Moskva görüşü ərəfəsi Ermənistanda ciddi narahatlıq nə ilə bağlıdır?
Məlumdur ki, həftəsonu-mayın 19-da Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşü planlaşdırılıb. Bu görüş ərəfəsi İrəvanda ciddi narahatlıq müşahidə olunmaqdadır. Bu, əsasən sərhəddəki gərginliklə bağlıdır. Ermənistan Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın müşaviri Vladimir Poqosyan erməni mediasına açıqlamasında “Paşinyan sülhdən danışır, amma hər gün itkilərimiz və yaralılarımız olur” deyib: “Nə qədər ki, onun komandası kabinetlərdə oturur, müdafiə naziri və Baş Qərargah rəisi vəzifədədir, nəticələr belə olacaq”.
Yenixeber.org: Poqosyan Moskva görüşü ərəfəsi narahatlığını gizlətməyib: “İstər danışıqlar üçün Praqaya, istərsə də başqa ölkəyə getsinlər, Putin onlara deyəcək: siz bu məsələni mənimlə müzakirə edin. Amma mənim şərtlərim belədir: siz dəhlizi açmalısınız, "artsax"ın statusu ilə bağlı heç bir sual yoxdur, qərar vermək sizin ixtiyarınızda deyil, mən buradayam...” Poqosyan Mariya Zaxarovanın bəyanatını yada salaraq bunun mənasını belə izah edib: “Qərbə getsəniz, Əliyev irəli gedəcək...”
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov düşmənə verilən son cavabın onları təşvişə saldığını bildirdi: “Qərb anlayır ki, Ermənistanın əsassız iddiaları onun maraqlarına cavab vermir və Cənubi Qafqaz regionunda gərginlik və münaqişə ocağı yaradır. Bu hal isə ən çox Moskvanın çıxarlarına uyğundur. Brüsseldən əliboş dönən Nikol Paşinyan Rusiyaya müəyyən jestlər edərək Moskvanın himayəsindən çıxmadığını göstərməyə çalışır. Rusiya da İrəvanın məkrli və xəyanətkar siyasətinə görə Bakı ilə münasibətini korlamaq istəməz. Doğrudur, Kreml ikili oyun oynayır. Həm Bakıya, həm də İrəvana təsirini saxlamaq üçün qondarma Dağlıq Qarabağ faktorundan istifadə etməkdədir. Çünki Qarabağda sülh və əmin-amanlıq olsa, Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşsa, o zaman Rusiyanın regionda qalması bəlkə də mümkün olmayacaq. Lakin ermənilərin son təxribatları zamanı məlum oldu ki, təkcə Rusiya deyil, Fransa da Cənubi Qafqazda sülh istəmir.
Ermənistanın sərhəddə pozuculuq əməlləri və mövqelərimizə dronla hücumunun arxasından fransız mütəxəssisin çıxması təsadüf sayılmamalıdır. Kənar oyunçunun regionda aktiv iştirakı təbii ki, Moskva üçün məqbul deyil. Ermənilərin son dövrlər gözləmədikləri halla üzləşməsi, yəni törətdikləri təxribatlara Azərbaycan tərəfindən sərt cavab verilməsi onları təşvişə salıb.
Çünki indiyədək onların pozuculuq və diversiya hərəkətlərinə bu cür adekvat cavablar verilməmişdi. Görünən odur ki bundan sonra da bu cür olacaq.
Hesab edirəm ki, müəyyən qüsurlara baxmayaraq Azərbaycan doğru xarici siyasi kursu götürüb. Xüsusən də Rusiya ilə strateji müttəfiqliyinə sadiqdir. Bu da imkan verir ki, Şimaldan gələcək təhlükələri və Ermənistanın revanşist davranışlarını neytrallaşdıra bilsin. Erməniləri də özündən çıxaran budur. Erməni ictimaiyyəti anlamalıdır ki, xəyanətlə uzağa getmək olmaz. Və Paşinyanın da dediyi kimi, Rusiya məğlub olsa, Ermənistan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinə bilər. Ona görə də hər nə qədər manevr etsələr də, Rusiyanın orbitindən Ermənistanın çıxması mümkün deyil. Əliyevin irəli getməsini şərtləndirən Azərbaycanın qüdrətli dövlət olması, güclü ordusu, xalqın iradəsinə arxalanması və düzgün xarici siyasət yürütməsi və imzasına sadiqliyidir".
