Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qranada görüşündən imtina və ya Brüssel formatının iflası - "Sülh masası" yenilənir?

Analitik: “Bundan sonra əsas masa dördtərəfli formatda – Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan formatında qurula bilər”

Yenixeber.org: Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Qranada şəhərində bu günə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Qeyd edək ki, bu gün Qranadada Avropa Siyasi Birliyinin sammiti işə başlayıb. Gözlənilirdi ki, sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Beştərəfli formatda keçirilməsi planlaşdırılan görüşdə digər üç iştirakçı – Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts iştirak edəcəkdi. Amma Azərbaycan lideri görüşdən imtina etdi. İmtinanın səbəbi ilə bağlı yayılan məlumatda qeyd edilib ki, Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb.

Səbəblər sırasında Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

“Belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər. Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər. Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək”, - deyə imtina ilə bağlı yayılan qeyri-rəsmi məlumatda vurğulanıb.

Mövzu ilə bağlı suallarımızı cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Prezident İlham Əliyev Qranada görüşündən imtina etməklə Ermənistanın üstünlük qazanmaq imkanını əlindən aldı, o cümlədən, Fransanın rəhbərliyi altında Avropanın bölgədəki proseslərə müdaxiləsini məhdudlaşdırdı. Analitik qeyd edib ki, Avropanın mövqeyinin açıq şəkildə Ermənistanın mövqeyinə yaxınlaşdığı müşahidə edilir:

-İstisna deyil ki, Qranadada Bakının müəyyən öhdəliklər götürməsinə çalışacaqdılar. Hətta Paşinyan sənədin hazır olduğunu da iddia edir. Əgər belə bir sənəd olubsa, orada Zəngəzur dəhlizi məsələsi, yəni 10 noyabr razılaşmasının 9-cu bəndinə görə Ermənistanın Naxçıvana maneəsiz keçid vermək öhdəliyi yer almayacaq. Bu görüş dördün birə nisbətində - Almaniya+Fransa+Avropa İttifaqı+Ermənistan Azərbaycana qarşı baş tutacaqdı. Əgər əvvəlki görüşlərdə Avropa İttifaqı və Almaniyanın müəyyən neytrallığı var idisə, artıq bu neytrallıq aradan qalxıb. Bu vəziyyətdə Azərbaycan Türkiyənin də masada təmsil olunmasını istəyib. Ən azı balansın qorunması baxımından bu vacib idi, lakin bundan imtina etdikləri üçün Əliyev Qranadaya getmədi. Və bununla həm Ermənistanın sülh danışıqları üzrə bir addım önə çıxmasının qarşısını aldı, həm Azərbaycanın mövqeyinin zəifləməsinə imkan vermədi, həm də Avropanın sülh danışıqlar üzərindən bölgəyə müdaxiləsinin, erməni maraqlarını müdafiə etməsinin qarşısını aldı.

- Prosesi başladan Avropa İttifaqının Bakının imtinasına reaksiyası hansı səviyyədə olacaq?

- Avropa İttifaqının mövqeyinin kəskinləşəcəyi aydındır. Rəsmi Bakı bunu gözləyir, hərçənd, Brüsselin praktiki müstəvidə ciddi addım ata biləcəyi gözləntisi azdır. Birincisi, Azərbaycanın Avropanın enerji bazarıdna rolu əhəmiyyətlidir, bu amili kənara ata bilməzlər. İkincisi, Cənubi Qafqazda, həm də bu bölgə üzərindən Asiyanın siyasi xəritəsində yer almaq istəyirlərsə, bunu Azərbaycansız edə bilməzlər. Ermənistan üzərindən edilən cəhdlərin nəticəsi əvvəlcədən bəllidir. Məsələn, Əliyev Qranadadan imtina edərək, bir gedişlə onların bütün planlarını poza bildi. Fikrimcə, Fransa Avropa strukturlarını Azərbaycana daha çox təzyiq etməyə sövq edəcək. Hərçənd, bunun ciddi nəticəsi gözlənilmir. Lakin Fransanın bu siyasəti Avropanın öz daxilində fikir ayrlığı vəd edir. Çünki Şarl Mişel uğurlu Brüssel formatı yaratmışdı, o cümlədən, Almaniya zəif mövqelərə malik olduğu Cənubi Qafqazda neytrallığı ilə müəyyən rol qazana bilərdi. Lakin Parisin Aİ-yə rəhbərlik etməsindən istifadə edərək həyata keçirdiyi siyasət ümumilikdə Avropanın gələcək siyasətini təhlükə altına salır. Bu baxımdan, fikir ayrlığı gözləniləndir.

