ADP cəbhədəki vəziyyətdən narahatdır
"Yernixeber.info": Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi məsələlər müzakirə edilib. İdarə Heyəti ilk növbədə son günlər Ermənistan silahlı qüvvələri tərəfindən elan olunmuş atəşkəs rejiminin ardıcıl şəkildə pozulması nəticəsində ordumuzda baş verən itkilərdən ciddi narahat olduğunu bildirib. Qarabağ probleminin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinin baş verən hadisələr fonunda səssizlik nümayiş etdirməsinə diqqət çəkən partiya yetkililəri münaqişənin daha da dərinləşməsinə xidmət edən bu intensiv hücumların arxasında Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması yolunda başlıca əngəl olan Rusiya faktorunun durduğunu qeyd edib və beynəlxalq təşkilatları erməni təcavüzkarlığından irəli gələn hərbi hucumlara son qoymaq üçün təsirli tədbirlər görməyə çağırıb.
İdarə Heyəti Ukraynada yaşanan hadisələrin getdikcə dərinləşməsindən, arxasında Putin Rusiyasının durduğu Yanukoviç hakimiyyətinin xalq etirazlarına məhəl qoymadan bu ölkənin Avropa evinə inteqrasiya olunmasına dirəniş göstərməsindən və bu səbəbəbdən hadisələrin dinc məcradan çıxaraq ölkədə vətəndaş qarşıdurması həddinə çatmasından narahat olduğunu bildirib. Partiya rəsmiləri beynəlxalq təşkilatları, Avropa dövlətlərini postsovet ölkələrinin sonrakı taleyində mühüm əhəmiyyət kəsb edən, demokratiyanın avtoritatizmdən qorunmasının səngər döyüşlərini xatırladan Ukrayna hadisələrinə həssas yanaşmağa, Avropanın ayrılmaz tərkib hissəsi olan Ukrayna xalqının demokratik dəyərlər uğrunda başlatdığı mübarizəyə dəstək olmağa çağırıb.
İdarə Heyəti VHP-nin üzvü, “Axın” hərəkatının təsisçisi, gənc fəal Ö.Qəmbərovun narkotik ittihamla həbs olunmasınından ciddi narahat olduğunu bildirib, bu hadisəni hakimiyyətin uzun müddətdən bəri, azad düşüncəyə, sərbəst fikrə, demokratik qüvvələrə, gənc fəallara qarşı başlatdığı repressiya və həbs siyasətinin davamıı kimi dəyərləndirib və hakimiyyəti ölkədə insan haqlarına, demokratik dəyərlərə, vətəndaşların konstitusion hüqyqlarına hörmətlə yanaşmağa, siyasi sifarişli həbslərə son qoymağa və həbs edilən gənc fəal Ö.Qəmbərovu dərhal azadlığa buraxmağa çağırıb.
İdarə Heyəti H.Əliyev prospektində bina söküntüsü zamanı texniki təhlükəsizliyin qorunmaması ucbatından baş verən ölüm hadisəsindən ciddi narahat olduğunu bildirib və bu işdə məsul olan şəxslərin haqqında tədbir görülməsini, günahkar şəxslərin cəzalandırılmasını tələb edib.
İdarə heyəti Iranda milli azlıqların milli dildə tədrisi məsələsinə münasibət bildirib və İran dövləti tərəfindən atılan bu proqressiv addımın İranda yaşayan digər xalqlar kimi, ölkə əhalisinin baza hissəsini təşkil edən cənublu soydaşlarımızıın da əsrlərdən bəri yasaqlanan milli haqlarının, öz dilində yazmaq, oxumaq, ədəbiyyat və tarixinə dair kitablar çap etdirmək kimi hüquqlarının bərpasına stimul verəcəyindən əminliyini ifadə edib və İran prezidentini milli haqların qorunması istiqamətində başlatdığı siyasəti cəsarətlə davam etdirməyə çağırıb.