Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Bakının şərtlərinin icrasını yubadan İrəvan – Ermənistanın sonu olmayan saxtakarlığı -ŞƏRH

 

Rəsmi İrəvan yenə beynəlxalq ictimaiyyətə yalan məlumatlar ötürür. Ermənistan hakimiyyəti Azərbaycanla münasibətləri normallaşdırıb, sülh sazişini imzalamaq üçün şərtlərə, təkliflərə əməl etməkdənsə, adət etdiyi ən sadə yola - saxtakarlığa əl atır.

Yenixeber.org: Cənubi Qafqazda sülh və əməkdaşlıq, ilk növbədə, region dövlətlərinin maraqlarını təmin edir. Ancaq Ermənistan bunun reallaşmaması üçün əlindən gələn edir. İlk baxışdan elə görünür ki, guya rəsmi İrəvan Azərbaycanın bütün şərt və təkliflərini qəbul edir. Reallıqda isə vəziyyət heç onların verdiyi alayarımçıq, gerçəyi əks etdirməyən açıqlamalardakı kimi deyil.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə deyib: “Azərbaycanla normallaşma prosesini müzakirə etmişik, uzun müzakirələrdən sonra sülh sazişinin mətinini razılaşdırdıq. İndiki məqsədimiz sülh sazişinin imzalanacağı yeri və günü təyin etməkdir. Hesab edirik ki, münasibətlərin qurulması üçün bu, bir başlanğıcdır”.

Həmin tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, rəsmi Bakı sülh sazişinin imzalanmasına köklənsə də, Ermənistanın konstitusiyasında ziddiyyətli məqamlar var: “Biz 2023-cü ildən bu yana sülh sazişinin imzalanmasını gözləyirik. Konstitusiyada müəyyən dəyişikliyin edilməsi dünya praktikasında olan bir məsələdir”.

Ceyhun Bayramov Azərbaycanın konstitusiyası ilə bağlı rəsmi İrəvanın iddialarına da cavab olaraq qeyd edib ki, ölkənin əsas qanununda Ermənistanın mövcud ərazisinə dair ərazi və torpaq iddiası yoxdur.

 

Rəsmi Bakının İrəvan qarşısında irəli sürdüyü başqa şərt ATƏT-in Minsk Qrupunun ləğvidir. Ararat Mirzoyan bu məsələyə münasibət bildirərək deyib ki, buna sülh sazişi imzalandıqdan sonra baxa bilərlər.

Rəsmi İrəvan hər iki məsələnin icrası müddəti ilə bağlı konkret cavab verməkdənsə, qeyri-müəyyən münasibət bildirməklə vaxtı müəmmalı şəkildə uzadır.

Ermənistanın işğalçı və təcavüzkarlığı 30 ildir təsdiqlənir. BMT-nin qətnamələri ilə yanaşı, 2020-ci il noyabrın 10-da imzalanmış məlum bəyanatda bu, özünü bir daha təsdiqləyib. Odur ki, “birləşmə” (“miatsum” - Qarabağın Ermənistana birləşdirilməsi hərəkatını ermənilər belə adlandırırdı-red.) ideyasının xülya olduğu isbatlanıb.

Habelə, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan rəsmi və qeyri-rəsmi görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Türkiyəyə qarşı ərazi iddiası etmədiklərini də bildirib. O, İrəvanda türkiyəli jurnalistə müsahibəsində "ermənilərin soyqırımı" iddiasının beynəlxalq səviyyədə tanınmasına cəhd etməyəcəklərini də söyləyib.

Paşinyan Minsk qrupunu da ləğv etməyə hazır olduqlarını dəfələrlə qeyd edib. Yeri gəlmişkən, bu qurum 1992-ci il martın 24-də keçmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin” ATƏT-in prinsipləri əsasında sülh yolu, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmışdı. İndi nə münaqişə, nə də “Dağlıq Qarabağ” adlı qurum var. Paşinyan və Ermənistanın bütün rəsmiləri “Qarabağ Azərbaycandır” deyirlər.

 

O zaman rəsmi İrəvanın uyğun addım atmamasına nə mane olur? Ermənistanda baş verənlərə əsasən, belə ehtimal etmək olar ki, Azərbaycana qarşı gələcəkdə işğalçı addımlar atıla bilər. Ona görə düşünmək olar ki, ölkə rəsmilərinin sülhsevərliyə dair verdikləri açıqlamalar gələcəkdə Azərbaycanı ittiham etmək üçün təbliğat bazası hazırlayır.

Bəzən Azərbaycanı bir vaxtlar Ermənistanın indiki vəziyyəti ilə müqayisə edirlər. Bu müqayisə birmənalı şəkildə qüsurlu və yanlış yanaşmadır. Çünki onda Azərbaycan torpaqları işğal olunmuşdu, bütün beynəlxalq sənədlər, dünyanın aparıcı dövlətləri onun ərazi bütövlüyünü tanıyır, Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa çağırırdılar. Elə bu fakt belə düşünənlərin yenidən məsələyə baxmaqları üçün yetərli sayıla bilər.

Paşinyana konstitusiyanı dəyişməyə mane olan başqa bir səbəb daxili amildir. O, yaxın bir-iki ildə parlament seçkilərinə getməyi planlaşdırır. Bu baxımdan, belə düşünmək olar ki, Paşinyan əsas qanunu dəyişməməklə siyasi kampaniyada əlavə sualların yaranmasını istəmir. O, bununla həm də müxalifətin dəyişiklikdən mümkün istifadəsindən narahatdır.