- Bakının şərtlərindən biri Türkiyənin də masada olması olub. Sizcə, Avropa İttifaqı bu şərtə perspektivdə isti yanaşacaqmı?

- Avropa proseslərdə iştirak edə bilmək üçün bu şərtə - Türkiyənin masada olmasına razı olmalıdır. Bunun əksi mümkün olmayacaq, əvəzində qeyd etdiyim kimi, Avropa proseslərdən uzaqlaşdırılacaq. Lakin Ankaranın iştirakına razı olub-olmamaları Avropa İttifaqı daxilində siyasi balansın dəyişib-dəyişməyəcəyindən asılı olacaq. Fransanın üstün olduğu hazırki vəziyyətdə bu, bir az çətin görünür.

- Ümumiyyətlə, bundan sonra Brüssel formatının perspektivi nə qədərdir?

- Brüssel formatı faktiki olaraq qeyri-işlək vəziyyətdədir. Buna səbəb də Şarl Mişrlin Makronun çətiri altına keçməsidir. Bu mövqe dəyişməsə, Brüssel formatını da Fransanın vasitəçiliyinin taleyi gözləyir. Yəni Brüssel də oyundan kənarda qalacaq. Digər tərəfdən, Bakı artıq Brüssel formatından ala bildiyini alıb. İndiyə qədər bu format Qərbdə Minsk Qrupu formatına alternativ olaraq istifadə edilirdi və buna nail olduq. Eyni zamanda, Rusiyaya qarşı alternativ olaraq irəli sürürdük. Çünki kommunikasiya və sərhəd məsələsində Rusiya masasındakı şərtlər daha çox bizim xeyrimizə olsa da, Qarabağ məsələsində fikir ayrlığı var idi və Bakı Qarabağ məsələsini siyasi olaraq, Qərb masasında həll etdi. Sonda Rusiya anladı ki, Qarabağ məsələsində Azərbaycanla üz-üzə gəlmək onun regional maraqlarına təhlükə yaradır. Bu baxımdan, Moskva antiterror tədbirlərinə neytral yanaşdı. Azərbaycan artıq öz sərhədləri daxilində problemi həll edib, bundan sonra Ermənistanla sülh danışıqlarının əsasını kommunikasiya və sərhəd məsələsi təşkil edəcək ki, bu məsələdə Qərbin sərgilədiyi mövqe bizim maraqlarımıza çox da uyğun deyil. Bütün bunların fonunda Brüssel formatının arxa plana keçə biləcəyi gözləntisi daha çoxdur. 

- Brüssel prosesinin pozulması Moskvanın mövqelərini gücləndirə, sülh prosesini Rusiya tam nəzarətinə götürə bilərmi?

- Rusiyanın istəyi budur, lakin bölgədəki vəziyyət Moskvanın tam istədiyi kimi olmayacaq. Brüssel formatının arxa plana keçməsini Rusiyanın bölgədə güclənməsindən daha çox, Qərbin zəifləməsi kimi qiymətləndirə bilərik. Əslində Qarabağda antiterror tədbirlərinin regional hədəfi də bu idi. Çünki Qərbin müdaxiləsi, xüsusilə son dövrlər “humaniatr fəlakət” iddiaları üzərindən Fransanın aktivliyi bizim əleyhimizə olduğu kimi, Rusiyanın da əleyhinə idi. Buna görə Moskva Bakının Qarabağı terrorçulardan və separatçılardan təmizləməsinə səssiz qaldı. Beləliklə, Bakı və Moskva arasında Qarabağla bağlı fikir ayrılığı aradan qalxdı, əvəzində regionda kommunikasiyanın açılması məsələsində mövqelər daha da yaxınlaşdı. Belə demək mümkünsə, Rusiya Qarabağda mövcudluqdan imtina edərək, bölgədəki mövqelərini qorumaq, regiondan kənar oyunçuların – Qərbin müdaxiləsinin qarşısını almaq ssenarisi üzrə hərəkət etdi. Bundan sonra əsas masa fikrimcə, dördtərəfli formatda – Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan formatında qurula bilər. Əliyevin Qranadaya getməkdən imtina etməsinin perspektiv hədəfləri arasında bu da var. Bölgə Rusiyanın tam nəzarətinə keçmir, Rusiya və Türkiyənin birgə nəzarət edəcəyi vəziyyətə gəlir. Qərb buna qarşı təzyiqlər edəcək, amma müdaxilə imkanları praktiki olaraq çox da deyil. Ümumilikdə isə bu bölgə uğrunda mübarizənin yeni mərhələsinin başlandığını deyə bilərik.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam