“Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır”
- BMT Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyib və qətnamələrində bunu beynəlxalq hüquq pozuntusu adlandıraraq Ermənistan qoşunlarının dərhal bölgədən çıxarılmasını tələb edib. Almaniyanın beynəlxalq ictimaiyyətin qərarlarına münasibəti necədir?
- Artıq iyirmi ildən artıqdır ki, Ermənistan beynəlxalq hüququ pozaraq Dağlıq Qarabağı işğal altında saxlayır. Bu siyasət BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə ziddir. Buna görə də, Avropa ictimaiyyəti mövcud status-kvonu qəbul edə bilmir. Odur ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır.
- Bir milyona yaxın azərbaycanlı Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz vətənlərində məcburi köçkünə çevrilib. Almaniya Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçılarından biri olan ölkənin ərazi bütövlüyü probleminə, onun məcburi köçkün və qaçqınlarının hüquqlarına necə münasibət bəsləyir?
- Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin ciddi təsiri aşağıdakı mülahizə vasitəsilə təsvir edilə bilər: Əgər hər bir ölkə müəyyən tarixi səbəblərə görə qonşusunun ərazisinin bir hissəsinə iddialı olsaydı, onda bu, potensial ümumdünya münaqişəsinə gətirib çıxarardı.
Azərbaycan ilə Almaniya və daha geniş mənada götürsək, Qərb arasında olan siyasi və iqtisadi əməkdaşlıq, Azərbaycana onun hüquqlarının qorunmasında regional dəstəyi tam əks etdirirmi? Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması və məcburi köçkünlərin geri qayıtması, bizim gələcəkdə ciddi şəkildə dəstəkləyəcəyimiz məsələlər sırasındadır. Bu kontekstdə “Avropa Qonşuluq Siyasəti” və “Şərqi Tərəfdaşlığı” yüksək səviyyədə əməkdaşlıq üçün vacib alətlərdir. Biz bu alətləri gələcəkdə inkişaf etdirməli və mövcud əməkdaşlıq formalarından daha çox bəhrələnməliyik. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın birtərəfli elan edilməsi hələ də beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Bizim mövqeyimizdə dəyişiklik yoxdur. Bu kontekstdə Avropa İttifaqı 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri”ni qanunsuz hesab edib. Bir daha təkrar edirəm: ikitərəfli əməkdaşlığın inkişafı üçün mövcud olan bütün vasitələrdən istifadə edilməlidir.
- Bu yaxınlarda 3 Azərbaycan vətəndaşı Ermənistan tərəfindən işğal edilmiş rayonda əsir götürülüb və onlardan biri qətlə yetirilib. Bu təxribatdan bir neçə gün sonra 10-dan artıq Azərbaycan əsgəri Ermənistan qoşunları tərəfindən öldürülüb. Bu kontekstdə hazırkı durumu necə qiymətləndirərdiniz?
- Son zamanlar qoşunların təmas xəttində gərginliyin və toqquşmaların artması, belə desək, “dondurulmuş” münaqişənin kövrəkliyini göstərir. Əslində, biz intensivləşən bir münaqişənin şahidi oluruq. Bu isə təmas xəttində beynəlxalq monitorinqi təhlükəyə çevrilir. Odur ki, ATƏT mühüm bir vasitəçi olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün beynəlxalq hüququn mərkəzi prinsipləri əsasında formalaşdırılmış “Madrid prinsipləri”nin irəli çəkilməsini gücləndirməlidir. Mən təkrar edirəm: buraya həmçinin, Ermənistan tərəfindən işğal edilmiş rayonların qaytarılması və bütün qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələsi daxildir. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, biz Ermənistan işğalçı qüvvələri tərəfindən gərginliyin yenidən artırılmasını pisləyirik.