Seçkilər niyə növbədənkənar keçirilir və ya YAP-çı deputat nəyə eyham vurur?
Yenixeber.org: Milli Məclisin plenar iclası zamanı YAP-çı deputat Elman Nəsirovun Azərbaycanda seçkiləri zəruri edən səbəblərlə bağlı açıqlaması ictimai maraq doğurub. Deputat növbəti ildə dünyanın bir çox ölkələrində, xüsusən də Rusiya və ABŞ-da keçiriləcək seçkilərin dünyada geosiyasi reallıqlar yaradacağını söyləyib.
“Bu da seçkilərin keçirilməsini zəruri edən amillərdəndir”, - deyə Nəsirov söyləyib.
Öz növbəsində Mili Məclisin sədri Sahib Qafarova Elman Nəsirovun fikirləri ilə razılaşmadığını, Azərbaycandakı seçkilərin ABŞ və Rusiyadakı seçkilərlə heç bir əlaqəsi olmadığını bildirib.
Maraqlıdır, həqiqətən də, Azərbaycanda 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar seçkilərin ABŞ və Rusiyadakı seçkilərlə hansısa bağlantısı varmı?
Prezidentliyə namizədliyi irəli sürülən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib ki, seçkilərin vaxtından əvvəl keçirilməsinin ciddi səbəbləri var: “Bu səbəblər bizə məlum deyil. Cənab İlham Əliyev bu barədə daha dəqiq bilir. Bunun Azərbaycan xalqına da zərəri yoxdur. Bu, Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Görünür belə hesab edib ki, seçkilərin vaxtından əvvəl keçirilməsi daha düzgün qərardır. Əslində, seçkinin keçirilməsi üçün iki ildən az bir müddət qalmışdı. Bunun tezləşdirilməsi normal qəbul edilməlidir. Hesab edirəm ki, bu, kifayət qədər əsaslandırılmış bir qərardır”.
Həmsöhbətimizin sözlərinə görə, rəhbəri olduğu partiya bu qərarı təqdir edir və seçki prosesində fəal iştirak edəcək: “Artıq namizədliyim rəhbərim olduğu partiya tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib və ilkin olaraq qeydə alınıb. Qanunla müəyyən edilmiş saya müvafiq olaraq imzaların toplanmasını həyata keçiririk. Hesab edirəm ki, seçkilər ədalətli keçiriləcək. Demokratik seçkilər Azərbaycana qarşı yönələn anti-demokratik çağırışlara və yanaşmalara layiqli cavabdır. 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində əldə edilən tarixi zəfərdən və suverenliyimizin tam bərpasından sonra bu seçki Azərbaycanın dünyadakı əhəmiyyətini daha da gücləndirəcək”.
“Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev mövzuya dair şərhində qeyd edib ki, Azərbaycan parlamentli respublikaya keçidə hazırlaşır: “Növbədənkənar seçkilər buna hazırlıq məqsədi daşıyır. Bu seçkilərdən sonra İlham Əliyev daha 7 il hakimiyyətdə qalacaq. Çünki faktiki olaraq seçkilərdə onun rəqibi yoxdur və heç şübhəsiz ki, qalib də özü olacaq. Bu seçkilərdən sonra isə daxildə ciddi islahatlar aparılacaq”.
“Referendumun keçirilməsi, ardınca da yeni idarəetmə sisteminin formalaşması gözlənilir. Bundan sonra növbədənkənar parlament seçkilərinin keçiriləcəyini ehtimal edirəm. İlkin olaraq yarıparlamentli, yarırespublikalı bir sistem yaradılacaq. Parlamentin də təkcə majoritar deyil, eləcə də proporsional qaydada formalaşcağını düşünürəm. Yəqin ki, bütün bunlarla yanaşı, iqtidarın daxilində də ciddi dəyişikliklər həyata keçiriləcək. Hansı ki, neçə illərdir buna hazırlıq gedirdi”, - deyə analitik vurğulayıb.
Əliyev hesab edir ki, prezident seçkiləri vaxtında keçirilsəydi, bu, hakimiyyət üçün müəyyən risklər yarada bilərdi: “Növbəti 7 il üçün bu məsələni gündəmdən çıxarırlar. Son vaxtlar hakimiyyətin atdığı addımlar, həbslər, ABŞ və Qərbə qarşı ictimai hücumlar da bunun tərkib hissəsidir. Yəni, hakimiyyət Qərbi məlum təzyiqlərdən çəkindirmək istəyir. Maksimum rahat bir seçki keçirmək istəyirlər”.(AYNA)