Politoloq: “İki ölkənin anlaşması üçün şərtlər çox münasibdir”
Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd yaxın vaxtlarda Rusiyanın paytaxtında danışıqlar apara bilər. Bu barədə “Aydınlıq” qəzeti jurnalist Çətinər Çətinə istinadla məlumat yayıb.
O, görüşün Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə keçirilə biləcəyini vurğulayıb. Bildirilib ki, görüşün yekun tarixi Rusiya prezidentinin Türkiyəyə səfəri zamanı razılaşdırılacaq: “Tezliklə Putin Türkiyəyə gələcək, səfərin nəticələrinə əsasən bir gün təyin olunacaq və Moskvada Ərdoğanla Əsəd arasında görüş təşkil olunacaq. Şəxsən mən hadisələrin inkişafını məmnuniyyətlə və maraqla izləyirəm”.
Məlumatla bağlı rəsmi açıqlama verilməyib.
Belə məlumatları mötəbər saymaq olarmı? Ərdoğan gerçəkdənmi Əsədlə barışır? Niyə məhz indi? Rusiyanın marağı nə? Barışıq baş tutarsa, region üçün, Türkiyə və Azərbaycan üçün əhəmiyyəti nə olacaq?
Sona Əliyeva
Milli Məclisin sabiq üzvü, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Yaxın Şərqdə baş verən hadisələr fonunda Türkiyə və Suriya arasında mülayimləşmə xəttinin start götürməsi mümkündür: “Ankara Qərblə olan dalğalı münasibətlər fonunda Yaxın Şərqdəki bəzi düyünləri çözmək istəyir. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, bu yaxınlaşmaya sövq edən əsas faktorlardan biri ötən ilin oktyabrında başlayan İsrail-Fələstin savaşıdır. Ankara Tel-Əvivə qarşı Dəməşqlə ortaq mövqedən çıxış etmək istəyir. Bir müddət əvvəl İraq və Misirlə də bu cür yaxınlaşma elementlərini müşahidə etdik. Ankara ərəbdilli ölkələri yenidən çəkici eyni nöqtəyə, ortaq düşmənlərin həssas nöqtələrinə vurmaq üçün hərəkətə keçir.
İkincisi, Türkiyə dövləti yüz il əvvəl çıxdığı tarixi ərazilərinə yenidən qayıtmaqda israrlıdır. Təbii ki, bu, yeni əsrin reallıqları fonunda gerçəkləşə bilər. Söhbət siyasi-iqtisadi münasibətlərin daha da dərinləşdirilməsindən gedir. Üçüncüsü, Ankara Qərblə olan fikir ayrılıqları fonunda Suriya kartından istifadə etmək istəyir. Yəni Rusiya ilə birgə addımlar ataraq Qərb koalisiyasını regiondan sıxışdırıb çıxarmaq niyyətindədir. Bu, Rusiya və İranın da maraqlarına uyğundur. Belə ki, qardaş Türkiyə Suriyadan Qərb qoşunlarının çıxarılması fonunda şimal və cənub qonşumuzla birgə addımlar ata bilər. Yəni Ankara yeni dünya düzənində öz regionunda daha qüvvətli oyunlar planlaşdırır. Bu baxımdan da Bəşər Əsədlə yaxınlaşma, hətta “U” dönüşü mümkündür. Söhbət ondan gedir ki, bu, Əsəd-Ərdoğan yox, Ankara-Dəməşq yaxınlaşmasıdır. Bu yaxınlaşmanı regional və çoxvektorlu təhdidlər şərtləndirir. Üstəlik, Ankara Suriyadakı türkmənlərlə bağlı da müəyyən addımlar atmaq niyyətindədir. Yəni gələcək gedişlərdə Türkiyə “Suriya türkmənləri” kartından da istifadə edə bilər. Ankara Dəməşqlə yaxınlaşmaqla Qərbə də ismarış göndərmək istəyir. Demək istəyir ki, regional problemləri regionun əsas oyunçuları ilə çözmək mümkündür və sizə bu regionda ehtiyac da yoxdur. İndiki məqamda Türkiyə ilə yaxınlaşma prezident Əsəd üçün də müsbət tendensiyadır. Çünki 4 milyona yaxın suriyalı Türkiyə torpaqlarındadır və Suriya dövləti onları geri qaytarmaqda israrlıdır. Türkiyə və Suriya yaxınlaşması istənilən halda bölgənin maraqlarının xeyrinə ola bilər".
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədlinin fikrincə, Ərdoğan-Əsəd münasibətlərinin normala dönməsi ölkəmizin də maraqlarına tam şəkildə uyğundur: “Putinin vasitəçiliyi ilə Ərdoğan-Əsəd görüşünün baş tutması haqqında məlumatlar 3 ildir dövriyyəyə buraxılıb. Hesab edirəm ki, bu cür məlumatları etibarlı saymaq olar. Ərəb baharı zamanı Türkiyənin bir neçə ərəb ölkəsi - daha doğrusu, hakimiyyəti ilə münasibətləri korlanmışdı. İndi yavaş-yavaş bu münasibətlər düzəlir. Türkiyənin Əsəd rejimi ilə münasibətlərinin normallaşmasını region üçün müsbət hal kimi dəyərləndirmək lazımdır. Güclənən Türkiyə-Azərbaycan tandeminin düşmənləri də artmaqdadır, ona görə bəzi cəbhələrdə vəziyyəti normallaşdırmaq lazımdır ki, eyni anda bir neçə cəbhə ilə savaşmayasan”.
Kənan Rövşənoğlu
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlunun sözlərinə görə, iki ölkənin barışması üçün şərtlər çox münasibdir: “Ərdoğan və Bəşər Əsəd arasında görüş daha əvvəldən planlaşdırılırdı. Rusiya Suriya və Türkiyə dövlət başçılarını bir araya gətirməyə çalışır. Məqsəd, əlbəttə, Suriyada münaqişəyə son qoymaq, Türkiyənin təsiri altında olan müxalif qrupları Suriya dövləti ilə hansısa formada barışığa gətirmək, radikal qrupları Suriyanın şimalından uzaqlaşdırmaqdır. Hazırda Suriyanın şimalında radikal qrupların nəzarət etdiyi İdlibdə gərginlik yüksəkdir, əhali radikal qrupların vilayətdəki özbaşınalıqlarından narazıdır. Digər tərəfdən, İŞİD son günlərdə xeyli fəallaşıb, hücumlar təşkil edir. Əlbəttə, bunlardan daha çox Türkiyə üçün daha ciddi problem kürdlər mövzusudur. Kürdlər Suriyanın şimalında faktiki olaraq 4 vilayətdə hakimiyyət qurub, formal olaraq qeyri-rəsmi vilayət yaradıb. Ən pisi odur ki, kürd "vilayətinin" rəsmi status alması riski var və ABŞ ordusunun kürd bölgələrində qalması onlar üçün təminat funksiyası daşıyır. Kürdlərin, xüsusən də radikal solçu və PKK müttəfiqi olan kürdlərin Suriyada siyasi status alması Türkiyənin maraqlarını təhdid edir. Maraqlıdır ki, kürd mövzusu həm də Suriya hakimiyyətini narahat edir. Rəsmi Dəməşq kürdlərin status almasına, ölkənin federal subyektlərə bölünməsinə qarşıdır. Bu mövzuda Dəməşq və Ankaranın mövqeləri üst-üstə düşür. Yəni düşünürəm ki, sadaladığımız şərtlər altında hazırda Ankara və Moskvanın bir masa arxasında oturması ehtimalı yüksəkdir. Lakin müxaliflərin taleyi, Suriyanın şimalında yerləşmiş Türkiyə ordusunun taleyi kimi mövzularda ciddi fikir ayrılıqları var və düşünürəm ki, yaxın müddətdə bu mövzularda ortaq mövqeyə gəlmək asan olmayacaq. Lakin qeyd etdiyim kimi, indi iki ölkənin barışması üçün şərtlər çox münasibdir".(musavat)
Cavanşir ABBASLI