Azərbaycanla ABŞ arasında sensasion razılaşma
ABŞ daxili siyasətlə bağlı tələblərindən geri çəkilir; Ötən həftə Bakıda keçirilən məxfi toplantıda Amerikadan münasibətlərin tənzimlənməsi üçün nələr istənilib?; Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacağı ilə bağlı proseslər Vaşinqtonu narahat edib; ABŞ səfiri: “Birgə komissiya məsələsi çözülür”...
"Xeberinfo.com": Ötən həftənin ən mühüm siyasi hadisəsi Azərbaycanla ABŞ arasında münasibətlərin yenidən istiləşməsi barədə xəbərlər oldu. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştaynın iyulun 12-də Bakıya səfəri və prezident İlham Əliyevlə görüşündə əldə edilən razılaşmalar Vaşinqtonla rəsmi Bakı arasında münasibətlərin yeni mərhələsi kimi qiymətləndirilir.
Bu görüşün təfərrüatları barədə ilk yazan “Yeni Müsavat” qəzetinin xəbərində deyilirdi ki, hakimiyyət “ölkədaxili siyasətə aid olmayan bütün mövzularda” amerikalılarla müzakirələrə hazır olduğunu və əlaqələrin əvvəlki məcraya qayıtmasında maraqlı olduğunu bəyan edib. Bu görüşdən sonra Hokştayn ABŞ-la Azərbaycanın strateji tərəfdaş olduğunu bir neçə dəfə xüsusilə vurğuladı.
Hokştaynın Bakıdakı təmaslarından bir gün sonra Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov ABŞ-ın Azərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət edərək onunla görüşdü. Görüşün nəticəsi ilə bağlı yayılan açıqlamada bildirilirdi ki, Azərbaycan Müdafiə Nazirliyi Pentaqon və NATO ilə hərbi əməkdaşlığın davam etdirilməsinə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazırdır. O cümlədən Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı kimi Əfqanıstanda ona həvalə olunmuş missiyanı uğurla yerinə yetirdiyi vurğulandı.
ABŞ-ı, xüsusilə Ağ Ev sahibi Barak Obamanı aylardır kəskin tənqid edən rəsmi dövlət siyasətinin ifadəçisi olan “Azərbaycan” qəzeti də “Azərbaycan ABŞ-ın barışıq jestinə ”hə" deyir, amma..." sərlövhəli geniş məqalə ilə çıxış etdi. Məqalə Vaşinqtonun, nəhayət, “Azərbaycanın uğurlu daxili və xarici siyasət nəticəsində milli çərçivədən çıxaraq regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrildiyini qəbul etməyə hazır olduğu” tezisi üzərində qurulmuşdu.
Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifənin başlandığını Amerikanın Bakıdakı səfirinin açıqlaması da təsdiq edir. Səfir Robert Sekuta “Amerikanın səsi” radiosuna müsahibəsində dövlət katibinin köməkçisi Viktoriya Nulandın Bakıya səfərində Azərbaycan-Amerika birgə komissiyası ilə bağlı razılaşmaya toxunub: “Əslində biz demokratiya sahəsində yaradılacaq komissiyanın barəsində danışırıq. Hazırda bu məsələnin icrası gedir. Bu məsələ çözülmək istiqamətindədir, danışıqlar gedir. Xanım Nulandın özü Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri ilə əlaqədə olub, eyni zamanda biz də danışıqlar aparırıq. Bu kümü mühüm olan böyük təşəbbüslərə kifayət qədər hazırlıq işləri tələb olunur və hazırda bu məsələdə inkişaf var” deyə, səfir vurğulayıb.
“Yeni Müsavat”ın Qərb mənbələrindən əldə etdiyi sensasion məlumata görə, ötən həftəsonu Bakıda ABŞ rəsmiləri ilə iqtidar arasında mətbuata açıqlanmayan daha bir görüş olub. Görüşdə amerikalılar “soyuq müharibədən” öncəki status-kvonun bərpasına döndüklərini bildiriblər.
