İran hər zaman DÜŞMƏN MÖVQEDƏ OLUB... -FAKT BUDUR!
Son zamanlar İranın Azərbaycana qarşı bəyanatları, sərgilədiyi anti-Azərbaycan mövqeyi daha açıq şəkildə özünü büruzə verməyə başlayıb. Bundan əlavə, müntəzəm şəkildə İran mediasında Azərbaycana qarşı təbliğat aparılmasının, qeyri-dost fikirlərin səsləndirilməsinin də şahidi oluruq. İranın regionda bu dərəcədə gərginlik yaratmaqda maraqlı olmasına səbəb nədir? Bu məsələlərlə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanla həmsöhbət olduq.
Yenixeber.org: Müsahibimiz İranın hakimiyyətinin Azərbaycana və ümumilikdə türk dünyasına bəslədiyi qərəzli münasibətin köklərindən, regionda törətdiyi təxribatlardan və digər məsələlərdən danışıb.
- Sədrəddin bəy, İran dövlətinin Ermənistanı bu qədər qətiyyətlə, nümayişkaranə şəkildə dəstəkləməsinin səbəbi, sizcə, nədir?
- Söhbət İran dövlətindən yox, İran hakimiyyətindən gedir. İranda 30 milyondan çox Azərbaycan türkü var və onlar İran hakimiyyətindən zülm, işgəncə və ayrıseçkilik görür. İrandakı teokratik rejim fars düşüncə sisteminin, panfarsizmin təmsilçisidir. Bu rejim türk düşmənidir. Eynilə erməniliyin də əsasında türkcülüyə qarşı mübarizə dayanır. İran hakimiyyəti ilə Ermənistanı birləşdirən də məhz türklərə, türkçülüyə qarşı mübarizədir. İran hakimiyyəti İslam, şiə məzhəbi ilə pərdələnir, təməl olaraq isə həmin siyasi-ideoloji xətdədir. Bu, İranın Pəhləvilər dövründən bəri davam etdirdiyi siyasətdir. Pəhləvilər hakimiyyətə gələndən sonra İranda panfarsizm, farsçılıq, vahid millət, vahid dövlət ideologiyası həyata keçirilməyə başladı. O çağa qədər heç bir siyasi xəritədə İran adında dövlət olmayıb. "İran" sözü Əbülqasım Firdovsinin "Şahnamə"sində uydurulmuş bir ölkə kimidir. Bu uydurmanı panfarsçılar gətirib öz ölkələrinin adına qoydular. O vaxta qədər İran ərazisində sülalə hakimiyyəti vardı. İran 1920-ci illərə qədər Qacar sülaləsi tərəfindən qorunan məmləkətlər birliyi idi. Qacarlardan da əvvəl Səfəvilər olmuşdu və s.
İranı son bir il ərzində Ermənistanı belə açıq şəkildə dəstəkləməsinin səbəbi isə budur: İstər cümhuriyyət dövründə, istərsə də indi, İran hakimiyyətində Azərbaycan dövlətinə qarşı həmişə bir qısqanclıq olub və indi də var. Çünki Azərbaycanda Güney Azərbaycan türklərinə nümunə ola biləcək bir dövlət formalaşıb. Nə qədər ki, torpaqlarımız işğal altında idi, İran tərəfi bundan Güney azərbaycanlılara qarşı bir qaxınc kimi istifadə edirdilər, torpaqlarımız işğaldan azad edildikdən sonra isə onlarda bir çaşqınlıq yarandı, çünki bunu heç vaxt gözləmirdi. Ona görə də İranda Azərbaycana qarşı təbliğatlar başladı - istər müharibə dövründə, istərsə də ondan sonra. Azərbaycana qarşı açıq təhdidlər, sərhəddə irimiqyaslı hərbi əməliyyatların keçirilməsi, Azərbaycana güc nümayişi ilə Ermənistnın arxasında dayandığını göstərir, həm də regionda Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığına qarşı alternativ Ermənistan-İran əməkdaşlığı yaratmaq istəyir. Bu məsələdə Rusiyanın da marağı və əli var. Sadəcə Rusiya Ermənistana təsir imkanları baxımından o qədər də aktiv oynaya bilmədiyindən, bu rolu İran oynayır. Azərbaycanın irəli sürdüyü bütün təşəbbüsləri bloklayan da İrandır. Bunu Zəngəzur məsələsinə, Azərbaycanın həmin bölgəni Zəngəzur adlandırmasına İranın qısqanclıqla yanaşması da təsdiqləyir.
- Qeyd etdiniz ki, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığına qarşı alternativ Ermənistan-İran əməkdaşlığının yaranması məsələsində Rusiyanın da əli var. Bəs, İranın son zamanlar regionda yaratdığı gərginlik Rusiya ilə birgə plan ola bilərmi?
