Dünya fəlakətin astanasında -Rusiya nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirdi
Putinin hədəsi ona təzyiqləri artırdı; NATO hərəkətə keçdi, Zelenski Aİ-yə müraciət etdi; politoloq: “Bircə nüvə başlığından istifadə yetərlidir ki, dörd bir yandan Rusiyaya hərbi müdaxilə edilsin”
Yenixeber.org: Rusiya-Ukrayna müharibəsinin, daha dəqiqi, rus ordusunun müstəqil Ukrayna ərazilərinə müdaxiləsinin altıncı günüdür. Bütün dünya baş verənləri dərin narahatlıqla izləməklə yanaşı, prezident Putini dayandırmaq üçün əlindən gələni etməkdədir.
Xüsusilə də Rusiya prezidenti Vladimir Putinin fevralın 27-də müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə nüvə qüvvələrinin (çəkindirici qüvvələr) döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair əmr etməsi şok effekti doğurub. Qeyd olunduğu kimi, bu, Rusiyanın Strateji Raket Qüvvələri üçün işə düşməyə ən yüksək hazırlıq səviyyəsidir. Müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edərkən Putinin belə bir göstəriş verməsini əksər ekspertlər dünyaya nüvə təhdidi kimi qiymətləndirir. Yüksək səviyyəli hərbi rəsmilərlə danışan Putin Qərb dövlətlərinin Rusiyaya qarşı “qeyri-dost hərəkətlər” və “qanunsuz sanksiyalar” tətbiq etdiklərini bildirib. “Buna görə də müdafiə nazirinə və Baş Qərargah rəisinə Rusiya ordusunun çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edirəm”, - deyə o bildirib. Rusiya ordusunun çəkindirici qüvvələrinin səlahiyyətinə nüvə silahları və hipersəs raketləri də daxildir.
Rusiya çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirib.
Musavat.com xəbər verir ki, RİA “Novosti”nin “Telegram” kanalında bildirilib ki, bu barədə müdafiə naziri ordu generalı Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.
O, Rusiyanın nüvə qüvvələri də daxil olmaqla, strateji təyinatlı raket qüvvələrini, Şimal və Sakit Okean Donanmaları, uzaq məsafə aviasiyası xüsusi döyüş növbətçiliyi rejiminə keçib.
BBC-nin təhlükəsizlik üzrə müxbiri Gordon Corera-ya görə, Rusiya dünyada ən böyük nüvə silahı ehtiyatına malikdir, lakin NATO-nun da Rusiyanı məhv etmək üçün kifayət qədər silahı var. Ekspertlərin rəyinə görə, çox güman ki, məqsəd NATO-nun Ukraynaya dəstək verməsini əngəlləməkdir, Gordon Carrera deyir. Həmçinin Putin çox güman ki, nə qədər uzağa gedə biləcəyi barədə qorxu yaratmağa çalışır, müxbir deyir. Rusiyanın hücumu tam şəkildə plana uyğun getmir.
Dörd gün ərzində Rusiya heç bir Ukrayna şəhərini tam ələ keçirə bilməyib və görünür ki, ruslar ağır itkilər verir.
Bu, Moskvada müəyyən məyusluq və hövsələsizlik doğuracaq. Belarus sərhədində təklif olunan sülh danışıqlarının həm Moskvanı, həm də Kiyevi razı salacaq sövdələşmə ilə nəticələnəcəyini təsəvvür etmək çətindir.
Putin Ukraynanın tamamilə öz nəzarət dairəsinə qayıtmasını, Zelenski hökuməti isə müstəqil qalmağı istəyir. Bu, kompromis üçün elə də çox yer qoymur.
Putinin nüvə xəbərdarlığını nəzərə alanda isə çox ehtimal ki, yaxın günlərdə Rusiyanın Ukraynaya qarşı hücumu intensivləşəcək, mülki əhali arasında itkilərə isə indikindən hətta daha az əhəmiyyət veriləcək.
“Rusiya prezidenti Vladimir Putinin nüvə qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirməsinə şübhə etmirik”. UNIAN xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi brifinqdə bildirib. Onun sözlərinə görə, bu, V.Putin tərəfindən atılan lazımsız addımdır. O, həmçinin, bildirib ki, Rusiya heç vaxt nə NATO, nə də Ukrayna tərəfindən təhdid edilməyib: “Bu addım çox təhlükəlidir və gərginliyi artırır. Biz özümüzü, müttəfiqlərimizi və tərəfdarlarımızı hər cəhətdən müdafiə etməyə qadirik”. (Report)
Qeyd edək ki, Kiyev Rusiyanın canlı qüvvə itkilərinin sayının 5 mini keçdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə ilk dəfə olaraq Ukraynada itkilər verdiyini etiraf etsə də, rəqəmlər açıqlamayıb. “Xüsusi hərbi əməliyyat gedişində Rusiya hərbçiləri arasında ölən və yaralananlar var”, - TASS Rusiya Müdafiə Nazirliyinə bəyanatını iqtibas edib. “Rusiya silahlı qüvvələrinin verdiyi itkilər məhv edilən millətçilərin sayından bir neçə dəfə azdır” - məlumatda qeyd olunub.