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə bildirdi ki, ritorika gedərək dəyişilir: “Artıq müzakirə masasında Dağlıq Qarabağ ifadəsi yoxdur. Artıq Laçın koridoru ifadəsi işlədilmir. Diplomatik masalardakı müzakirə mövzuları Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, regional kommunikasiyaların açılışı, Qarabağda yaşayan etnik erməni azlığın haqları məsələsi, o cümlədən humanitar məsələlər, yəni hərbi əsirlər və minalardan təmizləmədir. Bu, danışıqlar prosesinin gündəliyini müəyyən edən və istiqamətverici qüvvəsinin qalib Azərbaycan tərəfi olduğunu sübut edir. Artıq bütün tərəflər sülh müqaviləsinin yaxın zamanlarda imzalana biləcəyini təxmin edir. Xüsusilə iyun ayında Kişinyovda baş tutacaq Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısına dair böyük ümidlər var. Belə ki, müqavilənin Vaşinqtonda imzalanmayacağı kimi, Moskvada da imzalanması ehtimal edilmir. Lakin təbii olaraq, həm Vaşinqton, həm də Moskva danışıqların əsas vasitəçilərindən biri, ciddi təsir qüvvəsi olaraq qalırlar. Burada xüsusilə Rusiya amili vurğulanmalıdır. Rusiya regionun tarixi keçmiş sahibi kimi, öz imperial ənənələrindən gələn xüsusiyyətləri daşıyan xarakterik bir aktor kimi, prosesə birbaşa yön vermək qabiliyyətini qoruyur. Rusiya hazırda Qərbə meyl edən Ermənistana nəinki hərbi, hətta siyasi dəstəyini də səngidib. Odur ki, Ermənistanın satın aldığı silahlar ölkəyə çatmır. Ermənistan artıq ”1 zənglə" istədiyinə nail ola bilmir. Təbii ki, Azərbaycanın əldə etdiyi uğurların fonunda erməni tərəfinin təxribatları artır. Xüsusilə Ermənistanla Azərbaycan arasında aparılan hər bir sülh danışığı günü və öncəsi bu təxribatların olması artıq ənənə halına gəlib. Odur ki, 19 may öncəsi sərhəd təhlükəsizliyinin artırılması mütləq əhəmiyyət kəsb edir. Lakin Ermənistanın atacağı hər bir destruktiv addım Azərbaycanı daha da irəliyə aparacaq. Necə ki, 2020-ci ildə Vətən müharibəsindən sonra aparılan hər bir hərbi əməliyyatdan ölkəmiz qazancla çıxıb, ötən il 12 dekabrda başlanan ekoaksiya da Azərbaycanın milli iradəsinin təntənəsi ilə yekunlaşdı, eləcə də bundan sonrakı istənilən erməni təxribatının nəticəsi Azərbaycanın daha böyük nailiyyətlər əldə etməsi olacaq".
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı erməni tərəfin təxribatlarını artıra biləcəyini zənn edir: “Müdafiə nazirinin müşavirəsi ordunun döyüş qabiliyyətinin yoxlanılması və mövcud vəziyyətin müzakirəsi baxımından zaman-zaman atılan addım olsa da, diplomatik və hərbi müstəvidə son baş verənlər fonunda təxribatlara hazırlıq məqsədi daşıdığı da aydındır. Eyni zamanda həm də Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi təxribatın diplomatik masadakı gündəliyi dəyişmək, üzərinə götürdüyü öhdəliklərdən yayınmaq məqsədi daşıdığı bəllidir. Xüsusilə Fransanın moderatorluq edəcəyi Kişinyov görüşünə qədər buna nail olmağa çalışırlar. Lakin bu görüşə qədər Brüssel görüşünün keçirilməsi, eləcə də XİN rəhbərlərinin Moskvada bir araya gələcəyi İrəvanın maraqlarına uyğun gəlmir. Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü şifahi də olsa tanımağa məcbur oldular. Moskvada isə üçtərəfli razılaşmaların icrası gündəmə gələcək. Və bu vəziyyətdə Paşinyanın Kişinyov planı mənasızlaşır. Xüsusilə Rusiyanın təşəbbüsü yenidən ələ almaq istəkləri var. Moskva bunun üçün imza atdığı üçtərəfli razılaşmalarda irəliləyişə nail olmalıdır, bu razılaşmaları pozan tərəf də Ermənistandır. Ona görə də İrəvan ətrafında təzyiq dalğası böyüyür və gözləniləndir ki, İrəvan sərhəd boyunca təxribatları genişləndirsin. Bu təxribatlar qeyd etdiyim kimi, öhdəliklərdən yayınmaq, gündəliyi dəyişmək cəhdi ilə yanaşı, həm də Rusiyanı fakt qarşısında qoymaq, "Ermənistanın təhlükəsizliyində rol oynamır" ittihamlarına əsas yaratmaqdır. Bu da Moskva danışıqlarına hesablanıb. Azərbaycan müdafiə nazirinin keçirdiyi müşavirə, ordunu hazır vəziyyətə gətirməsi də mümkün təxribatlara hazırlıq məqsədi daşıyır. Moskvada Paşinyanın oyununu anlayırlar, istisna deyil ki, Rusiya Qərbə üz tutan və onun vasitəçiliyinə alternativ yaradan Ermənistanı “ağıllandırmaq” üçün Azərbaycanla təkbətək buraxsın, ordumuz mümkün erməni təxribatlarına qarşı adekvat addımlar atacağı təqdirdə neytral mövqe sərgiləsin".(musavat.com)
Cavanşir ABBASLI