırlaşır; Ermənistan Ağ Evin həmmüəllifi olduğu sənədin əleyhinə çıxdı; Krımın ilhaqını dəstəkləyən İrəvan, üstəlik, ABŞ-ın əsas təhlükə saydığı dövlətin yanında yer aldı; BMT ermənilərin əsas müttəfiqi Rusiyanı işğalçı kimi tanıdı...
Yenixeber.org: Dünən BMT Baş Assambleyasında “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” haqqında qətnamə səsə qoyulub və qəbul edilib. “Report”un BMT-nin xəbər mərkəzinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın, Böyük Britaniya və Fransanın həmmüəllifi olduğu qətnamənin leyinə 70 dövlət səs verib, 26 ölkə əleyhinə çıxıb, Azərbaycan da daxil, 76 ölkə bitərəf qalıb.
Qətnamə layihəsinin preambula hissəsində Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərinin Rusiya tərəfindən “müvəqqəti işğal edildiyi” qeyd edilir, ilhaqın qəbuledilməzliyi vurğulanır. “Müvəqqəti işğal olunan Krımda sakinlərə, o cümlədən Krım tatarlarına, eləcə də ukraynalılara, başqa etnik qrupların və dini qrupların təmsilçilərinə qarşı Rusiyanın işğalçı hakimiyyəti tərəfindən diskriminasiya tədbirləri görülür, onların insan haqları tapdanır” - sənəddə daha sonra bildirilir. Qətnamədə habelə işğal edilən Krımda Rusiya qanunlarının tətbiqinin, məhkəmə və inzibati idarəçiliyinin qanunsuz olduğu bildirilir. Müəlliflər Rusiyanı Krımı işğaladək beynəlxalq hüquqla bağlı öhdəliklərinə hörmət etməyə çağırıblar.
*****
Belə bir qətnamənin qəbulu ərazisinin bir hissəsi işğal altında olan Azərbaycan üçün də bir neçə aspektdən mühüm əhəmiyyətli sayıla bilər. Əvvəla, bu, növbəti dəfə ölkələrin ərazi bütövlüyü və suverenliyinə, bütövlükdə beynəlxalq hüquqa beynəlxalq birliyin sadiqliyinin təsbiti faktıdır. Dağlıq Qarabağa dair BMT qətnamələrinə yeni “nəfəs” verilməsi deməkdir.
İkincisi, Rusiya ilə yanaşı, Ermənistanın işğalçı siyasətini faş edən bir olaydır. Çünki ermənilər də qonşu ölkənin ərazisinin bir hissəsini illərdir işğal altında saxlayır. Təsadüfi deyil ki, sənədin əleyhinə çıxanlar arasında Ermənistan başda gəlir. Ermənistanla yanaşı, Belarus, Bolviya, Hindistan, Qazaxıstan, Şimali Koreya, Kuba, Serbiya, Qırğız Respublikası, Çin, İran, Tacikistan və Cənubi Afrika Respublikası əleyhinə səs verənlərin sırasında yer alır.
Diqqət edildisə, postsovet məkanından Ukraynanın ərazi bütövlüyü əleyhinə səs vermiş Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir. Onların hamısının ərazisində Rusiyanın hərbi bazaları mövcuddur. Bu mənada həmin ölkələrin mövqeyini anlamaq da olar. Hərçənd Dağlıq Qarabağ məsələsində Ermənistan xaric, onların hamısı ölkəmizin haqlı mövqeyini dəstəkləyir - xüsusən də Qazaxıstan və Belarus erməni işğalı məsələsində ermənipərəst mövqe sərgiləmir. O üzdən düşünmürük ki, Dağlıq Qarabağla bağlı məsələ əgər BMT-də səs verməyə çıxarlarsa, bu ölkələr ərazi bütövlüyümüz əleyhinə səs verər və ya bitərəf qalar.
