ABŞ Ukrayna kimi Azərbaycana da dəstək verə bilər, əgər...
Qabil Hüseynli: “Azərbaycan günün birində balanslaşdırılmış siyasətdən qərbyönlü siyasətə keçə bilər”
Yenixeber.az: Pentaqon və ABŞ Dövlət Departamenti Ukraynaya tank əleyhinə raket və digər silahların çatdırılmasını nəzərdə tutan plan hazırlayıb.
Azvision.az “Wall Street Journal”a xəbər verir ki, hələlik Ağ Ev bu planı təsdiqləməyib. ABŞ hərbçiləri və diplomatları silahların müdafiə xarakterli olmasını və Moskva tərəfindən təcavüzün qarşısını almaq üçün nəzərdə tutulduğunu bildirirlər.
Yayılan xəbərlər gerçəkləşərsə, heç şübhəsiz burada Rusiyanın Ukrayna üçün yaratdığı təhlükənin mühüm rol oynadığını düşünmək olar. Bu, ABŞ-ın Rusiyaya növbəti cavabı olacaq.
Pentaqon və ABŞ Dövlət Departamentinin hazırladığı deyilən bu plan ölkəmizdə də müzakirələr doğurub. Belə ki, Ukrayna kimi ərazi bütövlüyünə təcavüz edilən Azərbaycana ABŞ tərəfindən silah və başqa vasitələrlə dəstəyin olmaması diqqət mərkəzinə gəlib. Reallıq budur ki, Krım və Donbasın bir hissəsinin Rusiya tərəfindən zəbt edilməsinə göz yummayan Qərb Qarabağın Rusiyanın dəstəyi ilə ermənilər tərəfindən işğalına biganədir.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Ukraynanın öz geosiyasi əhəmiyyətinə görə Avropanın mərkəzində yerləşdiyini bildirdi: “Ukrayna böyük ölkədir. Bu dövlət NATO-ya, Avropa Birliyinə getməyi qarşısına məqsəd qoyub. Qərbə inteqrasiya Ukraynanın xarici siyasətinin əsasını təşkil edir. Bu ölkənin Avropa siyasətindəki xüsusi çəkisi də nəzərə alınaraq, həm Avropa Birliyi, həm də Amerika tərəfindən müdafiə olunur. Unutmaq olmaz ki, Ukraynada baş verən ”Maydan" hadisələrinin bünövrəsi Avropanın qabaqcıl ölkələri tərəfindən qoyulub. Bu, Ukraynanın demokratikləşdirilməsi istiqamətində vacib addımlardan hesab olunur. Strateji anlamda Avropa tərəfindən Rusiya amili nəzərə alınaraq, Ukraynaya böyük yer ayrılır. Belə hesab edirlər ki, Ukrayna özünün həm insani, həm də təbii ehtiyatları ilə gələcəkdə Avropa ailəsində özünə xüsusi yer tuta bilər. Bu baxımdan, Ukraynanın indiki cəhdləri, xüsusilə Rusiya ilə apardığı ərazi bütövlüyü uğrunda mübarizə Avropa tərəfindən dəstəklənir. İndiyə qədər Ukraynanın mövqeyi siyasi dəstək görürdüsə, indi hərtərəfli kömək görür. Ukrayna prezidenti iki ay öncə Amerikaya səfər edərkən Donald Tramp bu ölkəyə müdafiə xarakterli öldürücü silahların göndəriləcəyi barədə vəd vermişdi. Məsələ artıq Konqresdə müzakirə edilir. Rusiya proseslərin bu şəkildə getməsindən ciddi narahatdır. Ekspertlər hesab edirlər ki, hərbi cəhətdən Ukraynaya bu cür yardımlar edilsə, bu ölkə təkbaşına da Rusiyanın öhdəsindən gələ bilər, öz ərazi bütövlüyünü təmin edər. Bu da Rusiyanın neytrallaşdırılması işinə töhfə verər. Proseslər Ukraynanın xeyrinə cərəyan etməkdədir. Bu silahları çox da uzun zaman keçməyəcək ki, Ukraynaya verəcəklər".
Politoloq Azərbaycanla bağlı da Qərbin planlarının olduğunu düşünür: “Azərbaycanın da vəziyyətini Qərb başa düşməyə çalışır. Amma hələ ki Cənubi Qafqazda möhkəmlənməyə Gürcüstandan başlayıb. Bu proseslərin irəliləyəcəyi qənaətindəyəm. Azərbaycan tərəfi hələ ki Rusiya təhlükəsini nəzərə alaraq, qərbmeylli mövqedən çıxış etməkdən çəkinir. Prezident Polşa və Latviyada olarkən hər iki ölkənin dəstək bəyanatlarından sonra Azərbaycanın Avropa Birliyi ilə əlaqələrini genişləndirəcəyini söyləmişdi. Düzdür, Rusiya prezidenti ilə Soçidəki görüşdən sonra bu məsələnin qabardılması bir qədər təxirə salındı. Regionda gedən proseslər, Rusiyanın Ermənistana dəstəyinin durmadan artması bölgədə yeni situasiyanın yaranmasına səbəb olub. Bu situasiya Azərbaycanı seçim etmək məcburiyyəti qarşısında qoyub. Düzdür, bunu tələm-tələsik etmək olmaz. Rusiyanın davranışları və bundan sonra nələri edə biləcəyi götür-qoy edilməlidir. İstənilən halda Azərbaycanın seçim etmək məcburiyyətində qala biləcəyini düşünürəm. ”Qaradan başqa rəng yoxdur" prinsipi ilə Rusiyanın proseslərin həm əvvəlində, həm də indi ermənilərə verdiyi açıq dəstək ölkəmizi müxtəlif siyasi manevrlər etməyə məcbur edə bilər. Burada Türkiyə-Azərbaycan hərbi ittifaqının yaradılması, rəsmi Bakının digər müsəlman dövlətləri əlaqələrini daha genişləndirməsi məsələsi gündəmə gələ bilər. Ən başlıcası, Azərbaycan balanslaşdırılmış siyasətdən qərbyönlü siyasətə keçməyə üstünlük verə bilər".