Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson tezliklə Ukraynaya səfər edə və prezident Vladimir Zelenski ilə görüşə bilər.
Yenixeber.org: Bu barədə cümə axşamı "The Guardian" qəzetinin saytında məlumat yayılıb.
Consonun Kiyevə səfəri hazırda Britaniya hökumətinə və hakim Mühafizəkarlar Partiyasına rəhbərlik edən Rişi Sunakın nüfuzunu sarsıtmağa yönəlib.
Nəşr Tory partiyasının yüksək vəzifəli üzvlərinə istinad edərək yazır ki, mühafizəkarların bəziləri onun səfərinin ötən ilin noyabrında Kiyevə ilk səfər edən Sunakın Zelenski ilə arasında münasibətləri gərginləşdirməyə başlanğc ola biləcəyindən narahatdır.
“Münaqişənin bitməsinə çox az qalıb. Borisə Dauninq-strit 10 ünvanını tam dəstəklədiyinə şübhə etmək üçün heç bir əsas verilməməli və onun səfəri London və Kiyev arasında rəsmi rabitə kanalları vasitəsilə ötürülən siqnallara mane olmamalıdır”, - deyə Britaniya parlamentinin İcmalar Palatasının Müdafiə Komitəsinin sədri Tobias Ellvud nəşrə bildirib.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Conson yaxın bir neçə ay ərzində Kiyevə səfər etmək planlarını dostları ilə bölüşüb. Ukraynadakı mənbələr Consonun həqiqətən belə planlarının olduğunu təsdiqləsələr də, səfərin tam olaraq nə vaxt baş tutacağı ilə bağlı heç bir məlumat verə bilməyiblər. Hazırda Britaniya parlamentinin üzvü olan Consonun sözçüsü şərh verməkdən imtina edib.
Bir sıra qalmaqallardan sonra istefa verməyə məcbur olan Conson hələ də bir çox partiya üzvlərinin dəstəyini alır və ukraynalılar arasında populyardır.
Britaniya mediası onun bu yaxınlarda Aİ-dən çıxmaq kampaniyasına dəstək verən britaniyalı iş adamı Kristofer Harborndan 1 milyon funt sterlinq (1,2 milyon dollar) ianə almasını Consonun uzun müddət böyük siyasətdə qalmaq niyyətinin təsdiqi kimi görür. Natiqlikdən də yüz minlərlə funt-sterlinq qazanan Conson indi siyasi məqsədlər üçün ona bağışlanan vəsaitin miqdarına görə Leyboristlərin lideri Sayrus Starmeri yan keçərək liderlik edir.