Deputat Ermənistanı işğala son qoymağa çağırdı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq Almaniya Bundestaqının üzvü, parlamentdə Xristian-Sosialistlər İttifaqının (XSİ) regional fraksiyasının baş katibi Maks Straubinger açıqlama verib.
Xeberinfo.com: TEAS-dan verilən məlumata görə, açıqlamada bildirilir: “Almaniya Parlamentində XSİ regional fraksiyası üçün tam aydındır ki, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyünə hörmət şübhə altına alınmamalı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməlidir. Şübhəsiz ki, beynəlxalq hüquqa zidd olan Azərbaycan ərazilərinin işğalına son qoyulmalı və məcburi köçkünlərə öz evlərinə geri qayıtmağa şərait yaradılmalıdır. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun stabilləşdirilməsinə töhfə verəcəkdir.
XSİ regional fraksiyası hesab edir ki, Almaniya hazırda ATƏT-in sədri qismində münaqişənin yenidən alovlanmasının qarşısını almaq və sülhə gətirəcək yolun tapılması üçün əlindən gələni etməyə məsuliyyət daşıyır. Ona görə də biz möhkəm atəşkəs, etimad quruculuğu tədbirləri və danışıqların yenidən başlanmasını istəyirik. Almaniya hökuməti də həmçinin bu hədəflərin həyata keçməsi üçün kampaniya aparır: xarici işlər naziri Ştaynmayer bu yaxınlarda siyasi danışıqlar aparmaq üçün Cənubi Qafqaza səfər edib. 1 iyul 2016-cı il tarixdə Tbilisdə keçirilən ATƏT-n Parlamentlərarası Assambleyasının konfransında o düzgün olaraq vurğulayıb ki, ATƏT ərazisində dalana dirənmiş münaqişələrin sürətli və sürpriz həllini gözləmək olmaz. Lakin, Almaniya tədricən tərəflər arasındakı minimum qarşılıqlı inamın yaranmasına və orada yaşayan əhalinin gündəlik həyatının asanlaşdırılmasına çalışır.
Xarici işlər naziri əmin edib ki, Almaniya intensiv şəkildə çalışacaq ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin missiyasının komandası artsın, hərbi insidentlərin tədqiqat mexanizmi yaradılsın və daha gücləndirilmiş monitorinq vasitəsilə atəşkəs rejiminin sabitləşməsinə nail olunsun. Bundan sonra ciddi danışıqların aparılmasına ilk addım atmaq mümkün olacaq. Bundan əlavə, Almaniya çalışır ki, ATƏT-in Minsk Qrupu danışıqlar prosesini yenidən canlandırsın və intensivləşdirsin. Məqsəd status-kvonu möhkəmləndirmək deyil, münaqişənin həlli prosesində tərəqqiyə nail olmaqdır. Bu ikitərəfli yanaşma XSİ regional fraksiyası tərəfindən dəstəklənir. Lakin qarşı tərəflərin rolu çox mühümdür: onlar münaqişədə istənilən gərginləşmədən imtina etməli və danışıqlar prosesini çətinləşdirən şərtlər qoymaqdan çəkinməlidirlər. Əks təqdirdə, real dialoqa nail olmaq mümkün olmayacaq”.