Fransız gəlir, rus buraxır: Laçın dəhlizinin qapadılması vacib şərtə çevrilir
Rusiya sülhməramlı qüvvələrinin üçtərəfli anlaşmaları kobud çəkildə pozması təhlükəli situasiya yaradıb; Kremlin Fransada prezident seçilmək istəyən bir “hoqqabaz” qadının Xankəndi və ətraf bölgədə nə axtardığına rəsmən izahat verməsi vacibdir...
Yenixeber.org: Xankəndi və ətraf bölgədə baş verənlər artıq bütün “qırmızı cizgiləri” aşmağa başlayıb. Azərbaycanın həmin bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri 10 noyabr anlaşmasının tələblərini demək olar ki, yerinə yetirmirlər. Hətta son baş verənlərin müşahidəsinə dayanaraq, rus sülhməramlıların həmin anlaşmanı bilərəkdən kobud şəkildə pozduqlarını da iddia etmək mümkündür.
Halbuki Rusiyanın müdafiə naziri Sergey Şoyqu Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların sabitliyin təmin olunmasında önəmli rol oynadığını vurğulayıb. Ancaq Rusiyanın müdafiə naziri rus sülhməramlıların bölgədə öz öhdəliklərini yerinə yetirmədikləri barədə nədənsə, israrla susur. Halbuki, o, sussa da, faktlar tamamilə fəqrli reallıqların mövcudluğundan xəbər verir.
Məsələ ondadır ki, 10 noyabr anlaşmasının imzalanmasından bir ildən çox vaxt keçsə də Xankəndi və ətraf bölgədə 44 günlük savaşda darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntüləri hələ də qalmaqdadır. Rusiya sülhməramlı qüvvələrinin himayəsi sayəsində bu terrorçu erməni silahlı dəstələri hətta özlərini kifayət qədər rahat da hiss edirlər. Və təxmini hesablamalara görə, bölgədə 3000-4000 nəfər arasında silahlı erməni terrorçusu var.
Belə anlaşılır ki, rus sülhməramlı qüvvələri öz öhdəliklərini yerinə yetirməyiblər və erməni terrorçuların bölgədən çıxarılması ilə bağlı heç bir addım atmayıblar. Bu azmış kimi, erməni terrorçuların rus sülhməramlıların nəzarəti altına olan ərazidə yeni səngərlər qazırlar, müdafiə-istehkam xətti yaradırlar. Bu barədə yayınlan videogörüntülərdə isə rus sülhməramlılar sadəcə, baş verənləri müşahidə edirlər. Halbuki, erməni qadınlara gül dəstələri və hədiyyə paylamaqla məşğul olan rus sülhməramlılar həmin terrorçuları tərksilah etməyə borclu idilər.
Rusiya prezidenti Vladimir Putin NATO-dan şikayətlənir. Kreml sahibi vurğulayıb ki, “NATO Rusiyanı həyasızcasına aldadıb”. Prezident V.Putin bu sözləri söyləyərkən, təbii ki, NATO-nun Şərqə doğru genişlənməyəcəyi barədə verilən qeyri-rəsmi vədləri nəzərdə tutur. Çünki həmin vədlərə baxmayaraq, NATO-nun Rusiya sərhədləri ətrafına yerləşməsi Kreml sahibini ciddi şəkildə qəzəbləndirir.
Ola bilsin ki, prezident V.Putinin NATO-nu ittiham etmək üçün özünə görə haqlı səbəbləri var. Ancaq Kremldə nədənsə, unudurlar ki, Rusiya da vaxtaşırı başqalarını aldadır və bu, heç də yaxşı hal deyil. NATO-nun Şərqə doğru genişlənməyəcəyi barədə heç bir yazılı anlaşma mövcud deyil, bu, sadəcə, qeyri-rəsmi vədlərdir. Buna baxmayaraq, həmin vədlərin yerinə yetirilməməsi Kremldəkilərə Rusiyanın aldadılması təsiri bağışlayır. Və qəzəblənirlər, NATO-nu “ittiham atəşi”nə tuturlar.
Halbuki Kreml də Xankəndi və ətraf bölgədə rus sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycanı aldatmağa çalışır. İmzalanmış üçtərəfli anlaşma və rəsmi öhdəliyin olmasına baxmayaraq, rus sülhməramlılar 10 noyabr 2020-ci ildən ötən müddət ərazində silahlı erməni terror dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması istiqamətində heç bir addım atmayıblar. Üstəlik, rus sülhməramlılar erməni hərbçilərin Xankəndi və ətraf bölgəyə mülki geyimdə gətirilmələrinə də göz yumurlar. Yəni Laçın dəhlizinə üçtərəfli anlaşmaların tələblərinə uyğun şəkildə nəzarət etmirlər.
Məsələ ondadır ki, bir neçə gün öncə Ermənistandan Laçın dəhlizi ilə Xankəndi və ətraf bölgəyə hərbi xidmət keçmək üçün göndərilən bir neçə erməni terrorçunun videosu yayılmışdı. Həmin videoda Ermənistan vətəndaşı olduqlarını açıq şəkildə etiraf edən erməni terrorçular bölgəyə Laçın dəhlizi üzərindən mülki geyimdə gəldikləri ilə lovğalanırdılar. İndi Rusiya prezidenti V.Putin bu vəziyyəti necə izah edə bilər? Bu, Rusiya tərəfindən Azərbaycanın aldadılmasına cəhd deyilmi?
Əslində, bütün bunlar da hamısı deyil. Son bir il ərzində Laçın dəhlizindən rus sülhməramlıların nəzarəti altında Ermənistanın müdafiə və xarici işlər nazirləri, keçmiş prezidentləri, erməni deputatları və s. rəsmi şəxslər də maneəsiz keçiblər. Qəribə də olsa, Kremldə bütün bu yolverilməz davranışları Rusiyanın Azərbaycanı aldatmaq cəhdi kimi dəyərləndirməyə qətiyyən həvəs göstərmirlər.
Rus sülhməramlıların Xankəndi və ətraf bölgədə “ayıq-sayıq sabitlik yaratmaq fəaliyyəti”nin əhatə dairəsi bunlarla da məhdudlaşmır. Fransada prezidentliyə namizədliyini irəli sürmüş Valeri Pekres adlı “siyasi hoqqabaz” da Xankəndiyə qeyri-qanuni səfər edərək, beynəlxalq axtarışda olan terrorçu Araik Arutyunyan ilə görüşməyə nail olub. Rusiya sülhməramlı qüvvələri isə buna hər hansı əngəl törətməyə həvəs göstərməyiblər.
Fransada prezident seçilmək niyyətində olan bir “hoqqabaz” qadının Xankəndi və ətraf bölgədə nə işi var? Əgər, bu qadın seçicilərlə görüş keçirtmək niyyətində idisə, ona erməni separatçıları səs verəcəklər? Ümumiyyətlə, Fransada keçiriləcək prezident seçkilərinin Azərbaycan əraziləri ilə nə əlaqəsi var? Fransa prezidentini ermənilər seçirsə, bu ölkənin əsl vətəndaşlarının – fransızların qüruru yoxdurmu?
Təbii ki, rəsmi Bakı Fransa prezidenti olmaq istəyən “hoqqabaz” qadının davranışlarına sərt reaksiya verib. Azərbaycanın rəsmi dairələri Fransanın Bakıdakı səfirinə etiraz notasını artıq təqdim ediblər. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan “hoqqabaz” qadının adı isə Azərbaycana daxil olması qadağan edilən arzuolunmaz şəxslərin siyahısına salınıb.
Ancaq deyəsən, bu, kifayət etməyəcək. Rusiyanın və Fransanın yolverilməz davranışlarının tamamilə bloklanması üçün daha sərt və radikal addımların atılmasına ehtiyac yaranmış kimi görünür. Belə anlaşılır ki, bütün bu problemlərin ən doğru həlli Azərbaycan ordusunun Laçın dəhlizini öz nəzarətinə götürməsi ola bilər. Yəni, rəsmi Bakı Azərbaycanın problemini yenə də özü təkbaşına həll etməli olacaq.
Məsələ ondadır ki, 30 ilə yaxın bir müddətdə Minsk Qrupu “Dağlıq Qarabağ münaqişəsi”ni sülh danışıqları ilə nizamlamaq istəmədi. Nəticədə Azərbaycan ordusu bu missiyanı öz üzərinə götürüb, bu məsələni savaş yolu ilə həll etdi. İndi də Minsk Qrupunun həmsədrləri olan Rusiya və Fransa yenə də həll edilmiş problemi təkrar aktuallaşdırmağa çalışır. Bu səbəbdən də, Rusiya sülhməramlılarına güvənmək əvəzinə, Azərbaycan ordusunun Laçın dəhlizinin bütün coğrafiyasına yerləşməsinin vaxtı artıq çatıb.
Əgər, rəsmi Bakı belə bir radikal hərbi-siyasi addım atarsa, Azərbaycan xalqının da bu qərarı dəstəkləyəcəyi qətiyyən şübhə doğurmur. Bu halda, Azərbaycan ordusunun nəzarəti altına keçəcək Laçın dəhlizi Qərb siyasi dairələrinin “radiaktiv tullatıları”nın istifadəsindən çıxarılmış olacaq. Üstəlik, Xankəndi və ətraf bölgədə hələ də qalmaqda olan separatçı-terrorçu erməni silahlı dəstələri dərhal ağ bayraq qaldırıb, təslim olmaq məcburiyyətində qalacaqlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert