“Danışıqlar hər hansı ilkin şərt olmadan başlamalıdır”
“Danışıqlar prosesində uğur əldə edilməsi proses hər hansı ilkin şərt olmadan başlayacağı halda mümkündür”.
Xeberinfo.com: Məlumata görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceysm Uorlik Ermənistanın “Aykakan Jamanak” qəzetinə müsahibəsində deyib. O bildirib ki, tez bir zamanda danışıqların başlanacağına ümid edir: “Qarabağ münaqişəsinin ədalətli və qərəzsiz həlllinin əsasında hərbi gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri dayanacaq”.
C. Uorlik qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli tənzimlənməsi kontekstində müəyyənləşdiriləcək ki, bura Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması da daxildir. Diplomatın sözlərinə görə, həmsədrlər münaqişə tərəfləri ilə ən yüksək səviyyədə daimi təmasları dəstəkləyir: “Hazırda münaqişənin həlli istiqamətində konkret planlar yoxdur, lakin biz istənilən vaxt münaqişənin tənzimlənməsi ilə bağlı növbəti addımların konkretləşdirilməsi məqsədilə regiona səfər etməyə hazırıq. Hazırki mərhələdə bizim prioritetimiz uzunmüddətli atəşkəs rejiminə əməl edilməsidir”.
Xatırladaq ki, Ermənistan danışıqları davam etdirmək üçün bəzi şərtlər irəli sürmüşdü.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.(Apa)