“CONSONUN İKİ QATI...” –Putinə və onun oliqarxlarına qənim kəsilən Trass nələri vəd etdi?
Yenixeber.org: Əslində, İngiltərənin Ukrayna siyasətinin gələcəyi barədə narahatlıqlar müəyyən mənada əsassız deyildi. Belə ki, Baş nazir postuna ən real namizədlərdən olan London meri Rişi Sunak heç cür Consonun qətiyyətli xarici siyasətinin davamçısı kim i görünmürdü. Ümumiyyətlə, xarici siyasət maliyyəçi Sunakın ən zəif tərəfi sayılır və onun Ukrayna mövzusunu hərtərəfli anlaması olduqca problemli görünür.
O, daha çox Böyük Britaniyanın daxili siyasətinə, problemlərinə yüklənmiş birisi kimi tanınır. Bu da azmış kimi, sonradan məlum oldu ki, Sunakın həyat yoldaşının Rusiya biznesi ilə əlaqələri var və onun baş ofisi Moskvada yerləşən şirkətlərdən biri ilə sıx münasibətlərinin olduğu üzə çıxdı.
Təbii ki, bütün bunlar da hakim Mühafizəkarlar Partiyasının sədri və Baş nazir seçkisi ilə bağlı səsvermədə özünü büruzə verdi. Nəticədə, Conson hökumətinin Xarici İşlər naziri Liz Trass az qala ikiqat səs üstünlüyü ilə Sunaka qalib gəldi. Bu da kifayət qədər gözlənilən nəticə sayılır.
Ən azı ona görə ki, son rəy sorğularına görə Böyük Britaniya əhalisinin 85 faizdən artığı Londonun Ukraynaya tam dəstək verməsinin tərəfdarıdır. Elə Trassın Baş nazir seçilməsində də onun Ukraynaya dəstək və anti-Putin mövqeyində sərt siyasətin tərəfdarı olması həlledici rol oynayıb. Xatırladaq ki, Trass son çıxışlarının birində hətta lazım gələrsə, nüvə silahından istifadə etməyə belə hazır olduğunu bildirib.
Liz Trass Qərb siyasətçiləri arasında avtoritar rejimlərə qarşı ən sərt mövqe tutan şəxslərdən biri sayılır. O, bir neçə ay əvvəl işıq üzü görmüş və geniş səs-küyə səbəb olmuş məşhur məqaləsində Qərbi az qala Rusiyanın nazı ilə oynamaqda günahlandırmışdı. Ən əsası isə bildirmişdi ki, SSRİ dağılandan sonra Rusiya kimi ölkələrlə iqtisadi əlaqələrin, inteqrasiyanın gücləndirilməsi səhv addım olub.
Çünki belə ölkələrdə hakimiyyətdə olan rejimlər əvvəl-axır əldə etdikləri iqtisadi gücdən beynəlxalq hüquqa zidd olan aqressiv addımlarını həyata keçirmək üçün istifadə edəcəklər. Deməli, Rusiya Qərbdən aldığı iqtisadi gücü gec-tez Qərbin özünə, onun dəyərlərinə qarşı istifadə etməyə başlamalı idi və bunu da Ukraynada etdi. Deməli, belə rejimləri Qərbin iqtisadi sisteminə inteqrasiya etmək, onların varlanmasına imkan yaradan əlaqələr qurmaq səhv addımdır. Trass Çinlə də bağlı eyni mövqedədir.
Bununla yanaşı, Trass hətta Consondan da irəli gedərək, Böyük Britaniyanın Ukraynaya silah tədarükünü indikindən də xeyli artıq dərəcədə çoxaldılacağını bəyan edib. O, deyib ki, Ukrayna İngiltərədən nə istəsə, onu da verməyə hazırdır. Doğrudur, Böyük Britaniyanın hərbi potensialı və Ukraynaya silah tədarükünün həcmi ABŞ-a nisbətdə kiçikdir. Lakin məhz Britaniya Ukraynaya silah dəstəyində ilk cəsarətli addımları atan, təşəbbüs göstərən və ABŞ-ı da buna az qala məcbur edən ölkədir. Belə ki, bu müharibədə Ukraynaya ilk gəmi əleyhinə raketləri, ilk haubitsaları məhz britaniyalılar verib. Yalnız bundan sonra ABŞ hərəkətə gəlib və dəstəyi gücləndirib.
Xatırladaq ki, hazırda məhz Böyük Britaniyada ukraynalı hərbçilərin hazırlığı üzrə böyük proqram həyata keçirilir. Həmçinin, Britaniyanın Ukrayna ilə bağlı Marşall planında da aparıcı rol alacağı gözlənilir. Bütün bu proseslərdə liz Trassın hətta Consondan da aktiv və qətiyyətli mövqe tutacağı şübhə doğurmur.
Consonun siyasətini davam etdirəcəyini bəyan edən Trass Putin Rusiyasına qarşı münasibətdə sanksiyaların sərtləşdirilməsinə tərəfdardır. O, artıq Londondakı rusiyalı oliqarxların yaratdığı sistemi çökdürməyə başlayıb. Onun bu layihəsini İngiltərədə “Londonqradın məhvi” adlandırırlar. Həmin oliqarxlar isə Putinin “qara kassası”nı saxlayan şəxslər sayılır. Onlara qarşı başlanan bu layihə şəxsən Putinə və onun ətrafına vurulan ciddi zərbə hesab olunur.
Məlumat üçün bildirək ki, Liz Trass Böyük Britaniyanın 3-cü qadın Baş naziridir. Bu posta qədər o, ayrı-ayrı hökumətlərdə 6 nazir postu tutub. Yəni ki, böyük siyasi və inzibati təcrübəyə malikdir. Artıq İngiltərədə çoxları onun “dəmir ledi” adlandırılan Marqaret Tetçer qədər uğurlu və qətiyyətli Baş nazir olacağına inanırlar. Ona görə də Trassı xüsusilə xarici siyasət məsələsində “Consonun iki qatı” hesab edənlər var.
Ancaq eyni zamanda öz xarizmasına və qeyri-adi davranışlarına, cəsarətinə görə hətta Çörçilə bənzədilən Consonun nə zamansa yenidən Baş nazir vəzifəsinə qayıdacağını düşünənlər və istəyənlər də az deyil. Hələliksə, sentyabrın 6-dan etibarən Britaniyanın başında odur – “dəmir ledi”nin bənzəri və “Consonun iki qatı”... “Azpolitika”