Putinin nüvə təhdidindən sonra beynəlxalq təşkilatlar Rusiyaya qarşı sanksiya qərarları ilə kifayətlənməyərək, Ukraynaya hərbi yardım göstərmək və bu ölkə ilə əlaqələri intensivləşdirmək istiqamətində konkret addımlar atmağa başlayıblar. Zelenskinin ilk günlərdə Qərbdən əlini üzərək “tək qaldıq, hamı Rusiyadan qorxur” bəyanatının da burada az rol oynamadığı şübhəsizdir. 28 fevralda Ukrayna prezidenti Volodimir Zelenski və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Stoltenberq bu haqda “Twitter”də bildirib. “Prezident Zelenski ilə danışdım, ona Ukrayna xalqının və silahlı qüvvələrinin şücaətinə görə sayğımı ifadə etdim. NATO müttəfiqləri hava hücumundan müdafiə raketləri, tank əleyhinə silahlar, habelə humanitar və maliyyə yardımı ilə öz dəstəyini artırır”, - NATO Baş katibi bildirib.
Bunun ardınca Ukrayna prezidenti Vladimir Zelenskinin növbəti müraciəti yayımlanıb. Zelenski ölkəsinin xüsusi prosedur qaydasında Avropa Birliyinə üzv qəbul olunmasını xahiş edib. “Mən prezidentliyə gedərkən hər birimizin Prezident olacağını söyləyirdim. Çünki hər birimiz dövlətimiz üçün cavabdehik. Bizim gözəl Ukraynamız üçün. İndi isə elə oldu ki, hər birimiz döyüşçüyük. Döyüşçü öz yerindədir. Və əminəm ki, hər birimiz qalib gələcəyik”, - deyə Zelenski söyləyib.
Hər halda, Rusiyanın nüvə təhdidlərinə cavab olaraq Ukrayna da öz seçimini etməkdə qərarlı görünür. Putin nüvə hazırlığı ilə bağlı əmrini NATO-dan gələn təhdidlərə cavab olaraq verdiyini bəyan edir. Bir çox müşahidəçilər bunun, sadəcə, bir hədə, blef olduğunu düşünsələr də, Putinin belə kritik addıma gedə biləcəyini istisna etməyənlər də var. Bəzi ekspertlərin iddiasına görə, Putin nüvə hücumina başlaya bilər. Bəs nüvə hücumu üçün hansı prosedurlar var? NATO, ABŞ Putini bu addımdan necə çəkindirə bilər? Hesab etmək olarmı, dünya böyük fəlakətin astanasındadır?
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, nüvə başlıqlarının işə salınması bəşəriyyətin sonu deməkdir və Rusiyanın da bəşəriyyətin bir parçası kimi, bu sondan kənarda qalması mümkün deyil: “Bu baxımdan, Rusiya rəhbərliyinin nüvə hücumuna işarə edən bəyanatlarını mövcud şəraitdə uğurlu gediş hesab etmirəm. Çünki nüvə hücumu ilə bağlı təhdid ən son vasitədir. İndiki halda bu, o deməkdir ki, Rusiyanın NATO-nun genişlənməsi və digər məsələlərlə bağlı iddialarını əsaslandıracaq və bu iddiaların arxasındakı güc amilini tutarlı təzyiq elementinə çevirə biləcək başqa vasitəsi qalmayıb. Bu, həm də Rusiyanın hərbi-sənaye kompleksinin nüvə silahı olmadan heç bir işə yaramadığının etirafıdır. İndiki şəraitdə, xüsusilə də Ukraynaya müdaxilədən öncə səsləndirilən iddialara, verilən vədlərə, ordunun və hərbi-sənaye kompleksinin gücü ilə bağlı irəli sürülən mülahizələrə baxmayaraq, Rusiya hərbçilərinin döyüş meydanında nümayiş etdirdikləri ”performans" qarşı tərəfin daha cəsarətli davranmasına imkan verir. Həm də nəzərə almaq lazımdır ki, hərbi əməliyyatların həyata keçirildiyi müddət uzandıqca, Ukraynanın müqaviməti artdıqca Rusiya daha da zəifləyir, nüfuzunu sürətlə itirir, bu və ya digər səbəblərdən Kremlə münasibətdə loyal mövqedə dayanan dövlətlərə də ən yaxşı halda müşahidəçi mövqeyində dayanmaqdan başqa çıxış yolu qoymur. Qənaətimə görə, Rusiyanın siyasi rəhbərliyi, hətta nüvə silahından istifadə etmək niyyətinə düşsə də - hərçənd ki, buna inanmaq istəmirəm - hərbi komandanlıq buna imkan verməyəcək".