İddiaya görə, amerikalıların geriyə addım atmasının əsas səbəblərindən biri Azərbaycan iqtidarının Vaşinqtonla hərbi əməkdaşlığı dayandıracağına dair verdiyi anons olub. Vaşinqtona ən yüksək səviyyədə bildirilib ki, NATO çərçivəsindəki bütün növ əməkdaşlıqlardan, o cümlədən Azərbaycanın məhdud silahlı kontingentinin Əfqanıstanda iştirakından imtina oluna bilər. Amerika məsələnin nə dərəcədə ciddi olduğunu və bu cür davam edərsə, Azərbaycanın yöndəyişdirməyə qərarlılığını anlayıb.
Hətta mümkündür ki, Amerika ilə münasibətlərdə belə bir dönüşün ola biləcəyini Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov ABŞ-ın Azərbaycandakı hərbi attaşesini qəbul edərkən Azərbaycan dövləti adına söyləyib. Mətbuata verilən informasiyanın təhlili də göstərir ki, orada görüş ikitərəfli hərbi əməkdaşlığa dair icmal vermək üçün təşkil olunmayıb...
Azərbaycan iqtidarı hesab edir ki, Avropa Birliyini, ATƏT və AŞ PA-nı, eləcə də Almaniya bundestaqını da rəsmi Bakıya qarşı qaldıran ABŞ-dır.
Rəsmi Bakı iddia edir ki, Avropanın əksər dövlətləri və iqtidarları ilə dost münasibətləri olduğu halda, “Qoca qitə”dəki beynəlxalq xarakterli qurumların Azərbaycan iqtidarına qarşı sərt münasibətində Vaşinqtondakı dairələrin barmağı var. Bütün bunlar ötən həftə Bakıdakı mətbuata açıqlanmayan məxfi toplantıda da dilə gətirilib. “Amerikadan münasibətlərin tənzimlənməsi üçün tələb aksentinin yığışdırılması, iqtidarı devirmək cəhdləri kimi avantüralara son verilməsi, müxalifətin gizli dəstəklənməsi prosesinin durdurulması və siyasi dustaqları azad edilməsi tələbindən vaz keçilməsi istənilib. Rəsmi Bakı bunun qarşılığında əvvəlki əməkdaşlıq səviyyəsini bərpa etməyə, siyasi dustaqlara münasibətdə ”humanist və adil" davranmağa söz verib" deyə, mənbə bildirib.
Mənbə iddia edir ki, ABŞ rəsmiləri ilə Bakıdakı məxfi görüşün təsadüf etdiyi ərəfə də maraq doğurur. Belə ki, ötən həftə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda üzv olacağı ilə bağlı xəbərlər yayılıb. Rusiya və Çinin liderlik etdiyi bu təşkilat qeyri-rəsmi olaraq “ABŞ-ın əleyhinə olan qurum” kimi tanınır. Azərbaycanın perspektivdə bu təşkilata üzvlüyü əlbəttə ki, Vaşinqtonun planlarına tam ziddir.
Vaşinqton-Bakı münasibətlərində gərginlik şübhəsiz ki, ABŞ-ın Cənubi Qafqaz siyasətini zədələyir. Təsadüfi deyil ki, hələ bir neçə ay əvvəl nüfuzlu ABŞ konqresmenləri Barak Obamaya müraciətində Azərbaycanın strateji ölkə olduğunu və Bakı ilə münasibətlərin Vaşinqton üçün xüsusi önəmini vurğulamışdılar. Belə bir vurğunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza da ötən həftədəki açıqlamasında ifadə etmişdi. Amerikanın Azərbaycan hakimiyyəti ilə münasibətlərinin gərginləşməsi Kremlin Bakıya yollarını daha da hamarlaşdırıb. ABŞ anlayır ki, hazırkı perspektivdə Azərbaycan hakimiyyəti ilə əməkdaşlığın çevrəsini müəyyən edib danışıqlar masasına oturmaq daha vacibdir. Mənbəmiz deyir ki, Amerika “...iki qadına görə Azərbaycanla münasibətləri tamamilə korlamayacaq və artıq ciddi dəyişikliklər var”.
“Azərbaycan elə bir strateji əhəmiyyətə malik ölkədir ki, ABŞ oradan əlini götürsə, başqa bir ”əl" tapılacaq ki, həmin yeri tutsun. Bunu amerikalılar da gözəl bilirlər. Azərbaycanın “Şanxay gedişi” bu bilgiləri təzələmiş oldu", deyə mənbəmiz vurğulayıb.
“Yeni Müsavat”