Azərbaycandan “Paşinyan xarici işlər nazirini istefaya göndərsin, danışıqlar yeni nazirlə aparılsın” tələbi səsləndi
Yenixeber.org: Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Xəbər verildiyi kimi, görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Toivo Klaar dövlətimizin başçısının Azərbaycan xalqına 20 sentyabr tarixli müraciəti, həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirib.
İlham Əliyev öz növbəsində Azərbaycan xalqına 20 sentyabr tarixli müraciətində Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı söylədiyi fikirlərə toxunub, onların bütün hüquqlarının - təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını bildirib. O, baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupun yaradıldığını, bu İşçi qrupun əsas funksiyalarının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli olduğunu, Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırıb.
Prezident hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib.
Yada salaq ki, Klaar Bakıdan bir gün öncə İrəvanda olub.
“Yaranmış şəraitdə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması şansları daha yüksəkdir”.
Bu sözləri isə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində bildirib.
Öz növbəsində Türkiyə xarici işlər naziri Hakan Fidan hesab edir ki, “Azərbaycanın son addımları Cənubi Qafqazda sabitlik və tənzimləmə üçün yeni imkanlar pəncərəsi açıb”.
Bu barədə o, Azərbaycanın lokal antiterror tədbirləri haqda danışarkən deyib.
“Hələ vaxt var, qoy Ermənistan bu fürsəti daha yaxşı dəyərləndirsin”, - Fidan vurğulayıb. O, habelə Qərbi Ermənistanla bağlı daha aktual məsləhətlər verməyə çağırıb: “Əks halda, regionun reallığı ilə bağlı olmayan məsləhət və dəstək problemi həll etmək əvəzinə, Ermənistana daha da xaos və göz yaşı gətirəcək”.
Bəs bu mərhələdə Azərbaycan və Ermənistan arasında sülh anlaşmasının moderatorluğunu (vasitəçiliyi) kim edəcək - Moskva, Brüssel, yoxsa Vaşinqton? Top kimin meydanında?
Gələn həftə - oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bunu Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti bəyan edib. Məlumata görə, bundan əvvəl, sentyabrın 26-da Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə, bu danışıqların hazırlanması çərçivəsində Makron, Şolts və Mişelin müşavirləri ilə görüş keçiriləcək.
İrəvan, nəhayət, tarixi fürsəti düzgün dəyərləndirəcəkmi, Paşinyan “A”dan sonra “B” nə vaxt deyəcək?
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov bildirdi ki, Azərbaycan hər üç formatın heç birindən indiyə qədər imtina etməyib, onların təşəbbüsü ilə keçirilən danışıqlarda iştirak edib və sülh danışıqlarında iştiraka hazır olduğunu dəfələrlə bəyan eləyib: "Azərbaycan üçün bu gün də bu üç format qəbul ediləndir, Azərbaycan haqlı, ədalətli mövqedə olduğu üçün hər üç format Azərbaycan üçün fərq etmir. Azərbaycanın ədalətli haqlı tərəf olması kifayət qədər əsas verir ki, istənilən platformada mövqeyimizi müdafiə eləyə bilsin. Amma Ermənistan üçün bunları söyləmək mümkün deyil. Ermənistan özünü daha çox Avropa İttifaqı və Vaşinqton formatlarında komfortda hiss edir. Paşinyan hesab edir ki, Rusiya formatında danışıqlar onun ziyanına olacaq, çünki bu gün Rusiya-Ermənistan münasibətlərində gərginlik yaşanır. Ona görə də hesab edirəm ki, Paşinyan danışıqlar üçün əsas üstünlüyü Avropa İttifaqı və ya Vaşinqton formatına verəcək. Lakin son hadisələrdə Avropa İttifaqının bizə qarşı qərəzli, beynəlxalq hüquqa uyğun gəlməyən mövqe ortaya qoyub Ermənistanı müdafiə etməsi faktı Bakının onlardan haqlı narazılığına səbəb olub. Yəqin ki, Azərbaycan Avropa İttifaqı formatına öz iradını bildirəcək. ABŞ-ın dövlət katibinin xanım müavininin Senatda Azərbaycana qarşı ədalətsiz, beynəlxalq qanunvericiliyə və Azərbaycan suverenliyinə qarşı fikirlər səsləndirməsi də Azərbaycan tərəfindən qulaqardına vurulmayacaq. Şübhəsiz ki, Vaşinqton formatında danışıqlarda bu narazılığımız da ifadə olunacaq”.
Politoloq dedi ki, Ermənistan tərəfinin spikerləri vasitəsilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin növbəti görüşündə irəliləyişə nail olmaq üçün tam hazır olduqlarını bəyan etməsi İrəvanın düşdüyü hazırkı durumdan irəli gəlir. Amma yenə də bunun arxasında erməni xisləti var: “Ermənistan bir tərəfdən danışıqlara hazır olduğunu bəyan edir, o biri tərəfdən xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycana iyrənc böhtanlar yağdırır, iki xalq arasında düşmənçiliyi qızışdıran sərsəm fikirlər səsləndirir. Bu cür mövqedə olan xarici işlər naziri mövcud olduqca danışıqlarda irəliləyiş əldə etmək çətindir. Ona görə də əgər Paşinyan sülh danışıqlarında həqiqətən maraqlıdırsa, xarici işlər nazirini istefaya göndərməlidir. Mən hesab edirəm ki, Paşinyan Mirzoyan kimi qızışdırıcı mövqedə olan adamı istefa göndərəcək və sülh danışıqları yeni bir normal xarici işlər naziri ilə davam etdiriləcək. Paşinyan 10 noyabr üçtərəfli bəyanatdan irəli gələn bütün məsələlərin həyata keçməsi üçün real addımlar atmalıdır. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistan öhdəlikləri xoşluqla yerinə yetirməlidir. Bu onun özü üçün də faydalı olar. Vaxt udmaq, yayınmaq taktikasının sonda Ermənistanın özünə zərər vurduğuna, nəhayət, Paşinyan əmin olsa, problem həllini tapa bilər”.(musavat.com)
Etibar SEYİDAĞA