- Əslində, İranla Rusiya eyni oyunu oynayır. Azərbaycana qarşı hər zaman müttəfiq olublar, birgə fəaliyyət göstəriblər. 1908-ci ildə Güney Azərbaycan türkləri şaha qarşı etiraz aksiyası keçirirdi, onda Çar Rusiyasının ordusu onları sakitləşdirmişdi. Habelə 1941-ci ildə Sovet qoşunları Güney Azərbaycan ərazisinə yeridilmişdi, 1945-ci ildə isə dekabrda Güney Azərbaycan özünün milli hökumətini elan etdi, amma Sovet qoşunları onların arxasından çəkildi, nəticədə şah Milli hökuməti boğdu. Həmçinin, 1979-cu ildə SSRİ azərbaycanlıların olduğu "Tudə" partiyasına xəyanət etdi və bu, İranda prosesləri ləngitdi, çünki "Tudə" partiyasının proqramında həm də milli zülmə qarşı mübarizə dayanırdı.
Rusiya ilə İran arasında müttəfiqliyi göstərən başqa amil də var. Məsələn, Ukrayna məsələsində Rusiya-İran münasibətlərinin gözəl olduğu açıq aşkar görünür. Məsələn, Putin və Xamenei görüşündə Xameneinin "siz hücum etməsəydiniz, onlar hücum edəcəkdilər" ifadəsini verməsi Rusiyanın işğalçılıq siyasətinin dəstəklənməsi idi. Yaxud da Azərbaycanda sərhəd məsələsi başlayandan sonra İran xarici işlər naziri Abdullahiyan Rusiyaya səfər etmişdi. Rusiyadan qayıdandan sonra isə təzədən bəyanat verdilər ki, regionda sərhədlərin dəyişdirilməsi məsələsi İranın qırmızı xəttidir. 44 günlük müharibə dövründə Rusiyaya məxsus silahların İran vasitəsilə Ermənistana ötürülməsi də Rusiya-İran əməkdaşlığı ilə bağlıdır. Bütövlükdə İran-Rusiya-Ermənistan müttəfiqdirlər və bu, region üçün təhlükə yaradır. Məsələn, Türkiyə, Gürcüstan və Azərbaycan da müttəfiqdir, əməkdaşlıq edir, amma bu əməkdaşlıqdan dünya qazanır, faydalanır. Bunlar çox böyük işlərdir, istər Bakı- Tbilisi-Ceyhan, istərsə TANAP və TAP layihəsi, istərsə də Bakı-Tiflis-Qars dəmiryolu xətti və sairə. Bütün bunlar da əməkdaşlıqdır, amma İran-Ermənistan-Rusiya əməkdaşlığından kim udur və nə udacaq? Onların əməkdaşlıqla bağlı çıxışları da sadəcə olaraq sözdür, regionda gərginlik yaratmaq üçündür. Ermənistan dalanda yerləşən əhəmiyyətsiz bir ölkədir və yalnız beynəlxalq miqyasda casusluq rolunu oynaya bilər.
- Bəs, Ermənistan uğurlu partnyor kimi İranı yarıda biləcəkmi?
- Yarıtmır, çünki İran heç özü-özünə yarıyan bir dövlət deyil, əvvəllər də olmayıb. İran hakimiyyəti bütün qonşu ölkələrlə çox ciddi qarşıdurma içərisindədir. Səddam Hüseynə qədər İraqla, Bəhreynlə, Ərəb ölkələri, Pakistanla, Əfqanıstanla, Türkmənistanla, Azərbaycanla və hətta Türkiyə ilə. Odur ki, İran indi özünütəcrid vəziyyətdədir. İran Ermənistanı özünə tərəfdaş seçməklə erməni lobbisindən Türkiyə və Azərbaycana qarşı faydalanmaq istəyir. Ermənistan İrana bərabərhüquqlu tərəfdaş kimi yox, daha çox alət kimi lazımdır.
- İran ilə Azərbaycan arasında hər hansı hərbi toqquşma yaşanması ehtimalı varmı?
- İran müharibəyə cəlb olunmaq istəyər, daxili məsələləri nizamlamaq, ölkədəki müxalifəti susdurmaq baxımından bu, onun üçün qurtuluş olardı. Əgər regionda Rusiyanın hərbi qüvvələri varsa, Ermənistan silahlandırılırsa, İran qonşulara güc nümayiş etdirirsə və daim hərbi manevrlər keçirməklə dünyanı, İsraili, ərəb ölkələrini, Türkiyəni, Azərbaycanı, hətta Pakistanı belə hədələyirsə, deməli, qarşıdurma ehtimalı az deyil. Əslində, silahlı toqquşmalar həmişə ola bilər, amma bunun üçün bəhanə lazımdır. Məsələn, İran daim bəyan edir ki, Ermənistanla bağlı onun qırmızı xətti var və gəlib Qafanda konsulluq açır. Azərbaycanla Ermənistan arasında dövlət sərhədləri müəyyənləşmədən Qafanda konsulluq açmaq nə dərəcədə məntiqlidir? Bəlkə, sərhədlər müəyyənləşdikdən sonra ermənilər Qafan şəhərindən imtina etməli olacaqlar? Odur ki, İranın Qafanda konsulluq açması qaşınmayan yerdən qan çıxarmağa oxşayır. Artıq İran tərəfi silahlı münaqişə üçün bir zəmin yaradır. Üstəlik, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın istəkləri reallaşarsa, İran tərəfi buna da mane ola bilər. Heç şübhəsiz, bütün bunların hamısının arxasında həm də Şuşa Bəyannaməsi dayanır. Bu bəyannaməyə əsasən, Azərbaycana qarşı hərbi müdaxilə Türkiyəyə qarşı hərbi müdaxilə deməkdir. Bu baxımdan, İranın belə bir münaqişəyə cəlb olunması çox təhlükəlidir və İran üçün perspektiv baxımından dağıdıcı ola bilər. İran-İraq müharibəsi dövründən fərqli olaraq, indi İranda cəmiyyət hakimiyyətin arxasında deyil. Etiraz aksiyaları artıq iki aya yaxındır davam edir. Bu onu göstərir ki, cəmiyyətin hakimiyyətdən çox ciddi narazılığı var.
- İqtisadi cəhətdən necə, İran iqtisadiyyatı müharibəyə tab gətirə bilərmi?
- İran iqtisadiyyatını əsasən, neft-qaz gəlirləri təşkil edir, ancaq İranın neft-qaz sektoruna da ABŞ sanksiya tətbiq edib. Hətta Rusiyanın "Lukoil" şirkəti belə İrandan çıxıb. Bu baxımdan, İranın iqtisadiyyatı çox bərbad vəziyyətdədir. İndi qara bazarda Çinə neft-qaz satmaqla və birdə daxili bazarın hesabına özlərini saxlaya bilirlər. Lakin iqtisadiyyat günü-gündən ağırlaşır. Etiraz aksiyalarının səbəblərindən biri də bununla bağlıdır. İranda bir sıra müəssisələrdə işçilər, fəhlələr, hətta müəllimlər belə əmək haqlarını ala bilmirlər. Həmçinin, ölkədə yeni texnologiyalar da yoxdur. Yeni texnologiyanı isə xarici ölkələrdən sanksiya olduğuna görə ala bilmir.
- Sizcə, Azərbaycan İranın təxribatlarına nə qədər adekvat cavab verə bilir?
- Azərbaycan ərazi cəhətdən kiçik, dövlətçilik tarixi baxımından gənc ölkə olsa da, İrandan daha müdrik və daha təmkinli görünür. Azərbaycan İranın təxribatlarının bir çoxuna sadəcə olaraq əhəmiyyət vermir, bütün bu məsələlərə təmkinlə qulaq asır və sonrakı mərhələdə daha təsirli cavab ortaya qoyur. Məsələn, son iki ildə Azərbaycan İranla bağlı iki böyük məsələnin üstünü açdı. Biri Xameneinin Azərbaycandakı nümayəndəsi Əliəkbər Ocaqnejadın ifşa olunması, onun 5-ci kolon yaratmaq cəhdinin açıqlanması və ölkədən qovulması, ikincisi isə bu yaxınlarda DTX-nın İrana aid casus şəbəkəsini ifşa etməsidir. Bunlar daha təsiredici hadisədir, nəinki sərhəddə hərbi manevrlər etmək. Çünki bunun Azərbaycana heç bir təsiri yoxdur. Azərbaycanın da Xüsusi Təyinatlıları bu gün cənub bölgəsində təlimlər keçirir. Azərbaycan bununla göstərir ki, o, İranın hay-küyündən çəkinmir. Məsələn, 2001-ci ildə İran gəmiləri Azərbaycanın Xəzərdəki buxtalarına yaxınlaşmışdı. Türkiyənin şahinləri isə Bakıda uçuşlar həyata keçirdilər və bununla sübut etdilər ki, Azərbaycanın arxasında Türkiyə dayanır. Həmçinin, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinə xor baxanlar, Azərbaycanı kiçik görən, Azərbaycana qarşı pis münasibətdə olanlar üçün bir göstəri, güc nümayişi idi. Azərbaycanın müstəqilliyi dövründə - istər 1918-ci ildə, istərsə də sonra - iki ölkə arasında belə bir sənəd heç vaxt imzalanmamışdı. Məsələn, 1918-ci ildə Nuru Paşanın Azərbaycana gəlməsi çağırış idi, böyük müqavilə əsasında deyildi. Bu bəyannamə isə o deməkdir ki, Türkiyə Azərbaycanı müdafiə etməklə bağlı üzərinə öhdəlik götürür. Türkiyəni müdafiə etmək də Azərbaycanın borcudur və bu, İran hakimiyyətinə qarşı güc birliyidir. (525.az)