Ermənistanın hökumət başçısının Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiyadakı bəzi çevrələri niyə həyəcanlandırıb?
Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında birmənalı və aydın şəkildə keçmiş Dağlıq Qarabağ bölgəsini Azərbaycanın bir hissəsi kimi rəsmən tanımağa hazır olduğunu bildirdikdən sonra erməni revanşistləri və müxalifəti tərəfindən hücuma məruz qalıb.
Ermənistanın Qarabağdan imtinasını Moskvanın Cənubi Qafqazdakı maraqlarına birbaşa təhdid hesab edənlər arasında Rusiya mediası da var. Bəzi rusiyalı ekspertlər daha da irəli gedərək, Qarabağ ermənilərini Abxaziya və Cənubi Osetiya nümunəsi ilə “referendum” keçirib Rusiyaya ilə birləşməyə çağırırlar. Haqqın.az xəbər verir ki, Rusiyada Paşinyanı tənqid və ittihamlara əsasən “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin media holdinqinə daxil olan mediada rast gəlinir. “Vahid Rusiya” Partiyasının üzvü və Tula Regional Dumasının deputatı İlya Stepanova məxsus media holdinq də bu sırada yer alır. Bu yazılarda əsas tezis budur ki, Paşinyanın “Qarabağı təslim etmək” planının0 arxasında ABŞ dayanır və onun əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və hərbi fəaliyyətinə son qoymaqdır. Məsələn, “SM.news” saytında dərc olunan məqalədə deyilir ki, Nikol Paşinyanın Qarabağı “təslim etmək” məqsədi daşıyan “siyasi dastan” başa çatmaq üzrədir. “Birincisi, Paşinyanı Ermənistanın sadə vətəndaşlarının və erməni lobbisinin mövqeyi maraqlandırmır. Təbii ki, Azərbaycan silahlıların təslim olması kimi sırf texniki məsələlər istisna olmaqla, Qarabağ erməniləri ilə heç bir danışıq aparmayacaq. Əslində Paşinyan, sadəcə olaraq, öz vətəndaşlarına xəyanət edib”. Nəşr politoloq Sergey Mixeyevin açıqlamasına istinad edir: “Hətta Paşinyan müxalifətdə olanda onun Qarabağı təslim etməsi üçün Ermənistan rəhbərliyinə hazırlandığı barədə artıq söz-söhbətlər var idi. O, hakimiyyətə gələndən sonra bu söz-söhbətlər öz təsdiqini tapmağa başladı”. “SM.news” “ermənilərə vəziyyətdən çıxış yollarını göstərmək” qərarına gəlib. Nəşr yazır: “Bu vəziyyətdə Qarabağ sakinlərinin üç yolu var: ya qovulma, ya assimilyasiya, ya da referendum keçirib Rusiyanın tərkibinə daxil olmaq. Amma dördüncü-radikal variant da var: Paşinyanın başçılıq etdiyi indiki hakim elitanın boynunu sıxıb ölkənin taleyini öz əllərinə almaq”. Rusiya XİN səviyyəsində Paşinyanın son mövqeyinin qıcıqla qarşılandığını müşahidə etməkdəyik. Açıq şəkildə bu mövqe ifadə olundu, M.Zaxarova səviyyəsində. Göründüyü kimi, bu mövqelər hətta erməni revanşistlərindən də kəskindir. Bəs niyə Priqojinə yaxın media bu “işi” üzərinə götürərək Paşinyan üzərindən Azərbaycanı hədəf alıb?
Deputat Sahib Alıyev bildirdi ki, şimaldan belə anti-Azərbaycan mövqelər gözləniləndir: “Məgər ancaq Priqojinə bağlı mediada Rusiyanın Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi saymasından narazılıq var? Bu narazlıq "Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısında ən yüksək səviyyədə də dilə gətirilmişdi. Və sual olunur, Rusiyada qabardıldığı kimi, ABŞ-ın təkidi ilə yox, Paşinyan ancaq və ancaq öz xalqının maraqlarını nəzərə alaraq Azərbaycanla sülh anlaşması imzalasa, bu, moskvadakıları qane edir? Əlbəttə yox, ona görə də Priqojinə bağlı mediada belə fikirlərin yer alması, “Vaqner”in yaradıcısının öz təşəbbüsü deyil, Qərbə bağlı liberallar qarışıq Rusiyada hələ də içərisində böyük imperiya həsrəti gəzdirənlərin hamısının ortaq yanaşmasıdır".
