Avropada sülhün və dini sabitliyin “açarı” kimdədir? –Sünni Səudiyyədə, yoxsa şiə İranında? TƏHLİL
Xristian Qərbi sünni-şiə seçimi etməlidirmi? "The Spectator" məcmuəsindəki yazı bu problemə həs edilib.
Yaxın Şərq haqqında bir neçə kitabın müəllifi, jurnalist Con R. Bradley yazır ki, Səudiyyə Ərəbistanında Avamiyə adlı şəhərin indi yalnız adı qalıb. Sünni ölkədə şiələrin yaşadığı şəhərlərdən birinin sakinlərinə qarşı döyüş təyyarələrindən, qanadlı qumbaraatanlardan, ağır artilleriyadan, snayperlərdən, zirehli maşınlardan və…edamlardan istifadə edilib. Halbuki hökumət qoşunlarının hücumundan bir neçə gün əvvəl BMT buranı "təkrarsız mədəniyyət və dini əhəmiyyəti olan irs" adlandırmışdı.
Yenixeber.org:Müəllif yazır ki, İrana bağlı terrorçu qruplara qarşı mübarizə apardığını bəyan edən Səudiyyə hakimiyyətinin son reydi zamanı bu şəhərdə 3 yaşlı oğlan uşağı da daxil, onlarca sakin öldürülüb, 500-dək ev yerlə yeksan edilib və qalan əhalidən 8 min sakin evlərindən çıxarılıb. Məqalədə deyilir ki, Səudiyyə əsgərləri evlərin xarabalıqları üstündə rəqs edir və selfi çəkir, İraqdakı və Suriyadakı fanatik qardaşları kimi bu şəhərdə zülm etdikləri insanları "it" adlandırırdılar.
Con R. Bradley prezident Trampın Səudiyyə Ərəbsitanına səfərini və onun burada verdiyi bəyanatları tənqid edir. Trump İranı terror və təriqət qırğınlarında ittiham etmişdi. Müəllif yazır ki, monarxiyanın "uşaq beyinli şahzadələrinə" milyardlarla dollarlıq silah satmağa çalışan Trampın bu iddiaları gülməli idi…amma indi heç də gülməli səslənmir. Məqalədə deyilir ki, ötən ay MI5-in keçmiş başçısı Conatan Evans qarşıdan gələn 30 ildə Britaniyanın islamçı terrorla üzləşməli olacağını bildirib. İŞİD-in elan etdiyi xilafət süqut etdikdən sonra vəhabi ideologiyası ilə silahlanmış minlərlə cihadçı Britaniyaya və Avropaya qayıdacaq.
Britaniya hökumətinin ictimaiyyətə açıqlamaqdan imtina etdiyi hesabata görə, Britaniyada İslam ekstermizmini yayan məscidlərin böyük əksəriyyəti Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri tərəfindən maliyyələşdirilir. Bütün bunlar Britaniyanın müsəlman əsilli yeniyetmələri arasında radikallaşmanın artmasına və vəhabiliyin yayılmasına kömək edir.
Bradley yazır ki, Səudiyyə tərəfindən maliyyələşdirilən vəhabilik Qərbin təhlükəsizliyi və dəyərləri üçün başlıca hədədir. Məqalədə deyilir ki, "hakimiyyət bizi təbii fəlakətləri qəbul etdiyimiz kimi, cihadçı terrorla yanaşı yaşamağı da öyrənməyə çağırır".
Müəllif hesab edir ki, vəhabiliyin yayıldığı müsəlman ölkələrindən minlərlə miqrantın Avropaya axınına yol vermək intihar sayılmalıdır.
Səudiyyə ilə İranın müqayisəsi
Daha sonra Con R. Bradley sünni Səudiyyə ilə şiə İranı müqayisə edir. O yazır ki, Səudiyyə kimi İran da qəddar qocalar tərəfindən idarə olunan mürtəce teokratiyadır. Onlar da dinin əbasına bürünərək insanların azadlığını məhdudlaşdırır, ölkənin sərvətini oğurlayırlar. Hər iki ölkə insan haqlarının qatı pozucusudur: "Lakin iki ölkə arasında bənzərlik burada başa çatır" – deyə Bradley yazır. Səudiyyə Ərəbistanında qeyri-müsəlmanların ictimai yerlərdə ibadət etməsi qadağandır, İranda isə yəhudi və xristianların hüquqları konstitusiyada təsbit edilib.
Yaxın Şərq ölkələrinə tez-tez səfərlərdə olan müəllif yazır ki, yəhudilər kimi şiələr də başqalarını öz dinlərinə çevirmək həvəsində olmurlar. İranlılar hətta yəhudilər və İsrail arasında dəqiq fərq qoya bilirlər. Şiələr bütün şiələri kafir bilən Səudiyyə hakimiyyətindən fərqli olaraq sünniləri də müsəlman hesab edirlər: "İranın Səudiyyədən fərqli olaraq özünə məxsus demokratiyası, canlı mətbuatı var. Səudiyyə hazırda Yəməni bombalayır, lakin İran başqa ölkələrə işğalçı hücumlar etməyib" – ekspert yazır
Bradley inanır ki, İran özü üçün praqmatik məsələlərdə Qərblə əməkdaşlıq etməyə hazırdır, halbuki Səudiyyə özünün təmsili cihadçıları ilə Qərbə düşmən kəsilib. Müəllif xatırladır ki, əksəriyyəti səudlar olan terrorçuların 11 sentyabr hücumunun ardınca, İran yüzlərlə ərəb terrorçunu həbs edib, Vaşinqtona əlində olan kəşfiyyat materiallarını ötürüb. İran 2009-cu ildə Əfqanıstanda əmin-amanlığın bərpa edilməsi işində ABŞ-a kömək əlini uzatmaq istədiyini bildirib. Bradley bunu da qeyd edir ki, "İran və onun müttəfiqi Hizbullahdan olan döyüşçüləri canlarını qurban etməsəydilər, bu gün İŞİD adlanan təşkilat son günlərini yaşamazdı…" Məqalədə deyilir ki, günü bu gün də ABŞ İŞİD-ə qarşı mübarizəsində Livan ordusu ilə əməkdaşlıq edir.
İranla dostluq pul da gətirərdi…
"Biz niyə heç vaxt məsələnin o biri tərəfi ilə maraqlanmırıq?" – deyə müəllif sual edir. Onun fikrincə, bunun səbəblərindən biri də budur ki, "region üzrə ekspertlər həm ABŞ kəşfiyyatını məlumatlandırır, həm də Ərəb monarxiyaları tərəfindən maliyyələşdirilən qəzet-jurnallarda və telekanallarda mütəxəssis şərhləri verirlər".
Bradleynin fikrincə, "hətta İrana nifrət edən, İsraili sevən Vaşinqton da ürəyinin dərinliyində bilir ki, Tehran özünün nüvə sazişi öhdəliklərinə əməl edir".
"Uzun sözün kəsəsi budur ki, İran bizə təhlükə təşkil etmir" –deyə Bradley yazır. Müəllif təklif edir ki, Britaniya səudlara "həvəsdir bəsdir" deməli, vəhabiliyin bütün formalarına qarşı amansız mübarizə aparmalıdır. Digər tərəfdən, onun fikrincə, İrana qarşı sanksiyalar siyasətindən əl çəkilməlidir. Bradleynin fikirincə, belə olsa, bəlkə Tehran da özünün nüvə ambisiyarından əl çəkər. Ekspert məsləhət görür ki, Britaniya Yaxın Şərq münaqişələrində Səudiyyə və vəhabilərlə ikibaşlı ittifaqlardan çəkinməldir. Bradleynin fikrincə, bu, ən azı Britaniyaya İrandakı 600 milyard dollarlıq xarici investisiya imkanlarından faydalanmaq imkanı verərdi. (BBC)