Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov hesab edir ki, nə İran, nə də Rusiya Bakıya qarşı düşmənçilik siyasəti yürüdür. Onun fikrincə, İran rəsmilərinin Azərbaycanla bağlı hədə dolu açıqlamaları, habelə sərhəddə keçirilən hərbi təlimlər heç kimi qıcıqlandırmamalıdır.
Yenixeber.org: R.Qurbanov bu barədə lideri olduğu partiyanın İran və Rusiya ilə bağlı mövqeyi açıqlayarkən deyib.
İranın son günlər Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış etməsinin səbəbi ilə bağlı sualı cavablandıran partiya sədri fikirlərini belə əsaslandırıb:
“Nikol Paşinyanın sülhməramlılarla bağlı məsuliyyətsiz fikirləri, Konstantin Zatulinin qeyri-etik çıxışları Azərbaycan cəmiyyətini qıcıqlandırmamalıdır. Yaxud rusiyalı jurnalistin sözləri nə üçün cəmiyyətimizi özündən çıxarmalıdır? Həmin o jurnalistin (Vladimir Solovyov - red) fikri Rusiya dövlətinin rəsmi münasibəti deyil axı. Mən hesab edirəm ki, ermənilər 30 il ərzində Azərbaycan cəmiyyətində gərginlik, çaşqınlıq yaratmağa cəhd göstəriblər. Açıq etiraf edim ki, 90-cı illərin əvvələrində buna çox ustalıqla nail olurdular. Ancaq indi başqa dövrdür. Azərbaycan əhalisinin baxışı tamamilə fərqlidir. Bugünkü hakimiyyət hadisələrə çox praqmatik yanaşaraq, düzgün xarici siyasət yürüdür. Beləliklə, bu gün hansısa məsuliyyətsiz açıqlamaları Rusiyanın Azərbaycana təsiri kimi dəyərləndirmək düzgün deyil”.
Partiya lideri bildirib ki, Azərbaycan xalqı dövlətin siyasi mövqeyini əsas tutmalı və buna uyğun davranmalıdır:
“Azərbaycan-Rusiya Prezidentləri arasında əldə olunan razılıq, mehriban dostluq və yoldaşlıq münasibətlərini əsas götürməliyik. Putinin Valday klubundakı çıxışına cəmiyyət reaksiya versin. Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalamaqda maraqlıdır. Rusiya çox istəyir ki, bu iki ölkə arasında münaqişə qısa zaman ərzində öz həllini tapsın. Delimitasiya və demarkasiya məsələləri həll olunsun. Bu cəmiyyəti rahatlaşdırmaq baxımından vacibdir”.
R.Qurbanov düşünür ki, qonşu ölkələrlə vəziyyəti gərginləşdirməkdənsə, yumşaltmaq lazımdır:
“Hesab edirəm ki, nə Rusiya, nə də İran tərəfindən Azərbaycana qarşı təpki var. Əgər hazırda Azərbaycanda bizi əhatə etdən dövlətlərlə münasibəti qızışdırmaq istəyən qüvvələr varsa, elə onlar düşmən dəyirmanına su tökənlərdir. Biz qonşularımızla sülh şəraitində yaşamalıyıq. Buna məhkumuq”.
İranın Ermənistana dəstəyinə gəlincə, partiya lideri qeyd edib: “Təbii ki, İranın silah satması, Qafanda konsulluq açması və sərhəddə hərbi təlimlər keçirməsi xoşagəlməz haldır. Ancaq hər bir dövlətin müstəsna hüquqları və səlahiyyətləri var. Onlar istədikləri dövlətlə diplomatik və digər əlaqələr qura bilərlər. İran bizə də qardaş dövlətdir. İran çox nadir dövlətlərdən biridir ki, oraya vizasız gedib, gələ bilirik. Orada 35 milyon soydaşımız var, biz bunu unutmamalıyıq. İndi İran öz təhlükəsizliyi, yaxud iqtisadi baxımından özü üçün əlverişli iş görürsə, biz nə üçün onu kəskin qəbul etməliyik. Biz də İranın xoşu gəlməyən dövlətlərlə, məsələn, İsraillə əlaqə qururuq. Onlar da bizə bu iradları tuta bilərlər. Faktiki olaraq İran Prezidenti ilə Azərbaycan Prezidenti arasında çox xoş, mehriban dostluq əlaqələri var. Hər iki tərəfdən vəziyyəti qızışdırmaq istəyənlər mövcuddur. Hər bir dövlətin səlahiyyəti var ki, öz ərazisində hərbi təlim keçirsin. Araz sahilində hərbi təlim keçirilməsi bizim üçün heç bir əsas vermir. Eyni ilə Azərbaycan, Türkiyə və İsrail təlim keçirmək səlahiyyətinə malikdir. Belə bir təlim baş tutacaq. Hadisələri qızışdırmaq yox, əksinə məsələlərə yumşaq yanaşmaq lazımdır. Çünki münaqişənin olması tək Azərbaycana yox, bütün regiona mənfi təsir göstərir”.
Qeyd edək ki, son günlər Azərbaycan şimal və cənub qonşularının təhdidləri ilə üz-üzə qalıb. Bir tərəfdən İran açıq-aşkar Ermənistanı dəstəkləyərək, sərhəddə təxribat məqsədilə hərbi təlimlər keçirir, digər yandan Rusiya Xankəndi şəhərində Azərbaycan əleyhinə aksiyalar təşkil etməklə sülh sazişini əngəlləməyə çalışır. (modern)