Maraqlısı budur ki, son günlər rus mediasında Azərbaycana qarşı mövqelər daha çox tirajlanır. Paşinyan sanki Rusiyanın bir hissəsini Azərbaycan ərazisi kimi tanıyıb, Qarabağı yox.
S.Alıyev: “Bu mövqe həmişə olub, sadəcə, indi belə informasiya vibrosu hər iki tərəfə təzyiq məqsədi daşıyır, vəssalam” .
Sahib Məmmədov
Sosial Tədqiatlar Mərkəzinin (STM) icraçı direktoru, hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, Cənubi Qafqazda davamlı sülhün olmamasında maraqlı qüvvələr, mərkəzlər və dövlətlər var: “30 ildən artıq davam edən işğal dövründə də belə idi, indi də belədir. Rusiyanın bəzi hakimiyyət dairələri, Ermənistanın maraqlarından çıxış edən Rusiyadakı ayrı-ayrı vəzifəli şəxslər, deputatlar, hətta hərbi çevrələrin nümayəndələri, müxtəlif media qurumları Rusiya dövlətinin iştirakı olmadan istənilən sülh danışıqları prosesi intensivləşərkən buna qısqanclıqla yanaşırlar. "Vaqner" adlanan və hüquqi baxımdan özəl olan hərbi qruplaşmanın nəzarətindəki mediada başlanmış ritorika da bununla bağlıdır. Paşinyanın ABŞ və Bürüssel danışıqlarından sonra verdiyi açıqlamalar Rusiyadakı bəzi dairələri narahat edir. Onlar belə açıqlamaları ilə həm Azərbaycana, həm də Paşinyan hakimiyyətinə təzyiq etməyə cəhd edir". S.Məmmədov şimaldakı təhlükəli planlar haqda da anons etdi: “Əslində Rusiyada olan bəzi dairələr Qarabağın ermənilər yaşayan hissəsində Dnestryanı tipli bir qondarma qurum yaratmaq üçün ideyalar səsləndiriblər. Bu, birinci dəfə deyil. Amma bu dairələr unudur ki, Qarabağ ərazisi nə Cənubi Osetiya deyil, nə Abxaziya, nə də Dnestryanı. Qarabağda Rusiya pasportları paylanan kimi ermənilər köçüb gedəcək Soçiyə. Onsuz da hazırda Rusiyanın dotasiyasında olan xeyli ərazilər var. O qədər də varlı olmayan və müharibəyə ciddi xərc çəkən Rusiyaya belə bir anklav lazımdırmı? Ümid edək ki, Rusiyaya rəhbərlik edənlər daha praqmatikdirlər və regionda gedən prosesləri, Azərbaycanın qlobal səviyyədə artan nüfuzunu, müstəqil xarici və iqtisadi siyasətini, Türkiyə ilə olan müttəfiqlik münasibətlərini düzgün qiymətləndirə bilirlər”. STM-in icraçı direktoru əlavə etdi ki, bununla belə, sülh danışıqlarının asan getməyəcəyi əvvəldən bəlli idi: “Tərəflərdən biri müstəqil xarici siyasəti olan Azərbaycan, digəri isə böyük güclərin əlində dubinka olan Ermənistandır. Ermənistanın Qərbə doğru sürüşmə meylinə rəğmən o, Rusiyanın forpostu olaraq qalmaqdadır. Ermənistanın iqtisadiyyatı, az qala bütün kommunikasiyası, o cümlədən dəmir yolları Rusiya şirkətlərinin idarəçiliyindədir. Ermənistanda Rusiyanın xarici ölkələrdə olan ən böyük hərbi bazası yerləşir. Ölkənin sərhədlərini də Rusiya sərhəd qoşunları qoruyur. Belə olan halda bu hədələr daha çox Ermənistana yönəlib, nəinki Azərbaycana”. S.Məmmədov qeyd etdi ki, Moskvadakı yüksək səviyyədə görüş ərəfəsində belə ritorika gözlənilən idi: “Paşınyan hakimiyyəti isə çətin durumdadır. Bir tərəfdən xarici basqılar, o biri tərəfdən daxildə olan və xarici qüvvələrə bağlı olan qüvvələrin müqaviməti, ən əsası da yüzillik boyu xəstə ideologiya ilə şüurları manipulyasiya olunan erməni xalqının müqaviməti. Bütün hallarda 3 il bundan əvvəlkindən fərqli olaraq, zaman bizim xeyrimizə işləyir”.