Başqa bir tərəfdən, Fransa və erməni lobbisi də konstitusiyanın dəyişməsini vacib saymır. Bu günlərdə ölkənin xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Ermənistan konstitusiyasının dəyişməsinə ehtiyac yoxdur. O, Azərbaycan-Ermənistan şərti sərhədində gərginlikdən narahatlığını da bildirib.

Son zamanlar bu ərazidə Ermənistan hərbçiləri Azərbaycan istiqamətində atəşkəsi pozur. Jan-Noel Barro Fransa hakimiyyətinin ənənəvi ikili standartını yenə nümayiş etdirir. Bir yandan Ermənistanı ağır silah və hərbi texnika ilə silahlandırır, bu ölkənin təcavüzkar konstitusiyasının dəyişməsinə qarşı çıxır, o biri yandan isə şərti sərhəddə sabitliyin pozulmasından “narahat olduğuna” dair açıqlama verir.

 

Bu kimi amillər Azərbaycanla sülh sazişinin imzalanmasına mane olur. Həmin qüvvələr konstitusiyanın dəyişməsini əngəlləməklə, əslində, Ermənistanın mövcud vəziyyətdən çıxmasına problem yaradırlar. Onlar rəsmi İrəvanın xarici qüvvələrdən asılılığını da təsdiqləyirlər.

Fransa Ermənistanın daxili işlərinə müdaxilə etməklə vəziyyəti daha da gərginləşdirir. Yeri gəlmişkən, başqa ölkələrin daxili işinə müdaxiləyə görə rəsmi Parisə Əlcəzairdə etiraz edilib. Əlcəzair hakimiyyəti Fransanın 12 diplomatını ölkədən qovub. Onlara ölkəni tərk etmək üçün 48 saat möhlət verilib. Bu fakt Fransanın yarıtmaz xarici siyasi kursunun nəticəsidir.

Ermənistanın işğalı dövründə Qarabağ və ətraf rayonlarda Azərbaycanın tarixi mədəniyyət və dini abidlərini, tikililərini ermənilərin dağıtdığına dair çoxsaylı faktlar var. 30 ilə yaxın dövr ərzində beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu həmsədrləri həmin dağıntılara dair bir cümləlik etiraz bildirməmişdi. Onlar Ermənistanın, bu istiqamətdə vəhşiliklər törədənlərin dağıdıcı əməllərini görməzdən gəlmişdilər.

 

Azərbaycan hazırda işğaldan təmizlənən ərazilərdə mülki, sosial obyektlər tikməklə yanaşı, bölgədəki mədəniyyət abidələrini də bərpa edir. Ancaq bir sıra beynəlxalq təşkilatlar Qarabağda guya erməni abidələrinin dağıdılmasına dair hesabat hazırlayırlar. Ermənistanın, havadarlarının Azərbaycana qarşı bu kimi ədalətsizliyi 1988-ci ildən 2020-ci ilin payızınadək davam edib. Həmin illərdə Qərbi azərbaycanlıların vətəndaşlıq hüquqları zorla tapdanaraq öz tarixi və dədə-baba yurdlarından qovulmalarını beynəlxalq ictimaiyyət sükutla izləmişdi.

Sonrakı dövrdə Azərbaycan Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunaraq azərbaycanlıların məcburi köçkün vəziyyətinə düşməsini də bütün beynəlxalq təşkilatlar və dünyanın aparıcı gücləri sükutla qarşılamışdı.

Beynəlxalq ictimaiyyəti təmsil edən bəzi dövlətlər Azərbaycana qarşı oxşar haqsızlığı yenə davam etdirirlər. Həmin güclər sülh sazişinin imzalanması üçün Ermənistandan Azərbaycanın şərtlərinə əməl etməsini istəməkdənsə, buna qarşı açıqlama verməklə təzyiqləri artırır, bununla regionda gərginliyin artmasını körükləyirlər.

Təxminən 15 il əvvəl həmin güclər Türkiyədən Ermənistanla sərhədlərin açılmasını tələb edirdilər. Hətta buna dair sənəd də imzalanmışdı. Rəsmi Ankara İrəvandan Azərbaycan torpaqlarını işğaldan azad etməsini tələb edirdi. Ermənilər isə “əvvəl sərhədi açın, sonra biz də şərtinizə əməl edərik” deyirdilər. Müvafiq sənəd imzalansa da, Ermənistan Türkiyənin şərtinə əməl etmədi. Sonralar Türkiyə bu sənədi ləğv etdi.

 

Azərbaycanın məlum şərtlərinə əməl etmək üçün Ermənistan yenə bu üsulu tətbiq etməyə səy göstərir. Sülh sazişi imzalandıqdan sonra konstitusiyanı dəyişəcəklərini, ATƏT-in Minsk qrupunun ləğvini istəyəcəklərini bildirirlər. Necə deyərlər, “Axan suya iki dəfə girmək olmaz”.

Başqa tərəfdən isə 1988-ci ildən 2020-ci il noyabrın 10-dək Azərbaycana qarşı bu qədər ədalətsizlik etmiş Ermənistana inanmaq olmaz. Onlar törətdikləri əməllərə görə bu etibarı itiriblər. Bunun üçün Nikol Paşinyanın verdiyi quru vədlər, açıqlamalar yetərli sayılmır. Çünki onlar hələ də Azərbaycan ictimaiyyəti üçün yalançı, saxtakar olaraq qalırlar...(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam