Türkiyədə təbii fəlakətdən sonra Ermənistandan yardım İrəvanla yaxınlaşmanı sürətləndirib, sərhədlərin açılmasını Avropa İttifaqı və ABŞ təqdir edir, bəs Azərbaycan üçün təhlükəsi varmı?
Yenixeber.org: Türkiyədə baş verən dağıdıcı zəlzələ Ankara-İrəvan münasibətlərində ciddi dəyişikliklərə səbəb olub.
Daha əvvəl xəbər verildiyi kimi, İrəvan təbii fəlakətdən Türkiyə ilə 2021-ci ildə başlayan, lakin ciddi nəticələrə gətirib çıxarmayan danışıqları irəlilətmək üçün stimul kimi istifadə etmək naminə müəyyən addımlar atır: belə ki, zəlzələdən bir gün sonra baş nazir Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi, həmin gün Ermənistan öz xilasedicilərini Türkiyəyə göndərdi, ötən həftə son 35 ildə ilk dəfə olaraq ölkələr arasında quru sərhədi açıldı, Ermənistandan 100 ton humanitar yardım daşıyan yük maşınları zəlzələ bölgəsinə getdi... Bu səfər ərəfəsində Ermənistan zəlzələ bölgəsinə humanitar yardımla dolu ikinci karvan da göndərib. Habelə, fevralın 15-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankaraya səfər edib.
Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra Mirzoyan deyib ki, "İrəvan Ankara ilə münasibətlərin tam normallaşmasına və ölkələr arasında sülhün bərpasına hazırdır". “Bu çətin dövrdə Türkiyədə olduğum üçün sizi əmin etmək istərdim ki, bölgədə sülhü bərpa etməyə, o cümlədən Türkiyə ilə diplomatik münasibətlər qurmaq üçün onunla münasibətləri tam şəkildə normallaşdırmağa hazırıq”. Xarici işlər naziri həmçinin bildirib ki, ölkələr Ermənistan və Türkiyə sərhədində yerləşən Ani körpüsünü birgə təmir etmək niyyətindədirlər. Öz növbəsində Türkiyə XİN rəhbəri qeyd edib ki, iki ölkə arasında yerüstü əlaqənin açılması üçün infrastrukturun hazırlanması prosesinin sürətləndirilməsi ilə bağlı Mirzoyanla razılıq əldə edib. “Hər iki tərəfdə sərhəd-keçid məntəqələrinə yaxın yollarda və körpülərdə aparılan təhlil və yoxlamaların nəticələri var. İş gedir, sərhəd-keçid məntəqələrinə gedən yollarla bağlı atacağımız addımlar var. Bu gün biz bu tədbirlərin qəbulunu sürətləndirmək üçün razılaşdıq”, - Çavuşoğlu bildirib.
Serdar Kılıç
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç isə deyib ki, Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcək. Onun sözlərinə görə, tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək: “Bu gün Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər”. Ermənistanın Türkiyə ilə münasibətləri yeni mərhələyə keçirmək üçün yönəlmiş səyləri Qərbin də diqqət mərkəzindədir. Məsələn, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və Gürcüstan böhranı üzrə ekspert Toivo Klaar “Tvitter”də Mirzoyanın Türkiyəyə səfərini qeyd edib: “Bu, köməyə ehtiyacı olan qonşuya dəstək vermək qərarından sonra tarixi səfərdir. Ümid edirik ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin inkişafının əlamətidir”. Klaar həmçinin Ermənistanın humanitar yardım göndərməsini alqışlayıb: “Türkiyədə baş verən dəhşətli faciə kontekstində qonşu Ermənistanın göstərdiyi dəstəyi və ondan sonra gələn müsbət reaksiyanı görmək ümidvericidir”.
Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer onilliklər boyu davam edən düşmənçiliyin arxa plana keçdiyini deyib və ehtiyacı olan insanlara dəstək göstərildiyindən təsirləndiyini qeyd edib. “35 ildə ilk dəfə olaraq zəlzələdən zərərçəkənlərə yardımın çatması üçün sərhəd-keçid məntəqəsi açıldı. Ermənistan 100 ton yük və axtarış-xilasetmə qrupu göndərib”, - Pauer yazıb.
Aydındır ki, indilikdə nə Türkiyənin, nə Azərbaycanın İrəvana hansısa şərtləri xatırlatmağının yeri və zamanı deyil. Azərbaycanın bəzi ekspertləri hələ Mirzoyanın səfərindən öncə sərhədlərin açılmasına birmənalı münasibət bildirmir. Məsələn, “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev hesab edir ki, “Türkiyə-Ermənistan sərhəd keçidinin humanitar yardımlar üçün indiki açılması həmişəlik və hər cür əməkdaşlıq üçün açılım olsa, bu, Azərbaycana böyük ziyandan başqa heç bir faydası olmayan hadisə olacaq”. A.Quliyev daha sonra yazıb: “Zəlzələdən sonrakı müddətdə ehtiyac olduğu vaxta qədər Türkiyə-Ermənistan sərhəd keçidinin humanitar yardımlar məqsədilə açıq saxlanması başadüşüləndir. Lakin Azərbaycanda bəzi "dil pəhləvanı" ekspertlər tapılıb ki, artıq Türkiyə-Ermənistan sərhədlərinin çoxçeşidli və həmişəlik açılmasından və bu açılımın “iqtisadi-siyasi faydalarından” nağıllar qoşmağa başlayıblar. Belələri üçün sanki zəlzələ Türkiyə-Ermənistan sərhədlərinin açılmasını zəruri və mümkün edən həlledici motiv oldu..."
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan rəsmiləri təmaslara başladılar, hər iki tərəf danışıqlarda təmsilçi təyin etdi. Politoloqun xatırlatmasına görə, Ermənistandan danışıqlara parlamentin sədr müavini Ruben Rubenyan başçılıq edir: “Tərəflər iki ölkə arasında sərhədin açılması mövzusunu aylardır müzakirə edirdilər. Zəlzələ prosesi sürətləndirdi. Böyük ehtimalla, sərhəd bundan sonra qapadılmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq. Sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. Ermənistan Azərbaycana qarşı təxribat edərsə və bu, növbəti müharibəyə səbəb olarsa, Türkiyə-Ermənistan sərhədi yenidən bağlanacaq. Sərhədin açılması ilə Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələrinə start verilə bilər. Bu, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığını artıracaq”. Analitikin sözlərinə görə, Rusiya Ermənistana məhsullarını çatdırmaq üçün Gürcüstanın dağ yollarından istifadə etməlidir: “Bu yollar qış aylarında keçilməz olur və Ermənistana ciddi problemlər yaradır. Ermənistan üçün qonşu ölkə ilə sərhəddən keyfiyyətli Türkiyə məhsullarını əldə etmək daha faydalıdır. Digər tərəfdən, Ermənistan öz məhsullarını Türkiyəyə ixrac edə bilər. Fikrimcə, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığının artmasının Azərbaycan üçün təhlükəsi yoxdur. Türkiyə-Ermənistan sərhədinin açılması və iki ölkə arasında iqtisadi münasibətlərin qurulmasının Zəngəzur dəhlizinin açılmasına təsiri ola bilərmi? Bu, Ermənistan hakimiyyətinin mövqeyindən asılıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın siyasi təsirindən qurtulmaq və regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyədən sonra Azərbaycanla da danışıqları intensivləşdirməli, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Ancaq Nikol Paşinyanın bu varianta üstünlük verməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtdir. O, buna hazır deyilsə, bütün digər məsələlər yarımçıq qalacaq”.
Siyasi şərhçi Asif Nərimanlı yada salır ki, Ermənistan Türkiyə ilə münasibətlərin “şərt” olmadan qurulmasını hələ işğal dövründə istəyirdi. “44 günlük müharibədən sonra qurulan təmaslarda da Azərbaycan faktorunun danışıqlara təsirindən narazıdır. Ankara isə İrəvanla danışıqları Bakı ilə məsləhətləşmələr çərçivəsində aparır və əsas şərt Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanmasıdır. Danışıqlarda Bakı faktorunu qəbul etməyən İrəvan Ankara ilə münasibətlərin əhəmiyyətini də anlayır, xüsusilə qərbmeylli oriyentasiya seçən Paşinyan hakimiyyəti üçün Türkiyə sərhədinin açılması "nəfəslik" deməkdir. Və bu, təkcə Rusiyadan qaçış üçün yox, həm də Azərbaycanın Ermənistanı “dalan ölkəsi”nə çevirmək siyasətinə qarşı çıxış yoludur",- deyə təhlilçi hesab edir.
Asif Nərimanlı
Onun sözlərinə görə, bu kontekstdə zəlzələni sərhədin açılması üçün fürsət olaraq dəyərləndirirlər və istisna deyil ki, Paşinyan ictimai qınağa rəğmən, “yardıma qaçmaqla” bu perspektivi də düşünüb: “İrəvanda hesab edirlər ki, sərhədin humanitar yüklər üçün açılması başlanğıcdır və zəlzələdə Türkiyənin yanında olmaları qapıların davamlı açıq qalmasına zəmin yarada bilər. Sərhədin bundan sonra açıq, yaxud bağlı qalmasından asılı olmayaraq, rəsmi Ankaranın Bakının maraqlarına zidd getməyəcəyi aydındır. Lakin Türkiyədə hakimiyyət dəyişikliyi perspektivində şərtlərin dəyişməsi ehtimalı da var: Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün vaxtilə Sürix protokollarını təşkil edən Qərb bunu dəstək verdiyi yeni hakimiyyətlə daha asan həyata keçirə bilər və bu halda Bakının istəklərinin nəzərə alınacağı ehtimalı az görünür. Bu baxımdan, Ermənistanın ”humanitar yardımı"nın həm də gələcəyə hesablanmış “siyasi kapital” olduğunu demək mümkündür". “Müsavat”