"İlham Əliyev ən çətin günlərdə yanımızda olub"
“Türkiyədə 15 iyul çevriliş cəhdinin arxasında FETÖ-nün olduğuna dair minlərlə sənəd var”.
Xeberinfo.com: Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyasında çıxışı zamanı deyib.
XİN rəhbəri bildirib ki, Fətullah Gülən bundan öncə çevrilişə cəhd edib: “Biz açıq danışırıq, prezidentimiz də açıq danışır. Siz bundan narahat olursunuz. Çevriliş cəhdinin arxasında FETÖ-nün olduğuna dair minlərlə sənəd var. Gülən daha əvvəl başqa çevrilişlərin arxasında dayanıb. Terrora silah daşıyan, terrorla arasına məsafə qoymayan millət vəkillərinin toxunulmazlığının ləğvi ilə bağlı hüquqi proses başlayıb. Bunu demokratiyaya zidd hesab edirsiniz, amma biz demokratiya savaşı veririk. Əgər onlar cəzalanmasa, bizim, terrora dəstək verənlərlə nə fərqimiz olar?”.
Çavuşoğlu, həmçinin Azərbaycan xalqı və prezident İlham Əliyevin ən çətin günlərdə Türkiyənin yanında olduğunu diqqətə çatdırıb: “Mən ölkəmin ağır günündə ilk andan yanımızda olduğu üçün Azərbaycanın prezidenti başda olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edirəm. Bu prosesdə həqiqətən qardaş Azərbaycanın dəstəyini hiss etmişik. Türkiyə demokratiya növbələri tutarkən azəri qardaşlarımız meydanlarda idi. Əlbəttə, belə prosesdə dostları yanımızda görmək istəyirik.
Əlbəttə, biz gözləmirik ki, tərəfdaşlarımız apardığımız siyasətlə tam şəkildə razı olsunlar. Sadəcə, istəyimiz odur ki, belə ağır vəziyyətdən çıxa bilməmiz üçün bizim üçün daha konstruktiv təkliflər və tövsiyələr irəli sürsünlər. Yəni, belə məsələlərdə gizli niyyət və ikili standartlar istifadə edilməsinə qarşıyıq. Onu deyim ki, AŞ-nin baş katibi, onun Nazirlər Komitəsi, AŞPA və assambleyamızın bir çox üzvləri bu baxımdan düzgün yol tutublar. Biz bu əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik və AŞ ilə tərəfdaş olaraq qalacağıq”.