*****
Yəni hər bir ölkənin öz marağı özünə daha qiymətlidir təbii ki. Bu acıdan baxanda Azərbaycan son səsvermə zamanı balanslı mövqe sərgiləyib - balanslı xarici siyasət kursuna uyğun olaraq. Biz Krımın işğalını lap əvvəldən qəbul etməmişik, etmirik. Eyni zamanda Rusiyanın olduqca təhlükəli qonşu olduğunun da fərqindəyik.
Yeri gəlmişkən, 2014-cü ilin martında BMT-də Ukrayna ilə bağlı ilk səsvermə keçiriləndə Azərbaycan onun ərazi bütövlüyünü dəstəkləyib. Doğrudur, ondan az sonra Bakı AŞ PA-da Rusiyaya qarşı sanksiyalar məsələsində bitərəf qalmaqla Moskvaya jest edib. Hərgah, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməkdə davam edir. Ayrı cür ola da bilməz.
Nə etməli, bu, illərdir beynəlxalq hüquq hərləməyən, iki postsovet ölkəsinə (Ukrayna, Gürcüstan) birbaşa, hərbi təcavüz edən Putin Rusiyasıdır...
*****
BMT-dəki son səsvermənin daha bir önəmli detalı var: məsələ ondadır ki, budəfəki səsvermə ABŞ yeni Milli Təhlükəsizlik Strategiyasının açıqlandığı günlərə təsadüf edir. Hansı sənəddə ki, Rusiya Birləşmiş Ştatlar üçün 1 nömrəli təhlükə elan edilib. Demək, Rusiyanın hərbi-siyasi müttəfiqləri, onun postsovet məkanında siyasi kursuna kömək edənlər də yaxın illərdə Vaşinqtonun hədəfinə gələ bilər.
Onların başında isə Rusiyanın işğal ortağı Ermənistan gəlir. O Ermənistan ki, üstəlik, indiki olduqca həssas məqamda ABŞ-ın həmmüəllifu olduğu Ukrayna ilə bağlı sənədin əleyhinə də səs verməklə bir daha əsas müttəfiqi Moskvanın yanında yer alıb, faktiki rusların xeyrinə Amerikaya qarşı de-marş edib. Demək, bədəlini ödəməyə də hazır olmalıdır.
*****
Bu da maraqlıdır ki, eyni gündə Qüdslə bağlı məsələ BMT TŞ-də səsverməyə çıxarılıb və ABŞ-ın vetosuna rəğmən, 14 səslə qəbul edilib. Amerikanın təşkilatdakı rəsmi nümayəndəsi isə sənədə səs verən ölkələri hədələyib. Belə ki, daimi nümayəndə Nikki Heyli BMT üzvlərinin elektron poçt ünvanlarına göndərdiyi xəbərdarlıq mesajında Qüdslə bağlı səsvermədə ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirib (axar.az). “Səsini vermək barədə düşünərkən prezidentin və ABŞ-ın bunu şəxsi məsələ olaraq qəbul edəcəyini bilməyini istəyirəm. Prezident səsvermənin gedişi ilə yaxından maraqlanacaq. Məndən bizə qarşı səs verən ölkələr barədə məruzə istəyib. Bu barədə bütün səsləri qeyd edəcəyik”, - ABŞ nümayəndəsi əlavə edib.
Deməli, Ukrayna məsələsində Amerikanın iradəsi və həmmüəllifi olduğu sənədin əleyhinə gedən Ermənistan da Ağ Evin diqqətinə, hətta hədəfinə gələ bilər. Bu isə Bakı üçün Azərbaycanın artan önəmi və Dağlıq Qarabağ məsələsinin həll perspektivi baxımından yeni bir fürsət ola bilər. Hər halda, geosiyasi maraqların toqquşduğu və “fillərin” davaya hazırlaşdığı bir zamanda, Vaşinqtonun əsas təhlükə elan elədiyi Rusiyanın əsas müttəfiqi kimi Ermənistanın anti-ABŞ demarşının bədəlinin nədən ibarət olacağını biləcəyik. (müsavat)