Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ RİSKİNİ ARTIRAN 3 SƏBƏB... -"Putin daha ağır intiqama əl ata bilər"

"Ukraynada müharibə uzanarsa, Rusiya-NATO toqquşması ehtimalı artacaq".

Yenixeber.org:  Politoloq Elxan Şahinoğlu Ukrayna müharibəsinin hazırki gedişatını şərh edərkən deyib.

Ekspert fikrini bir neçə səbəblə əsaslandırıb: "Birincisi, Ukrayna uğrunda savaşmaq istəyən xarici ölkə vətəndaşları Kiyevə axın etməyə başlayıblar. Savaşmaq istəyənlər arasında NATO-ya üzv ölkələrinin vətəndaşları da var.

İkincisi, NATO ölkələri Ukraynanı silahlandırır. Rusiya Ukrayna ərazisini bombardman edərkən həmin silahların çatdırılma məntəqələrini hədəf ala bilər.

Üçüncüsü, Rusiya Ukraynaya Qara dənizdən də hücum təşkil edib. Rusiyanın NATO-ya üzv ölkələrdən birinin Qara dənizdə üzən hərbi gəmisini və ya bölgə üzərində uçuş həyata keçirən təyyarəsini vura bilmə ehtimalı artır".

Rusiya bilərəkdən və ya bilməyərəkdən NATO-ya məxsus gəmini və ya hərbi təyyarəni vurarsa və bu zaman hərbçilər ölərsə, Şimali Atlantika Blokunun reaksiyası necə olacaq?

 

 

Politoloq qeyd edib ki, bu, Moskvanın özünü necə aparacağından asılıdır: "Rusiya üzr istəyərsə, gərginlikdən qurtulmaq mümkündür. Yox, əgər Rusiya vurduğu hərbi gəmi və hərbi təyyarəyə görə haqlı olduğunu israr edərsə, NATO adekvat addımlar barədə düşünəcək. Bu halda haqqında çox danışılan üçüncü dünya müharibəsi riski artacaq".

Qeyd edək ki, NATO ölkələrinin Rusiyanın hərbi hücumuna məruz qalmış Ukraynaya durmadan silah-sursat göndərilməsinin təhlükəli tərəflərinin olduğu Qərb mediası tərəfindən də bəyan edilir.  

Novator.az-ın məlumatına görə, “Nyu-York Tayms” qəzetində dərc olunan “NATO ölkələri özünü Rusiya ilə münaqişəyə girmək riskinə ataraq Ukraynaya silah daşıyır” başlıqlı məqalədə belə deyilir.

 

 

“Nyu-York Tayms”ın Brüsseldəki aparıcı siyasi müxbiri Stiven Erlangerin qələmə aldığı məqalədə bildirilir ki, Niderland Ukraynaya hava hücumundan müdafiə üçün reaktiv yaylım atəşi sistemləri, Estoniya “Javelin” tank əleyhinə raketləri, Polşa və İtaliya “Stinger” zenit-raket kompleksləri, Çexiya avtomat, snayper tüfəngləri, tapança və döyüş sursatları göndərir: “Hətta neytral ölkələr – İsveç və Finlandiya da Ukraynaya silah-sursat yollayır. Adətən münaqişə zonalarına silah göndərməkdən çəkinən Almaniya belə Ukraynanı “Stingers” raketləri və çiyinə almaqla atılan digər raketlərlə təchiz edir.

NATO və Avropa Birliyi üzvlərinin hamısı olmasa da, bir çoxu – ümumilikdə 20-yə yaxın ölkə rus işğalçıları ilə döyüşən Ukraynaya silah ötürür”.

Brüsselin Ukraynaya göstərdiyi hərbi və maddi dəstəyin Avropa Birliyini prosesin mühüm iştirakçısına çevirdiyini qeyd edən müəllif yazır: “Doğrusu, mən Avropanın vəziyyəti dəyişmək üçün Ukraynanı sürətlə silahlandırmaq prosesini davam etdirəcəyinə bir qədər şübhə ilə də yanaşıram. Bəli, Brüssel özünün bugünkü fəaliyyəti ilə fəxr edir, amma bu strategiya daha böyük müharibəyə, Putinin daha ağır intiqama əl atmasına da gətirib çıxara bilər. 

Məsələn, NATO üzvü olan Polşadan Ukraynaya ölümcül silahlar daşınır. Bəs bu silahlardan açılan atəş kimi öldürəcək? Rus əsgərlərini. Putin onsuz da hesab edir ki, NATO Ukraynanı dəstəkləməklə onun ölkəsinə təhlükə yaradır, hətta Rusiyanı məhv etməyə çalışır. O, son çıxışlarında bu fikri dönə-dönə səsləndirib”.

 

 

Rusiya prezidentinin artıq nüvə qüvvələrini döyüş növbəsinə keçirdiyini xatırladan Stiven Erlanger bildirir ki, bu, Avropa və ABŞ üçün ciddi təhdiddir: “Dünya müharibələri həmişə kiçik münaqişələrdən başlanıb. Ukrayna NATO üzvlərinin qonşuluğunda yerləşir. Hazırda Ukraynada cərəyan edən hadisələr gözlənilmədən başqa ölkələrə də sıçraya bilər”.

Müəllif yazır ki, NATO və Avropa Birliyi Ukraynaya əsgər göndərməyəcəyini bəyan edib: “Bu baxımdan Ukraynanın silahlandırılması formal olaraq NATO və Avropa Birliyinin yox, ayrı-ayrı ölkələrin işi sayılır. Amma Rusiya pezidenti Vladimir Putinin bu işi hansısa məqamda bütövlükdə NATO-nun prosesə müdaxiləsi kimi qiymətləndirə biləcəyi riski də var”.

Stiven Erlanger Ukraynanın müdafiəsinə yardım göstərilməsini prinsipcə müsbət addım kimi xarakterizə edir, eyni zamanda yazır ki, Putinin buna necə cavab verəcəyini də nəzərdən qaçırmaq olmaz.

Müəllifin sözlərinə görə, Rusiya və Belarusla sərhəddə yerləşən NATO üzvləri bu baxımdan daha çox narahatdır. Ona görə də alyans həmin üzvlərini sakitləşdirmək, onların müdafiə qabiliyyətini artırmaq üçün şərq cinahına hərbi texnika və ümumilikdə 22 min hərbçi yollayıb. Yəni NATO ölkələri təkcə Ukraynanı silahlandırmaqla məşğul deyil, özləri də silahlanırlar.

Məqalədə bildirilir ki, NATO şərq cinahını möhkəmləndirməklə Rusiyaya belə bir mesaj göndərmiş olur: alyansın hansısa üzvünə hücum edilsə, NATO müqaviləsinin 5-ci maddəsi işə düşəcək. Həmin maddəyə əsasən, NATO-nun bir üzvünə hücum alyansın bütün üzvlərinə hücum deməkdir.

NATO-nun Avropadakı qabaqlayıcı tədbirlərindən söz açan Stiven Erlanger konkret faktlara diqqət çəkir. Bildirir ki, təkcə ABŞ Avropaya əlavə 15 min hərbçi, Rumıniya, Polşa və Baltik ölkələrinə qırıcılar, döyüş helikopterləri göndərib.

Fransa Rumıniyaya desant dəstəsi, Polşaya bir neçə qırıcı yola salıb.

Litvada NATO taboruna başçılıq edən Almaniya ora əlavə 350 hərbçi, Rumıniyaya 6 qırıcı, Slovakiyaya bir qrup hərbçi göndərib. Üstəlik, Almaniya hansı ölkədən və ya ölkələrdən söhbət getdiyini açıqlamadan NATO-nun şərq cinahına əlavə yüzlərlə hərbçi göndərəcəyini bəyan edib.

NATO-nun Estoniyada taboruna başçılıq edən Böyük Britaniya ora əlavə 800 hərbçi və zirehli texnika, Polşaya 350 hərbçi, Kiprə 4 qırıcı, Aralıq dənizinə 2 hərbi gəmi yola salıb.

Kanada Latviyanı 1200 əlavə əsgəri qüvvə və artilleriya dəstəsi ilə təmin edib.

İtaliya Rumıniyaya 8 qırıcı, Niderland Litvaya 100 əsgər, Rumıniyaya isə 125 əsgər göndərib. Bundan başqa Niderland 8 qırıcısını NATO-nun sərəncamına verib.

İspaniya Bolqarıstana 4 qırıcı və hərbi gəmilər göndərib.

Danimarka Baltik dənizinə hərbi gəmi və 200 əsgər çıxaracaq, Litvaya və Polşaya qırıcılar göndərəcək.

Stiven Erlanger yazır ki, bu, NATO-nun son vaxtlar gördüyü qabaqlayıcı tədbirlərin tam siyahısı deyil, bir hissəsidir.

Müəllif vurğulayır ki, bütün bunlar, üstəlik, neçə-neçə alyans üzvünün hər an NATO-nun sərəncamına vermək üçün minlərlə hərbçini ehtiyatda saxlaması alyansın Rusiyanın təhdidlərinə, münaqişənin NATO məkanına keçə biləcəyi ehtimalına nə qədər ciddi yanaşdığından xəbər verir."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam