Aktau qurbanlarına ucaldılan memorial abidə - Kreml susmaqda davam edir -ŞƏRH
AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulmasından beş ay keçsə də, ortada nə bir rəsmi üzrxahlıq, nə də kompensasiya var. Kifayət qədər uzun müddətdir və indiyə kimi bütün məsələlər həllini tapa bilərdi. Lakin nə təyyarəni vuranlar məsuliyyətə cəlb olunub, nə də müəyyən təzminat və ya kompensasiya ödənilib.
Yenixeber.org: Bu müddət ərzində şimal qonşumuz nəinki özünün məsuliyyətini dərk edib, hətta üzərinə düşən öhdəlikləri icra etməkdən də yayınıb. Hadisə ilə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlanmır, qəsdən bürokratik vasitələrlə istintaqın aparılması əngəllənir. Ötən aylar da göstərdi ki, qarşı tərəf bu məsələdə obyektiv, şəffaf mövqe tutmaq niyyətində deyil.
Məlumat üçün bildirək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşüb. Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, onlardan 29 nəfər sağ qalıb. Belə bir faciəli hadisədə 29 nəfərin sağ qalması məhz ekipaj üzvlərinin qəhrəmanlığı sayəsində mümkün olub. Pilotlar təyyarəni suya deyil, məhz yerə endirməklə həm 29 nəfərin həyatını xilas ediblər, həm də sübutların silinməsinə imkan verməyiblər.


Hazırda Aktau yaxınlığında, AZAL təyyarəsinin düşdüyü yerdə bir qrup Qazaxıstan vətəndaşının şəxsi vəsaiti hesabına memorial abidə qoyulub. Hadisənin törədilməsinə birbaşa məsul olan Kreml isə diplomatik sükut nümayiş etdirir. Uzanmış araşdırma fonunda faciə yerində xalq memorialının yaradılmasını da görməzdən gəlir. Bu memorial abidə Rusiyanın rəsmi qurumlarının laqeydliyi ilə təzad təşkil edən insan həmrəyliyi və kədərinin simvoluna çevrilib. Lakin memorial sükutun arxasında hələ də əsas sual səslənir: fəlakətə görə kim məsuliyyət daşıyır?
Rusiya tərəfinin indiyə kimi nə bir sözü, nə üzrü, nə də cavabı var ortada. Yalnız bir dəfə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib və hər kəsi “araşdırmanın ilk nəticələrini gözləməyi" tövsiyə edib.
Bəs Rusiyanın hədəfi nədir? Şübhəsiz ki, proses unudulana qədər vaxt uzatmaq. Lakin anlamırlar ki, bu, baş verməyəcək. Azərbaycan dəfələrlə bəyan edib ki, hadisənin günahkarları məsuliyyətə cəlb olunmalıdır, baş verənləri unutmamaqla yanaşı, bağışlamaq fikrində də deyil. Bunu Prezident İlham Əliyev də ilk günlərdən sərt, prinsipial mövqeyi ilə dəfələrlə aydın şəkildə izah etdi. Dövlət başçısı bir neçə dəfə vurğulayıb ki, Azərbaycan ədalətə, şəffaflığa və beynəlxalq əməkdaşlığa yönəlmiş dövlətdir. Buna görə də Azərbaycan Rusiyadan AZAL reysi ilə bağlı nə baş verdiyini izah etməyi gözləyir.


Azərbaycan ilk gündən bəyan etdi ki, məsələnin beynəlxalq instansiyalara çıxarılmasına qarşı da deyil. Necə ki, Niderlandın müraciəti əsasında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukraynanın Donbas bölgəsi üzərində baş verən MH17 reysi qəzasında məsuliyyət daşıdığını tanıyıb. ICAO Şurasının qənaətincə, Rusiya öz hərəkətləri ilə beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəanı pozub. Yaxınlarda da Rusiyanın zərəri necə ödəməli olduğu məsələsi nəzərdən keçiriləcək.
Beş ay ərzində Rusiya susqunluq nümayiş etdirməklə yanaşı, sakit də durmadı. Nələr müşahidə etdik? Azərbaycanın aparıcı media strukturlarına kiberhücumlar təşkil edildi, özü də dəfələrlə. Rusiya unudur ki, sükut nümayiş etdirməsi Azərbaycanda mənfi qarşılanır, burada həlak olanların ailələri qeyri-müəyyənlik içində yaşamağa davam edir.
Lakin bu susqunluq, prosesin unudulmağa çalışılmasının da bir sonu var. Azərbaycan prosesin uzadılmasına göz yummaq, baş verənləri unutmaq fikrində deyil. Proses beynəlxalq müstəviyə yüksəlməmiş Rusiya məsuliyyətini dərk etməli və üzərinə düşənləri yerinə yetirməlidir.(Report)