UKRAYNA ORDUSU 2 İSTİQAMƏTDƏ ƏKS-HÜCUMA KEÇİB -Ruslar böyük itkilər verir... + VİDEOLAR
Lukaşenko da müharibədə rusların uğursuzluğunu etiraf etdi
Yenixeber.org: Ukrayna Silahlı Qüvvələri ilə döyüşlərdə Rusiya qoşunları Nikolaev və Xerson vilayətlərinin sərhədində bir neçə yaşayış məntəqəsinə nəzarəti itirib. Bu barədə Baş Qərargahın hesabatında deyilir.
Düşmən Donetsk və Luqansk vilayətləri ərazisinə tam nəzarəti ələ keçirmək və müvəqqəti işğal olunmuş Ukrayna Krımı ilə quru dəhlizini saxlamaq məqsədilə Şərq əməliyyat zonasında hücum əməliyyatlarını dayandırmır.
Mayın 4-də Ukrayna müdafiəçiləri Donbassda döyüşlərdə düşmənin 11 hücumunu dəf edib, 5 tankını, 7 zirehli və 5 adi texnikasını məhv edib. Ötən sutkada Rusiyanın 2 döyüş təyyarəsi də məhv edilib.
Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri doqquz hava hədəfini vurub.
Rusiyalı işğalçılar Mariupolda əsas səylərini “Azovstal” bölgəsindəki bölmələrimizin qarşısını almağa və məhv etməyə yönəldiblər. Aviasiyanın dəstəyi ilə düşmən zavodun ərazisinə nəzarəti ələ keçirmək üçün hücumu bərpa edib.
Ukrayna müdafiə qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı teleqramda bildirib.
O həmçinin Rusiyanın öz qüvvələrini Luqansk istiqamətində cəmlədiyini, xüsusilə Popasna, Kreminna, Torske rayonlarında şiddətli döyüşlərin getdiyini vurğulayıb.
Qeyd edək ki, Valeri Zalujnı bu barədə amerikalı həmkarı general Mark Millini məlumatlandırıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı növbəti dəfə Rusiya ordusunun indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı barədə məlumat yayıb.
Məlumatda Ukraynadakı döyüşlər nəticəsində Rusiyanın 24 700 hərbçisinin zərərsizləşdirildiyi bildirilir.
Həmçinin, rus ordusunun 1 092 ədəd tankı, 2 651 ədəd zirehli döyüş maşını, 499 ədəd artilleriya sistemi, 169 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 83 hava hücumundan müdafiə sistemi, 196 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 89 qanadlı raket, 1 907 ədəd nəqliyyat vasitəsi, 10 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 312 ədəd dronu və 38 ədəd xüsusi texnikası məhv edilib.
Bununla yanaşı bildirilir ki, ötən gün Luqansk vilayəti ərazisindəki yaşayış məntəqələri 24 dəfə artileriya atəşinə məruz qalıb. Xarkov istiqamətində Ukrayna Ordusu uğurlu əməliyyatlar həyata keçirərək, bir neçə yaşayış məntəqəsini azad edib. Nəticədə Xarkov şəhərini atəş altında saxlayan Rusiya ordusuna aid artileriya nöqtələri şəhərdən uzaqlaşdırılıb və onların Xarkovu vurmaları xeyli çətinləşib.
Həmçinin, Rusiya tərəfi İzyum, Zaporojye və Nikolayev olmaqla, üç istiqamətdə intensiv hücum əməliyyatları həyata keçirməyə çalışsa da, heç nəyə nail ola bilməyib. Buna baxmayaraq, Severodonetsk və Lisiçansk şəhərlərində yaşayış binaları atəşə tutulub. Dinc əhali arasında itkilər var.
Rusiya silahlı qüvvələri həmçinin Ukraynanın Dnepr şəhərində mülki avtomobillərin hərəkəti üçün nəzərdə tutulan körpünü qanadlı raketlə atəşə tutub. Bununla bağlı video yerli sakinlər tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Rusiya ordusu həmçinin, Ukraynanın dəmir yolu infrastrukturuna raket zərbələri endirib. Bu hücumların NATO silahlarının Ukraynaya gətirilməsinin qarşısının alınması məqsədilə həyata keçirildiyi bildirilir.
Ukrayna Ordusu hücuma keçməyə çalışan Rusiya silahlı qüvvələrinə aid hərbi texnikanı və canlı qüvvəni məhv etməkdə davam edir.
Ötən gecə iki hərbi təyyarə ilə yanaşı, Zaporojye istiqamətində Rusiyaya aid bir “Orlan-10” PUA-sı da vurulub. Bununla bağlı videogörüntü Ukrayna Quru Qoşunlarının rəsmi saytında yayımlanıb.
Həmçinin, məlumat verilir ki, Ukraynada müharibənin başlanmasından indiyə qədər 221 uşaq həlak olub, 408 uşaq isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bununla bağlı ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Uşaqların ən çox ölüb-yaralandıqları bölgələrin statistikası isə belədir: Donetsk vilayətində - 139, Kiyev vilayətində - 116, Xarkov vilayətində - 95, Çerniqov vilayətində - 68, Xerson vilayətində - 46, Nikolayev vilayətində - 44, Luqansk vilayətində - 37, Zaporojye vilayətində - 27, Sumı vilayətində - 17, Kiyev şəhərində - 16 və Jitomir vilayətində - 15.
Qeyd olunub ki, aktiv döyüş əməliyyatları aparılan bölgələrdə və müvəqqəti işğal olunmuş ərazilərdə atəşə tutulan yerləri yoxlamaq mümkün olmadığı üçün məlumatlar hələlik tam dəqiq deyil.
Daha bir xəbərdə deyilir ki, İspaniyada Ukraynada vətənə xəyanətdə şübhəli bilinərək axtarışa verilən rusiyapərəst bloqer Anatoli Şariy saxlanılıb.
“Bu, Ukrayna Təhlükəsizlik Xidmətinin beynəlxalq tərəfdaşlarla sıx və qarşılıqlı əlaqəsi nəticəsində mümkün olub. Bu həbs Ukraynaya xəyanət edən hər bir şəxsin gec-tez layiqli cəzasını alacağına dair sübutdur”, - Ukrayna xüsusi xidmət orqanlarının məlumatında deyilir.
Bu arada Belarus Ppezidenti Aleksandr Lukaşenko “Associated Press”-ə müsahibəsində etiraf edib ki, Ukraynadakı müharibə onun gözlədiyindən artıq müddətə uzanıb: “Deyə bilmərəm ki, hər şey rusiyalıların dediyi kimi, plan üzrə gedir, yoxsa mən hiss etdiyim kimidir. Hiss edirəm ki, bu əməliyyat uzanıb”. “Azpolitika”