E.Mirzəbəyli qeyd etdi ki, bircə nüvə başlığından istifadə yetərlidir ki, dörd bir yandan Rusiyaya hərbi müdaxilə edilsin: “Çünki bu halda vəziyyət Rusiya-Ukrayna, yaxud Rusiya-NATO qarşıdurmasından bəşəriyyət-Rusiya qarşıdurmasına keçəcək ki, bunun da sonunun nə ilə bitəcəyini izah etməyə ehtiyac yoxdur. Heç bir dövlət sərhədləri çərçivəsinə çəkilib nə zaman nüvə təhlükəsi ilə qarşı-qarşıya qalacağını gözləməyəcək. Bu, sübuta ehtiyacı olmayan və cavabı hər kəs üçün öncədən bəlli olan bir aksiomdur. Bu baxımdan, nüvə təhdidinin bütün mənalarda uğursuz gediş olduğunu düşünürəm. Moskva indiki halda nəyin bahasına olursa-olsun sülhün bərqərar olmasına çalışmalı və ən uyğun təhlükəsizlik zəmanəti ilə razılaşaraq, qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır. Çünki buraxılan hər bir səhv bəşəriyyətin gələcəyinə, həmçinin ”çoxqütblü dünya" ideyasına amansız zərbə vurur".
Polkovnik: “Rusiya prezidenti hazırda elə bir durumdadır ki, ondan hər bir addımı gözləmək olar”
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə fərqli fikirdədir: “Rusiya prezidenti Vladimir Putin hal-hazırda elə bir durumdadır ki, ondan hər bir addımı gözləmək olar. Putinin müdafiə nazirinə və Baş Qərargah rəisinə verdiyi göstəriş də bunu deməyə əsas verir ki, bu adam artıq hiss etməyə başlıyıb ki, son günlər onun qəbul etdiyi yanlış və ağlasığmaz qərar bir vaxtlar dünyada söz sahibi olmuş Rusiya Federasiyasını çox pis və get-gedə də dərinləşən kritik duruma salıb. Bu proses bu həftə daha da dərinləşəcək və Rusiyanın öz daxilində narazılıqlar və etirazlar daha da güclənəcək. Putin Ukrayna ilə bağlı verdiyi yanlış və fəlakətli qərarından sonra artıq yan-yörəsində heç kimin qalmadığını anlıyır və ondan istənilən addımı atmağı artıq gözləmək olar. Nüvə silahından istifadə isə bu dünyanın altını üstünə çevirmək kimi bir hadisə sayıla bilər. NATO da öz xəbərdarlığını edib və onlar da baş verənlərdən xəbərdardılar, prosesləri izləyirlər və sözsüz ki oturub sakitcə bu təhdid və hədələri seyr etməyəcəklər". Hərbi ekspert hesab edir ki, bu həftə dünyada çox maraqlı iqtisadi, siyasi və hərbi hadisələr baş verəcək: “Rusiya siyasi-hərbi rəhbərliyi çox səhv və yanlış addımları ilə özlərini kollaps durumuna salıblar. Nüvə silahı oyuncaq deyil və bunu guya tətbiq edəcəyi ilə bağlı hədə də Qərb dövlətlərini Ukraynaya hərbi-siyasi və iqtisadi dəstəyi dayandırmaq üçün dövriyyəyə buraxılmış bir təhdiddir. Heç kim Rusiya dövlətinə təhlükə yaratmır. Əksinə, Rusiya gedib Ukrayna ərazisinə açıq şəkildə hərbi təcavüz həyata keçirib və keçirir, böyük uğursuzluğa düçar olub və üstəlik də indi dünyanı nüvə silahı ilə təhdid edir. Bu avantüranı dünya ona həm bağışlamaz, həm də imkan verməz”.
Yəni NATO ölkələrinin Rusiyanı durdurmaq imkanı yoxdurmu? Ü.Cəfərov: “Təbii ki, NATO bu imkandan istifadə edəcək. Yaxın 1-2 günə onlar yəqin ki, hansısa qabaqlayıcı addımlar, tədbirlər həyata keçirəcəklər. Ukraynada fiaskoya uğramış Rusiya silahlı qüvvələrinin durumundan şoka düşən Putin və generalitet yəqin ki, durdurulacaq və onlara qarşı müəyyən təzyiqlər həyata keçiriləcək”.“Müsavat”