Politoloq: “Ermənistan Azərbaycanın sülh təklifinə müsbət cavab verməli, saziş imzalanmalıdır. Əks halda...”
Yenixeber.org: Azərbaycanın bütün ərazilərində suverenliyi dünən rəsmən bərpa olundu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dünən Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltdı. Bununla da 35 ilə yaxındır başlayan Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycan ərazisində separatizmin kökünü kəsdi. Artıq 35 ilə yaxındır ki, işğalda olmuş Azərbaycan şəhərlərində - Xocalıda, Ağdərədə, Xankəndidə də Azərbaycan bayrağı dalğalanır.
Xankəndidə Azərbaycan Dövlət Bayrağını qaldıran Prezident İlham Əliyev şəhərin mərkəzi meydanında çıxış etdi, mesajlar səsləndirdi. Ekspertlər hesab edirlər ki, Ali Baş Komandan bundan sonrakı mərhələdə nələrin olacağının anonsunu etmiş oldu.
Politoloq Samir Hümbətov suallarımızı cavablandırarkən öncə xalqımızı təbrik edib:
- Əvvəlcə başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan tarixinin ən şanlı günlərindən birini yaşayırıq. Eyni zamanda, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa arzulayıram. Bu şərəfli günləri bizə yaşadan onlardır. Əlbəttə, bu gün tarixi bir gündür və biz bu tarixi həm yaradırıq, həm yaşayırıq, həm də gələcək nəsillərə ötürürük. Burada danılmaz həqiqət var ki, bu tarixi qələbənin memarı cənab Prezidentimizdir. Bəzi liderlər olur ki, onlar nadirən dünya siyasətinə gəldikdən sonra həm dövləti uğurla idarə edirlər, həm də sərkərdəlik bacarıqlarını uğurla həyata keçirirlər. İqtisadiyyatı böyük olan, problemləri olmayan böyük dövlətlərin başında dayanmaq, onu idarə etmək elə də çətin deyil. Amma kiçik dövlətin rəhbəri olmaq və uğurlar qazanmaq hər siyasi liderin bacaracağı iş deyil. İlham Əliyevin liderlik bacarığı ilə biz son 200 ilin problemini həll etdik.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın yerləşdiyi coğrafiya olduqca mürəkkəbdir. Bölgəmizin mürəkkəbliyi ondan ibarətdir ki, böyük dövlətlərlə əhatə olunmuşuq və bu dövlətlərin hər birinin öz maraqları var. Burada zərgər dəqiqliyi ilə siyasət aparmaq və uğurlu nəticələr almaq üçün həm zamana, həm də uzaqgörən strategiyaya malik lider lazımdır. Bu, sıradan məsələ deyil. 2003-cü ildən sonra, cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonrakı 20 illik dövrdə Azərbaycanın ən ağır və ağrılı probleminin həlli istiqamətində çox işlər görüldü. Son 20 illik dövrü zəfərə gedən dövr adlandırmaq olar. Bu dövr ərzində ordu quruculuğu yüksək səviyyədə aparıldı və ortaya 44 günlük müharibə ilə işğala son qoyan ordu formalaşdı. Eyni zamanda, iqtisadiyyat inkişaf etdirildi, ölkəmiz böyük iqtisadi gücə malik oldu. Beynəlxalq siyasət zərgər dəqiqliyi ilə aparıldı, dünya dövlətləri ilə ikili münasibətlərdə, müttəfiqliklərdə uğurlar əldə olundu. Bizim haqq səsimiz dünyada daha çox eşidilməyə başladı. Ermənistan Azərbaycandan verilən sülh mesajlarını geri çevirdi, nəticədə güclü və qüdrətli Azərbaycan ərazilərini hərbi yolla işğaldan azad etmək qərarı verdi. Ordumuzun gücü ilə zəfər qazanıldı. Xankəndidə dünən ucaldılan Azərbaycan Dövlət Bayrağı 44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi idi.
- Prezidentin Xankəndidən Ermənistana və dünyaya verdiyi mesajları necə qiymətləndirmək olar?
- Həmin mesajları bir neçə istiqamətdən qiymətləndirmək olar. Birincisi, Ermənistana mesaj verildi ki, Azərbaycan heç zaman tutduğu yoldan dönməyəcək, İrəvan xarici havadarlarına güvənməməlidir. Bəzi revanşist dairələr ağıllarını başlarına toplamalıdırlar. Ölkə başçısı faktiki olaraq, separatizmin kökünün kəsildiyini və bir daha Azərbaycanın ərazi bütövlüyünün pozulmasına imkan verilməyəcəyini bəyan etdi. Əgər bundan sonra Ermənistan ərazi iddiası ilə hansısa təxribata əl atarsa, başının əziləcəyini gözününü önünə gətirməlidir. İkincisi, Ermənistana havadarlıq edən xarici dairələrə mesaj verildi ki, Azərbaycan müstəqil dövlətdir və kimsə Bakının haqlı tələblərinə qarşı çıxa bilməz, kimsə Azərbaycanı yolundan döndərə bilməz. Bəzi dairələr hesab etməsinlər ki, təzyiqlər qarşısında Azərbaycan geri çəkiləcək, xeyr, bu, olmayacaq. Ona görə də Ermənistana öz maraqları naminə dəstək verən qüvvələr anlamalıdırlar ki, Ermənistana yaxşılıq yox, pislik edirlər. Bunu İrəvanda oturan Paşinyan hökuməti də anlamalıdır.
- Bundan sonrakı mərhələdə proseslər necə olmalıdır və ya olacaq?
- Rəsmi Bakının İrəvana sülh çağırışı var. Ermənistan Azərbaycanın sülh təklifinə müsbət cavab verməli, saziş imzalanmalıdır. Bu, Azərbaycandan çox Ermənistana lazımdır. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, bütün ərazilərində suverenliyini bərpa edib. Bundan sonra Ermənistanın hakimiyyəti ağıllı qərar verməli, özlərinin xeyirinə olan sülh sazişinə imza atmalıdırlar. Əks halda, miskin və dilənçi dövlət olaraq qalacaqlar. Zaman keçdikdə isə dövlətçiliklərini də itirəcəklər. Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq, sülh şəraitində yaşamaqla müəyyən layihələrdə iştirak etməklə iqtisadi dvidentlər qazanmaqdır. Bunun üçün ərazi iddialarına birdəfəlik son qoyulmalıdır. Saxta “soyqırımı” iddialarını bir kənara atmalıdırlar, 200 ildir ermənilərin beynində olan saxta ideologiyanı beyinlərindən rədd etməlidirlər. Əks halda, onlar üçün çətin olacaq.
Bundan sonrakı mərhələdə həm də Azərbaycan uzun illərdir işğalda olmuş ərazilərdə bərpa-quruculuq işlərini davam etdirəcək, bu işlər sürətləndiriləcək. Vaxtilə yurd-yuvalarından didərgin salınmış azərbaycanlılar doğma torpaqlarına qayıdırlar. Qayıdış prosesinə start verilib. Hesab edirəm ki, antiterror tədbirləri nəticəsində nəzarətimizə keçən şəhərlərimizə də insanlarımızın dönüşü sürətlə gedəcək.
- Qondarma rejimin İrəvana qaçmağı bacaran tör-töküntüləri indi də “mühacirət hökuməti” adı ilə fəaliyyətlərini davam etdirmək niyyətindədirlər...
- Bunlar mənasız işlərdir ki, məşğul olurlar. Qarabağdakı separatçı qondarma rejim tarixin zibilliyinə atıldı. Azərbaycan lideri Xankəndidə xuntanın “hökumət binası” adlandırdığı binada oldu, oradan həmin avantüristlərə mesajını verdi. Həmin “hökumət binası”nın üzərində indi Azərbaycan gerbi var, Azərbaycan Dövlət Bayrağı dalğalanır. Gözlərini açıb buna baxsınlar. Xuntanın başında dayanan terrorçuların Bakıda istintaq təcridxanasında olduqlarını və layiqli cəzalarını alacaqlarını məncə “mühacirət hökuməti” deyənlər anlamalıdırlar. Araikin, Bakonun, Arkadinin, Vardanyanın, Babayanın və digər həbs olunan cinayətkarların durumu onlara dərs olmalıdır. Prezident də Xankəndinin mərkəzi meydanında çıxış edərkən bu xəbərdarlığı bir daha etmiş oldu.
Qaldı ki, “etnik təmizləmə” iddialarına, bunlar da mənasız iddialardır. Azərbaycan reinteqrasiya təklifini verib, Qarabağın cinayət törətməmiş erməni sakinlərinə Azərbaycan cəmiyyətinə reinteqrasiya etmələri üçün addımlar atılır. Kimlər istəyəcəksə, Azərbaycan vətəndaşlığını qəbul edə, qanunlarımız çərçivəsində bayrağınmız altında yaşaya bilər. İstəməyən də çıxıb gedəcək, kimsə onları zorla Qarabağda saxlamaq yaxud da ki, zorla Qarabağdan çıxarmır.(AYNA)