“Rusiya təyyarəsinin vurulması tərs sillə effekti idi”
Türkiyənin Rusiyaya məxsus təyyarəni vurmasından sonra yaranmış gərgin situasiya Azərbaycanda da diqqətlə izlənilir və istər mediada, istərsə də sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb.
Xeberinfo.com: Məlumata görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada bildirib: "Əvvəla, pilotları Türkiyə tərəfi deyil, əraziyə nəzarət edən türkman silahlı qüvvələrinin döyüşçüləri vurub. Təbii ki, türkmanlar də bunu qisas hissi ilə ediblər. Bilirsiniz ki, xeyli vaxtdır Rusiya təyyarələri dinc türkmanları bombalayır və Türkiyə də dəfələrlə buna etirazını ən sərt diplomatik dillə bildirib. Əlbəttə, mən hesab edirəm ki, Türkiyə o təyyarəni vurmamalıydı və çalışmalıydı ki, Rusiya ilə münaqişədən qaçsın. Amma mən düşünmürəm ki, Türkiyə bu qərarı təkbaşına verib. Yəqin ki, Türkiyə NATO üzrə müttəfiqləri ilə məsləhətləşəndən sonra belə bir qərar verib. Türkiyə artıq bir neçə dəfə xəbərdarlıq etmişdi ki, rus təyyarələri onların hava məkanını pozurlar. Hesab edirəm ki, Rusiyanın Türkiyənin çağırışlarına məhəl qoymaması, eyni zamanda görünür, Türkiyəyə “qorxma, vur” deyilməsi sonda belə bir situasiyanın yaşanmasına gətirib çıxardı.
Mən əminəm ki, Ərdoğana belə bir təminat verilmədən heç bir halda riskə getməzdi. Hadisədən dərhal sonra Barak Obamanın Ankaranı dəstəkləməsi bunun sübutudur. Nəzərə almaq lazımdır ki, Putinin hazırda Rusiyadakı reytinqi və yürütdüyü xarici siyasət dünyaya meydan oxuyan bir siyasətçi obrazı üzərində qurulub. Amma təyyarənin vurulması onun bu məğlubedilməz imicini kifayət qədər zədələyir. Putin də bunun fərqindədir. Rusiyanın Krımda çox qısa müddətdə çox az itki hesabına nəhəng hərbi zəfər əldə etməsi Putini xeyli ruhlandırmışdı və onun böyük bir sərkərdə obrazını yaratmışdı. Amma etiraf etmək lazımdır ki, belə bir məqamda rus təyyarəsinin Türkiyə tərəfindən vurulması Ərdoğanın Putinə vurduğu tərs şillə effekti verdi. Ona görə də əgər təminatı olmasaydı, mən düşünmürəm ki, Türkiyə belə bir riskə gedərdi.
Hazırda ən çətin sual budur ki, Azərbaycan bu məsələdə necə davranmalıdır? Düşünürəm ki, Azərbaycan bu məsələdə mövqe ortaya qoymamalıdır. Yəni bir tərəfdə bizə qardaş olan bir Türkiyə, qarşı tərəfdə də böyük qonşumuz Rusiya var. Ona görə də bu münaqişədə tərəflərdən hansısa birinin mövqeyini müdafiə etmək kökündən yanlış olardı. Düşünürəm ki, türk qardaşlarımız da vəziyyətimizi yaxşı anlayır və bilirlər ki, əgər sabah Rusiya Azərbaycanın üstünə gəlsə, onların Azərbaycanı müdafiə etmək imkanları sıfıra bərabərdir. Yəni biz bu acı reallığı birinci Qarabağ savaşında görmüşük. Halbuki o vaxt torpaqlarımızı Rusiya yox, Ermənistan işğal edirdi və baxmayaraq ki, Ermənistanın arxasında Rusiya dayanmışdı, Moskva özü bu münaqişədə açıq şəkildə tərəf kimi çıxış etmirdi. Ona görə də mən düşünmürəm ki, sabah Rusiya Azərbaycanın üzərinə gəlsə, Türkiyə birinci Qarabağ savaşından fərqli mövqe ortaya qoyacaq. Digər tərəfdən, bizim Rusiyanı da dəstəkləməyimiz doğru olmazdı. Çünki bu hadisəyədək Rusiya əsassız olaraq dinc türkmanları bombalayırdı, aqressor kimi davranırdı. Etiraf etmək lazımdır ki, Türkiyənin ixtiyarı öz əlində deyil və NATO Ankaraya bu icazəni də verməz.
Vaxtilə Azərbaycanın çox tanınmış diplomatlarından biri bir neçə millət vəkili ilə söhbətində deyirdi ki, bir dəfə rəhmətlik Heydər Əliyev türkiyəli həmkarı Əhməd Necdət Sezəri yoxlamaq istəyir və görüş zamanı ona deyir ki, xalq məndən Qarabağın hərbi yolla azad edilməsini tələb edir. Təsəvvür edin ki, hətta Əhməd Necdət Sezər ona öz sözünü bitirməyə aman vermir və deyir ki, sayın Haydar bəy, NATO-nun izni olmadan biz sizə bir kurşun da verə bilmərik. Bunlar çoxumuzun bildiyimiz acı faktlardır. Vaxtilə Əbülfəz Elçibəy ürək ağrısı ilə söyləyirdi ki, mən Kəlbəcərin işğalı ərəfəsində 3 dəfə Dəmirələ telefon açaraq sadəcə mülki əhalini qırğınlardan qurtarmaq üçün mülki helikopter istədim, hər dəfə bəhanə gətirərək iki mülki helikopter ayırmaqdan imtina etdi. Dəmirəl axırda məcbur olub Elçibəyə etiraf edib ki, siz məni başa düşün, bu, Türkiyənin münaqişəyə müdaxilə etməsi kimi yozula bilər və bu da Rusiyanı qəzəbləndirər. Ona görə də mən hesab edirəm ki, bu cür qorxaq siyasi liderləri olan bir dövlətin Rusiya təyyarəsini vurması sadəcə öz iradəsinin nəticəsi ola bilməz. Biz Ərdoğanı da kifayət qədər tanıyırıq və onun yürütdüyü siyasəti yaxından izləyirik. Heç kimə sirr deyil ki, Ermənistanla bütün ticarət əlaqələri qurulub, ermənilər də Türkiyədə sərbəst gəzib dolanırlar. Ona görə də Ermənistanla sərhədlərin rəsmən bağlı qalması sadəcə Azərbaycana siyasi və mənəvi dəstəkdən başqa heç nəyi ifadə etmir.
Yəni sərhədlərin bağlı olması Ermənistan üçün heç bir iqtisadi məhrumiyyət yaratmayıb. Bu bağlama simvolik xarakter daşıyır və Türkiyə - Ermənistan ticarət dövriyyəsi artıq 300 milyon dolları keçib. Azərbaycanın da indiki gərginləşən situasiyada edə biləcəyi odur ki, hər iki ölkə ilə normal münasibətləri qoruyub saxlasın. Eyni zamanda, hər iki ölkə ilə münasibətlərin yüksək səviyyədə olmasından istifadə edərək çalışmalıdır ki, bu münaqişə daha da dərinləşməsin. Çünki dərinləşsə, bundan ən çox ziyanı Azərbaycan çəkəcək. Əlbəttə, böyük dövlətlər üz-üzə gələndə kiçik dövlətlərin edə biləcəyi az şey qalır. Amma biz də çalışmalıyıq ki, nəyə gücümüz çatırsa, bu münaqişənin ən qısa zamanda həllini tapmasına öz töhfəmizi verək".