“YOLA NƏZARƏT VARDANYAN LAYİHƏSİNİN DAĞIDILMASIDIR” –“Proses artıq milli müstəviyə çatıb”
Politoloq Fərhad Məmmdov aksiya müddətində əldə olunmuş ilkin nəticələri təhlil edib. Onun şərhini təqdim edirik:
- Tərəflər öz mövqelərini açıqladılar və sona qədər dayanmağa hazır olduqlarını nümayiş etdirdilər. Azərbaycan aksiya yerində artıq lazımi infrastruktur qurub, hətta dünən futbola baxılırdı, insan resursu da kifayət qədər var. Ermənistan və Qarabağ erməniləri hərtərəfli müdafiəyə və şikayətlərə keçiblər – bu günə qədər ən yaxşı edə bildikləri budur. Rusiya ilk gün vasitəçilik etdi və gözləmə mövqeyi tutdu, qərarların verilməsində məsuliyyət daşımadı, Azərbaycanın tələblərini çatdırdı və Ermənistanın cavabını dinlədi. Bu mövqe Rusiyanın 44 günlük müharibədəki mövqeyinə bənzəyir, yeganə fərq odur ki, indi Rusiya “yerdədir”, lakin mandatsızdır. Tərəflərdən biri digərinin şərtlərini qəbul edənə qədər gözləyəcəklər;
- Laçın yolu taleyi baş verən hadisələrin əsas mövzusudur. Azərbaycan yola nəzarəti öz üzərinə götürməyi hədəfləyib. Bir neçə ay ərzində Bakı faktlar nümayiş etdirdi: İran diversantlarının şəkillləri təqdim olundu - Volkov bu faktı etiraf etməli oldu, daha sonra mədəndən hasil olunan filizin 2021-ci ildə Ermənistandan ixracının videosu yayıldı və s. Rusiya sülhməramlılarının Azərbaycanda müvəqqəti qalma zonasında proseslərin dinamikası hadisələrin sürətləndirilməsinə şərait yaradıb;
- Azərbaycan üçün yola nəzarət vacibdir - bu, reinteqrasiya prosesinin başlanğıcıdır, Qarabağ erməniləri arasında utopik miflərin məhv olması, "Vardanyan layihəsi"nin dağıdılmasıdır.
Digər tərəfdən, əgər Ermənistan yalan danışmırsa və doğrudan da silahlı qüvvələrini Qarabağdan çıxarıbsa, Qarabağa silah-sursat, mina vermirsə, qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul deyilsə, o zaman Azərbaycanın Laçın yoluna nəzarət etməsinə niyə etiraz etməlidir?! Sadəcə Üçtərəfli Bəyanata imza atdığına görə?! Deməli, burada məsələ Ermənistanın təqdim etdiyi kimi deyil, onun yerinə yetirmədiyi başqa məsələlər var!
Hamı - Qərbdən ABŞ, Aİ; Şimaldan isə Rusiya problemi səmimi şəkildə həll etmək istəyirlərsə, Bakıya zəng edərkən, Şərqi və Cənubi Qarabağ ərazisinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf etməlidirlər. “Qarabağ Azərbaycandır”, “Xankəndi" , Ağdərə və Xocavənd - Azərbaycan” yazıb bunu açıq şəkildə ifadə etmək lazımdır. Yoxsa, Bakıda mövqeyə qulaq asıb, amma ona heç bir önəm verməmək olmaz. Proses artıq milli müstəviyə çatıb və bütün tərəddüd edənlər qətiyyətlə qərar verməlidirlər.
Laçın yolunda gedən proseslər həm də vasitəçilər üçün sınaqdır. Azərbaycan vasitəçiləri yoxlayır: Prosesdə Qarabağ erməniləri və Azərbaycanla Ermənistan arasındakı problemin ümumi paketdə həllini görürlərmi? ABŞ və Aİ-nin təqdim etdiyi sülh müqaviləsi layihəsində iştirak edən tərəflər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi prosesini Qarabağdakı hadisələrdən asılı vəziyyətə salacaqlarmı? Çünki bu, Azərbaycanın daxili işidir. Bu, vasitəçilərin səmimiyyətinin, dürüstlüyünün sınağıdır. “Azpolitika”