Üzeyir Cəfərov
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov qeyd etdi ki, Rusiya mətbuatında son zamanlar Qarabağla bağlı bəzi absurd fikirlərin peyda olması ona zərrə qədər təəccüblü görünmür: “Onlar zaman-zaman bu mövzuda öz maraqlarından çıxış edərək bəzi reallıqdan uzaq fikirlər səsləndirir və bundan sonra da daha çox yazıların olacağı şübhəsizdir. Sırf rus şovinist mövqeyi, qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətsizlik, absurd "Rusiyaya birləşmək", Paşinyana təzyiq göstərmək kimi çağırışlar olub və bundan sonra da biz belə çağırışların şahidi olacağıq. Nə olur-olsun, nə ermənilər, nə də onlara havadarlıq edən şəxslər öz çirkin niyyətlərinə çatmayacaqlar. Priqojinə yaxın mətbu orqanda bu cür yazıların məhz indiki zamanda dövriyyəyə buraxılması isə onu deməyə əsas verir ki, bu proses idarə olunur. Paşinyanın Qarabağ yükündən azad olmaq üçün səsləndirdiyi fikirlər Moskvanın bölgə barədə planları ilə üst-üstə düşmür və onların uzaqgedən məqsədlərini heçə endirir". Polkovnik bildirdi ki, biz 30 ilə yaxın müddətdə Qarabağda baş verən hadisələrin fonunda kimin nə etməsini yaxşı bilirik və artıq görürük: “İndi də erməni revanşıstlərin yenidən önə çıxarılması o deməkdir ki, maraqlı qüvvələr Qarabağda yenidən vəziyyəti daha da gərginləşdirəcək və tərəflər arasında sülh müqaviləsinin imzalanmasını xeyli gecikdirəcək. Moskvada baş tutacaq görüşdən sonra biz yəqin ki, bəzi suallara cavab tapacağıq”.
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın kifayət qədər üstün mövqedə olduğuna diqqət çəkdi: “Baş nazir Nikol Paşinyan yaxşı bilir ki, Azərbaycanla sülh müqviləsi bağlamasa, Ermənistan iqtisadi blokadada qalacaq və Rusiyanın təsiri ölkəsində həlledici olacaq. Sülh müqaviləsinin bağlanması məhz Qarabağın Azərbaycanın rəsmən və real olaraq tərkib hissəsi kimi qəbul edilməsidir. Paşinyan artıq bu reallığı qəbul edib. Xalq da Qarabağın Azərbaycanın tərkibində olmasını, Azərbaycanın 86.6 min kv.km-lik əraziyə malik olduğunu qəbul edib. Bu açıqlama Rusiyada narahatlıqla qəbul edildi. Rusiya tərəfi Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi rəsmən qəbul edilməsini regionda maraqlarına zidd hesab edir. Uzun illərdir ki, Qarabağ məsələsindən məharətlə istifadə edərək Ermənistanı forposta çevirib, Azərbaycana da təzyiq siyasəti həyata keçirib. Bu rıçaqlar Rusiyanın əlindən çıxdığına görə Ermənistanda Rusiya agenturası və Rusiya mətbuatı Paşinyana, həmçinin Azərbaycana qarşı qara piar aparır. Rusiya da başa düşür ki, Nikol Paşinyanın Azərbaycanla sülh müqviləsi bağlaması Cənubi Qafqazda yeni geosiyasi nizam yaradacaq. Bu da Rusiyanın Cənubi Qafqazdan getməsi ilə nəticələnəcək”.
Digər hiyləgər plana gəldikdə, M.Əsədullazadə qeyd etdi ki, ümumiyyətlə, Qarabağda hər hansı bir referendumun keçirilməsi də mümkün deyil: “İlk növbədə Azərbaycan tam sərhədlərinə nəzarət edir.Qarabağın Rusiya ilə heç bir sərhədi yoxdur. Rusiyanın Xankəndidə bir qrup separatçıdan istifadə etməsi mümkün deyil. Cənab prezident İlham Əliyev strateji siyasət ortaya qoyaraq, Ermənistana Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdirdi. Həmçinin Rusiyanı kifayət qədər neytrallaşdırdı. Rusiyada bir neçə mətbuatın anti-Azərbaycan isteriyası proseslərə təsir edəcək gücdə deyil. Priqojinə yaxın mətbuatın Azərbaycanı hədəf seçməsi əsasən Kremldən verilən tapşırıqdı. Bununla Kreml iz azdırır”.(musavat.com)
E.PAŞASOY