“Ermənistan faktaraşdırıcı missiyanın təşkilinə imkan vermir”
“Ermənistanın da qoşulduğu “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair” 1954-cü il Haaqa konvensiyasının 4-cü bəndinə, konvensiyanın 1-ci və 2-ci əlavə protokollarına və digər beynəlxalq sənədlərə görə müharibə şəraitində maddi-mədəniyyət abidələrinin hərbi məqsədlərlə istifadə edilməsi qadağandır”.
Xeberinfo.com: Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ağdam şəhərindəki Cümə məscidinin Ermənistan silahlı qüvvələrinin qərargahına çevrilməsi barədə məlumatı şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanın tarixi və mədəni abidələrin qorunmasına dair qanununa əsasən abidələr hərbi məqsədlərlə istifadə edilə bilməz: “Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı aktlar beynəlxalq cinayət hüququ ilə müharibə cinayəti hesab olunur. Vandalizmə məruz qoyulmuş Ağdam Cümə məscidinin Ermənistan tərəfindən hərbi qərargaha çevrilməsi və hərbi məqsədlərlə istifadə edilməsi sıradan olan adi hal deyil. Ermənistan tərəfindən üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə zidd olaraq, işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin və İslam dininə aid ibadət ocaqlarının dağıdılması, talan və təhqir edilməsi, mənşəyinin dəyişdirilməsi və hərbi məqsədlərlə istifadə edilməsi dövlət səviyyəsində həyata keçirilən sistematik və planlı siyasətdir”.
H. Hacıyev əlavə edib ki, Ermənistan UNESCO-nun xətti ilə işğal olunmuş Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrinin vəziyyətinin qiymətləndirilməsi üzrə faktaraşdırıcı missiyanın təşkil olunmasına heç cür imkan vermir: “Sözügedən məsələ ilə əlaqədar UNESCO və digər aidiyyəti beynəlxalq təsisatlara məlumat veriləcək”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.