GORUS-QAFAN YOLUNA NİYƏ GÖMRÜK POSTU QOYULDU? –“Azərbaycan Ermənistanın rəsmi imtinasını gözləyir...”
Dünən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Azərbaycan Gorus-Qafan yolunda gömrük və sərhəd postları yerləşdirir. Onun sözlərinə görə, Azərbaycan tərəfi məlumat verib ki, 10 noyabr gecə saat 00:00-dan etibarən Gorus-Qafan avtomobil yolunun hissələrində gömrük və sərhəd prosedurlarını həyata keçirəcək, yəni nəzarət-buraxılış məntəqəsi yaradacaq. Qriqoryan bildirib ki, buna cavab olaraq Ermənistan da həmin ərazidə gömrük və sərhəd postları yerləşdirəcək.
Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu gün Nazirlər Kabinetinin iclasında bu informasiyanı təsdiqləyib. O, bildirib ki, Azərbaycan tərəfi noyabrın 11-də Gorus-Qafan avtomobil yolunun özünə aid hissəsində - Eyvazlı-Çayzəmi kəndi ərazisində gömrük-keçid məntəqələri yerləşdirmək və gömrük, pasport nəzarəti həyata keçirmək niyyətini bəyan edib. Paşinyan iddia edib ki, orada Azərbaycan postlarının quraşdırılmasının qarşısını almaq olardı: "Sual yarana bilər: bu yolda Ermənistan Respublikasının vətəndaşlarına və mallarına münasibətdə sərhəd nəzarəti həyata keçirilməməsi üçün danışıqlar aparmaq mümkün deyildimi? Mümkün idi, amma bu dəhliz məntiqi olardı. Bu bizim üçün qəbuledilməzdir”.
Hökumət başçısı qeyd edib ki, Ermənistan öz ərazisindən hər hansı nəzarətsiz nəqliyyat dəhlizlərinin yaradılması imkanlarını qəbul etməməkdə davam edir (Paşinyan Azərbaycanın Zəngəzur dəhlizi tələbini nəzərdə tutur. Yəni Ermənistan Gorus-Qafan yolundan sərbəst istifadə edəcəksə, Azərbaycan da Zəngəzur dəhlizindən eyni qaydada istifadə etmək məsələsini qaldıracaq-red.).
Baş nazir bildirib ki, Gorus-Qafan yoluna alternativ yolun tikintisi davam edir və yol artıq işlək vəziyyətdədir: "Mən bu yolda maşın sürmüşəm və əmin edirəm ki, yüksək keyfiyyətlə çəkilib. Ötən gecə ərzində İran avtomobilləri də daxil olmaqla, oradan yüzə yaxın maşın keçərək Qafana gedib. Həmçinin yeni yolla İrəvandan Qafana gediş vaxtı artmayıb. Bundan başqa yolun Yeraşx-Gorus hissəsində əlavə təmir işləri aparılır. Tatev, Ltsen, Şurnux və Vorotan kəndlərinə də yollar çəkilir, bu qəsəbələrə gediş-gəliş ən qısa zamanda yaxşılaşdırılacaq".
Müxalif "Ermənistan" bloku isə bəyan edib ki, Azərbaycan tərəfindən Gorus-Qafan avtomobil yolunda gömrük postlarının yaradılması Sünik (Zəngəzur-red) rayonundakı erməni əhalisinin təhlükəsizliyinə və Ermənistanın müdafiə qabiliyyətinə birbaşa təhdiddir. "Bu baxımdan “Ermənistan” bloku hakimiyyətin mövqeyi ilə razılaşmaq fikrində deyil və sona qədər etiraz etmək niyyətindədir", - deyə bəyənatda deyilir.
Müxalifət hakimiyyəti növbəti dəfə güzəştə getməkdə, Azərbaycanın faktiki olaraq Gorus-Qafan yolunu tam nəzarətə götürməsinə şərait yaratmaqda ittiham edib: "Bu rejim hakimiyyətdə olduğu hər gün belə biabırçı güzəştlərə gedir. Baş nazir kürsüsündə oturan adam başqa qərarlar vermir. Amma onun əvəzindən Azərbaycan qərarlar verir. Düşmən Ermənistanın suveren ərazisində təkcə fiziki cəhətdən mövcud deyil, həm də gömrük və sərhəd məntəqələri yaradır. Bu hökumət Azərbaycana qarşı çıxmaqda gücsüzdür”.
"Ermənistan" bloku iddia edir ki, bu hadisə həm də idarəolunmaz ciddi iqtisadi risklər daşıyır. Bəyanatda qeyd olunur ki, mövcud vəziyyətin alternativi hakimiyyətin təsəvvür etdiyi kimi müharibə deyil, layiqli sülhdür. Müxalifət hakimiyyətin destruktiv siyasətinə cavab olaraq milli müqavimət hərəkatına start verdiyini bəyan edib. "Bu günün problemi müqaviməti gündəlik işə və daimi fəaliyyətə çevirməkdir. Biz hüquq-mühafizə orqanlarının təzyiq və zorakılığından qorxmadan bu yolu gedəcəyik", - deyə bəyanatda qeyd olunur.
Fərhad Məmmədov: "Laçın dəhlizində gömrük-keçid postları qoya bilərik..."
Politoloq Fərhad Məmmədov isə Ermənistanın Gorus-Qafan yoluna çəkdiyi alternativ yolun effektli olmayacağı qənaətindədir. "Görək, qış aylarında dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən dolanbaclardan yük maşınları necə keçib gedəcək", - ekspert qeyd edib.
F.Məmmədov əlavə edib ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən Gorus-Qafan yolunda heç bir problem yaranmayıb: "Bu, Bakının humanist iradəsinin nümayişi idi. Amma 11 yanvar bəyanatındakı öhdəlikləri yerinə yetirmək əvəzinə Ermənistan bu şansı qiymətləndirmədi. Əslində onun yay aylarına qədər vaxtı var idi, amma addım atılmadı və Azərbaycanın hazırki reaksiyası bunların nəticəsidir".
Politoloq xatıraldır ki, Azərbaycan avqust-sentyabr aylarında İranla münasibətlərin gərginləşdiyi dövrdə Gorus-Qafan yolunda bu ölkədən gələn yüklərə qarşı suveren hüququndan istifadə edib, lakin erməni maşınlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyib: "İndi gömrük əməliyyatlarının başlanması göstərir ki, Azərbaycan Ermənistan həmin ərazidə alternativ yol yaratdıqdan sonra mövqeyini sərtləşdirib. Erməni tərəfinin "biz də orada gömrük məntəqəsi yaradacağıq" açıqlaması da maraqlıdır: orada kimi yoxlayacaqlar?!"
F.Məmmədovun sözlərinə görə, Azərbaycan Ermənistanın kommunikasiyaların düyününü açmaqdan rəsmi imtina etməsini gözləyir: "Əgər bu istiqamətdə irəliləyiş olmasa, Azərbaycan Laçın dəhlizində sərhəd və gömrük məntəqələrinin qurulmasına başlaya bilər. Əlbəttə, yola nəzarət Rusiya tərəfində qala bilər, bu, Azərbaycanın təhlükəsizliyi təmin etmək öhdəliyini sual altına qoya bilməz".(azpolitika)