"Ermənistan regionda əhalisinin 99 faizi bir etno-konfessional qrupdan ibarət yeganə dövlətdir"
"Ermənistan bizim regionda əhalisinin 99 faizi bir etno-konfessional qrupdan ibarət yeganə cəmiyyət və dövlətdir".
Yenixeber.org: Bu fikirləri Milli Məclisin deputatı Nigar Arpadarai deyib.
O, Ermənistan baş naziri Nikol Paşinyanın “Ermənistanın guya monoetnik dövlət olması və tərkibində etnik azlıqların olmaması ilə bağlı Azərbaycan Ermənistana qarşı yeni ittihamlar irəli sürür. Bu cür ifadələr Ermənistanın daxili işlərinə kobud müdaxilədir. Ermənistanda nəinki milli azlıqlar var, onların Milli Assambleyada mandatı var və buna Konstitusiya zəmanət verir” sözlərini xatırladıb. Deputat bildirib ki, Ermənistan nəinki monoetnik dövlət statusuna malikdir, regionda əhalisinin 99%-i bir etno-konfessional qrupdan ibarət yeganə cəmiyyət və dövlətdir:
"Ermənistanın bütün qonşu ölkələrinə baxın: Türkiyə, İran, Gürcüstan, Azərbaycan. Onların hamısı çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdir. Daha da irəli gedin: Rusiya, İraq, Qazaxıstan, Ukrayna, Türkmənistan, Əfqanıstan, Pakistan, İsrail. Dünyanın bu hissəsində monoetnos olmaq mümkün deyil. Qitənin bütün tarixi buna ziddir. Siyasi sistemindən, dinindən asılı olmayaraq heç bir dövlətdə belə vəziyyət yoxdur".
N.Arpadarai vurğulayıb ki, Ermənistan bir neçə onilliklər ərzində ardıcıl olaraq, irqçilik və ksenofobiya siyasətini apararaq, 21-ci əsrə bu biabırçı statusda qədəm qoyub: "Çoxmillətli İrəvan və Zəngəzur torpaqları irqi cəhətdən ‘təmiz’ cəmiyyət qurmaq üçün sınaq meydanına çevrilib. Erməni ekspansionizminə himayədarlıq etməyə davam edərək, bu siyasəti birbaşa və dolayı yolla dəstəkləyən xarici siyasətçilərə ayıb olsun. Ermənistan Konstitusiyasına gəlincə isə: mövcud olmayanı müdafiə etmək asandır".
Qeyd edək ki, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu son 3 ildə Ermənistanda insan haqları ilə bağlı vəziyyətin pisləşdiyini qeyd edir.
Rəsmi rəqəmlərə əsasən, 2022-ci il iyun 6-na olan məlumata əsasən Ermənistanda 2100-dən çox etirazçı saxlanılıb: “Polis həm etirazçılara, həm də aksiyaları işıqlandıran KİV nümayəndələrinə qarşı sərt davranıb. İrəvanın Proşyan küçəsində keçirilən mitinqlər zamanı polisin etirazçılara səs bombaları atması nəticədə onlarla insan yaralanıb”.
Hesabatda qeyd edilib ki, bu ölkənin siyasi partiyalarının və məhkəmə orqanlarının nümayəndələri də təqiblərə və həbslərə məruz qalıblar.
Bildirilib ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın əmlakı həbsdə saxlanılır.
“Ermənistan Ədliyyə Nazirliyi Aparatının Qanuniliyə Nəzarət Müfəttişliyinin keçmiş rəhbəri Norayr Panosyan vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs olunub”, - hesabatda vurğulanıb.
Hesabatda həmçinin bildirilib ki, siyasi səbəblərdən bir sıra vətəndaşların Ermənistana girişinə qadağa qoyulub.
Bundan başqa, Ermənistanda media nümayəndələrinə qarşı təzyiq və hücum hallarının artması da qeyd edilib.