"BAKI RADİKAL QƏRARLAR VERMƏK ZORUNDADIR..." -"Laçın dəhlizi nəzarətə götürlməsə..."
Laçın dəhlizində yaşananlar Azərbaycan üçün əsl başağrısına çevrilməkdədir. Fransada gələn ilin aprelində keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasından namizəd Valeri Pekresin bir neçə digər fransız siyasətçi ilə Qarabağda peyda olması və orada separatçı-kriminal ünsürlərlə görüşməsi koridorla bağlı narahatlığımızın nə dərəcədə əsaslı olduğunu bir daha təsdiqlədi.
Yenixeber.org: Düzdür, Perkesin adı dərhal Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısına daxil edildi və Fransanın Bakıdakı səfiri XİN-ə çağırılaraq, ona etiraz notası təqdim edildi. Lakin bu, çıxış yoludurmu?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluya görə, xeyr.
“Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekres kimilər Azərbaycanın icazəsi olmadan ərazimizə daxil olub erməni separatçıları ilə görüşə bilməsinlər. Əks halda, Laçın dəhlizi başımızı hələ çox ağrıdacaq”, - deyə o, musavat.com-a bildirib.
Onun sözlərinə görə, bu gedişlə Pekresin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və digərləri Azərbaycana qanunsuz daxil olacaqlar və elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”ndakı isimlərin sayı artsın və bununla müxtəlif dövlətlərlə münasibətlərdə gərginliklər yaşayaq: “Birdən həmin o Pekres Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Təbii ki, ermənilər də bunu arzulayır. Odur ki, bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir”.
Məsələ də ondadır ki, 10 noyabr üçtərəfli kapitulyasiya sənədində Laçın dəhlizi Bakının razılığı və Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında, sırf Ermənistan vətəndaşları ilə Qarabağ erməniləri üçün (!) və humanitar (!) məqsədlə yaradılıb. Dəhlizdən siyasi məqsədlər naminə, yaxud Azərbaycan dövlətinə qarşı hansısa təxribatlar üçün istifadə qəti şəkildə yollevirlməzdir! Həm Ermənistan, həm də ələlxüsus üçüncü dövlətin vətəndaşları üçün.
Ümumiyyətlə, başqa dövlətlərin vətəndaşları rəsmi Bakının izni olmadan Qarabağa daxil ola bilməz. Əfsus ki, Azərbaycanın bu xoş məramından sui-istifadə halları davam edir və get-gedə çoxalır. Bu isə həm də 10 noyabr sənədinin kobud pozuntusudur və rəsmi Bakını öz suveren ərazisi olan Laçın dəhlizi ilə bağlı hərəkətə keçib əlahiddə radikal qərarlar vermək zorunda qoyur. Söhbət dəhlizə giriş-çıxışın nəzarətə götürlməsindın gedir.
Təbii ki, vaxtaşırı özünü göstərən belə xoşagəlməz hallara görə Rusiya hərbçiləri bilavasitə cavabdehlik daşıyır. Qarabağa qanunsuz səfərlər əlbəttə ki, həm Rusiya kontingentinə, həm də onun timsalında Rusiyaya qarşı cəmiyyətimizdə olan-qalan unamı və etimadı sarsıdır...
Bu xüsusda siyasi analitik Fərhad Məmmədov əmindir ki, Valeri Pekresin təxribatının sülhməramlılardan və Ermənistan hakimiyyətindən gizli həyata keçirilməsi mümkün deyil.
Bu barədə o, Caliber.az-a açıqlamasında söyləyib.
“Yəni Ermənistan hakimiyyətinə və sülhməramlıların rəhbərliyinə səfər barədə məlumat verilib. Hətta səfərin təşkilatçıları elə sonuncular özləri olub”, - ekspert qeyd edib.
Onun fikrincə, Rusiya Laçın dəhlizində eksklüzivliyi (monopolist nəzarəti) itirmək istəmir və bunda Rusiya ilə Fransanın mövqeləri fərqlənmir. Eyni zamanda, Rusiya ola bilsin, bu yolla sülhməramlılar üçün mandat məsələsini aktuallaşdırmağa çalışır.
“Ermənistan rəhbərliyi anlayaraq ki, ”status" məsələsi artıq ortadan qalxır və ATƏT-in Minsk Qrupunun gündəliyi dövlətlərarası mövzuya transfer olur, çalışır ki, Qarabağ ermənilərinin “subyektivliyi” heç olmasa publik səviyyədə qorunub saxlansın. Ancaq İrəvan bununla son həftələrdə baş verən bütün pozitiv prosesləri təhlükə altına almaq riski yaradır. MDB sammiti öncəsi belə təxribatın həm Ermənistan, həm də Rusiya sülhməramlılar üçün neqativ təsirləri ola bilər. Laçın dəhlizinin girişində postların qurulması artıq Azərbaycan üçün daxili tələbə çevrilir və sülhməramlılar Azərbaycan cəmiyyətində onlara inamsız yanaşılması üçün əllərindən gələni edib", - politoloq vurğulayıb.
Onun qənaətincə, Bakının yaxın bir neçə gündə atacağı addımlardan çox şey asılı olacaq: “Məsələn, növbəti ortaq təlimlər Türkiyə və Pakistanla birgə Kəlbəcər və Laçında PUA-lardan istifadə edilməklə keçirilə bilər. Azərbaycanın arsenalında çoxlu sayda təzyiq mexanizmləri var ki, onlar tətbiq oluna bilər və olunmalıdır”, - siyasi analitik əlavə edib.
Heç şübhə yox ki, Azərbaycan dövləti bu yöndə öz təzyiq rıçaqlarını işə salmaq da daxil, gərəkən addımları atacaq. Ən azı o səbəbə ki, düşmən tərəf və onun havadarları daha da şirniklənməsinlər...