“UKRAYNA VƏ ABŞ BAXMUTLA ƏLAQƏDAR “STAVKANI” QALDIRIR...” -Şəhər təhvil verilmir və “Vaqner” üçün məzara çevrilir
“Ukrayna müdafiə qüvvələri Baxmut şəhəri uğrunda döyüşləri “Vaqner”-in elit bölmələrini məhv etmək üçün davam etdirəcək”.
Yenixeber.org: Bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) Ukrayna hərbi-siyasi rəhbərliyinin Baxmutu sonadək müdafiə etmək qərarına dair şərhində bildirib.
İnstitutun mütəxəssisləri hesab edirlər ki, Baxmutun müdafiəsi artıq Ukrayna üçün strateji əhəmiyyət kəsb etməyə başlayıb və bu, şəhər ətrafına toplaşmış rus ordusunun tərkibi və heyətilə bağlıdır.
Yazıda qeyd olunur ki, məqsəd bölgədəki “Vaqner” və digər hücum qruplaşmalarını mümkün qədər çox sayda məhv etməkdir ki, onlar sonrakı daha vacib əməliyyatlarda iştirak edə bilməsinlər.
Məsələ ondadır ki, Rusiya hərbi rəhbərliyi son zamanlar Baxmut ətrafına ordunun ən yüksək döyüş qabiliyyətli və hazırlıqlı qüvvələrini, desant birləşmələrini cəlb etməyə başlayıb. Eyni zamanda, “Vaqner”-in öz sıralarına yeni məhbusları qatmaq imkanından məhrum olması, bu özəl şirkətin də özünün daha təcrübəli və hazırlıqlı qüvvələrini döyüşə atmağa vadar edib. Bu isə Ukrayna Ordusuna imkan verir ki, həmin qüvvələri müdafiə döyüşlərində məhv etsin.
Bu arada “Vaqner”-in başçısı Yevgeni Priqojinin son açıqlamaları göstərir ki, o, öz döyüşçülərini Baxmut ətrafında kütləvi şəkildə itirməkdən narahat və narazıdır. Hətta belə görünür ki, Priqojin Baxmutu “Vaqner” üçün tələ hesab etməyə başlayıb və bu işdə Rusiya Müdafiə Nazirliyindən şübhələndiyini gizlətmir. Çünki “Vaqner”-in “ət maşını”na göndərilməsi və sialh-sursatla lazımi səviyyədə təmin edilməməsi Priqojini təcrübəli döyüşçülərindən məhrum edə bilər. Bu isə Priqojinin zəifləməsi nüfuzunun azalması deməkdir.
ISW hesab edir ki, Ukrayna komandanlığının Baxmutu təhvil verməmək qərarı Rusiyanın aparıcı hərbi qüvvələrinin zəiflədilməsinə səbəb olacaq: “Bu, həm ABŞ-ın, həm də Ukraynanın maraqlarına uyğundur və onlar Baxmut uğrunda döyüşlərdə stavkanı qaldırırlar”.
Baxmut ətrafındakı vəziyyətlə bağlı Böyük Britaniya kəşfiyyatı da maraqlı hesabat yayıb. Orada deyilir ki, bu döyüşlərdə hər iki tərəfin döyüş qabiliyyətli bölmələrinə ağır zərbə dəyir. Buna baxmayaraq, Ukrayna qüvvələri sentyabrın 7-də vəziyyəti stabilləşdirə və Baxmutun şimalında hücuma keçən Rusiya birləşmələrini geri ata biliblər. Həmçinin, bildirilir ki, Baxmut uğrunda döyüşən Rusiya qüvvələrinin silah-sursat və mərmi təminatıyla bağlı ciddi problemləri var.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hərbi-siyasi rəhbərliyinin Baxmutun müdafiəsilə bağlı qərar qəbul etdiyini bəyan edib.
Prezident deyib ki, ordu komandanlığı ilə keçirilən iclasda yekdil səslə Baxmutun müdafiəsinin davam etdirilməsi barədə qərar qəbul olunub. “Azpolitika”