Putin-Ərdoğan görüşü: Zəngəzur dəhlizinin taleyi həll olundu?
Rusiya regionda Türkiyənin varlığını qəbul edir və müqavimət göstərmir, əksinə, bunun ümumi işin xeyrinə olduğunu deyir...
Yenixeber.org: Sentyabrın 29-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 saatdan artıq davam edən görüşü oldu. Putin-Ərdoğan görüşündə Qarabağ məsələsi də daxil, hər iki ölkəni maraqlandıran və narahat edən məsələlər masaya yatırıldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirilən görüşünü məhsuldar adlandırıb. Hər iki lider bildirib ki, Türkiyə ilə Rusiya Qarabağda sülhün əldə edilməsi üçün də əməkdaşlıq edirlər. Putin deyib ki, Türkiyənin Qarabağdakı situasiyaya təsirinin regionda sülhə imkan yaratdığını düşünür. Rusiya prezidenti qeyd edib ki, Qarabağda atəşkəsə nəzarət üzrə monitorinq mərkəzi aktiv fəaliyyət göstərir və regionda stabilliyin ciddi qarantıdır. Anlaşma nöqtələri daha çoxdur, Qarabağla bağlı isə tərəflərin ortaq mövqeyi var və bu, üstü-üstə düşür.
Ərdoğan geri qayıdarkən açıqladı: “Görüşümüzün əsas mövzusu regional məsələlər oldu”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə danışıqları başa vurub ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərlə söhbətləşib, danışıqların məzmununa dair bəzi məqamları açıqlayıb.
Prezident deyib ki, danışıqlar məhsuldar olub. Strateji əməkdaşlıq sahələrindən biri olaraq nüvə enerjisi sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib. Bildirib ki, Rusiya tərəfi Akkuyu Atom Elektrik Stansiyasının birinci blokunun tikintisini 2023-cü ilin mayında tamamlamağı planlaşdırır. “Təbii ki, bizim üç AES inşa etmək hədəfimiz var. Sayın Putinlə ”Bu iki AES-i də sizinlə birlikdə tikə bilərikmi?" deyə müzakirə apardıq. “Bu məsələ ilə bağlı çalışarıq” dedilər. Turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirməyin də əhəmiyyətini vurğuladıq. Turizmdə Rusiya bizə çox ciddi dəstək verdi. Turizmdə yaşadığımız sıxıntıları Rusiyadan gələn turistlərlə ciddi şəkildə aşa bildik", - Ərdoğan deyib. Türkiyə prezidenti danışıqlarda Suriya, İdlib mövzusunun da başlıca mövzulardan biri olduğunu bildirib. O cümlədən Əfqanıstan və Azərbaycanın Qarabağ bölgəsindəki situasiya ilə bağlı müzakirələr apardıqlarını deyib. “Rusiya prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti dəyərləndirdik. Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq”, - Ərdoğan bildirib.
Türkiyə prezidenti görüşdə Zəngəzur dəhlizinin açılmasının vacibliyi haqda da danışıldığını deyib.
“Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq. Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”, - Ərdoğan qeyd edib.
Türkiyə prezidenti habelə deyib ki, Putin bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. “Vladimir Putinlə görüşdə bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılması məsələsi də gündəmə gəldimi” sualına belə cavab verib: “Vladimir Putin onsuz da bu məsələyə hər zaman hazırdır”.
Qeyd edək ki, altılıq formatı Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan arasında əməkdaşlq platformasının yaradılmasını nəzərdə tutur.
Peskovun şərhi: “Mən konkret detallara vara bilmərəm”
Rusiya tərəfdən isə danışıqları Putinin mətbuat katibi Dmitri Peskov şərh edib. Bildirib ki, Putinlə Ərdoğan “konstruktiv, yerinə düşən, vacib və faydalı” danışıqlar aparıblar. Və bu danışıqlar hər iki tərəf üçün faydalı olub. Söhbət ilk növbədə ikitərəfli münasibətlərdən gedib. Peskovun sözlərinə görə, tərəflər Suriyaya dair razılaşmaya sadiq qalmaq məsələsində anlaşıblar.
“Burada təəssüf ki, mən konkret detallara vara bilmərəm, çünki bu informasiyalara malik deyiləm. Lakin mövzu həqiqətən müzakirə olunub. Əvvəllər əldə edilmiş razılaşmalara sadiq qalınmasının vacibliyi təsdiqlənib. Onların yerinə yetirilməsinin zəruriliyi və İdlibdən terrorçu elementlərin, hansı ki, hələ də orada mövcuddur və Suriya ordusuna qarşı aqressiv hərəkətlər həyata keçirə bilər - sıxışdırılıb çıxarılması vurğulanıb”, - Peskov bildirib.
Peskovun sözlərinə görə, tərəflər Qarabağ nizamlanmasına da toxunublar. Rusiya tərəfi qeyd edib ki, tərəflər sərhədlərin delimitasiyasına və nəqliyyat infrastrukturunun inkişafına dair kompromis həllər axtarmalıdır.
Putin-Ərdoğan görüşünün Azərbaycan üçün ciddi faydalarının olacağı şübhəsizdir
Beləliklə, əsas odur ki, Rusiya regionda Türkiyənin varlığını qəbul edir, bunu reallıq kimi dəyərləndirir və müqavimət göstərmir, əksinə, bunun ümumi işin xeyrinə olduğunu deyir. Bu, Türkiyənin Cənubi Qafqazda rolunun artmasından narahat olan bəzi dövlətlərə də açıq mətnlə verilmiş mesajdır.
Ərdoğan Suriya probleminin həllinin də Türkiyə və Rusiyanın birgə əməkdaşlığından asılı olduğunu deyib. Bu da kifayət qədər diqqətçəkən məqamdır. Çünki İran da Suriyada var, amma belə görünür ki, Tehran artıq problemin həllinə təsir imkanlarını itirib.
Siyasi analitiklər hesab edir ki, Putin-Ərdoğan görüşünün Azərbaycan üçün ciddi faydalarının olacağı şübhəsizdir.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə və Rusiya prezidentləri arasında Soçidə başa çatan görüşdə liderlər Qarabağla bağlı da fikir mübadiləsi aparıblar: “Kreml sahibi görüşün mətbuat üçün açıq hissəsində Türkiyənin Qarabağ məsələsində müsbət roluna bu cümlə ilə işarə edib. ”Qarabağdakı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aktiv şəkildə fəaliyyət göstərir və bölgədə sabitlik üçün ciddi zəmanətidir". Vladimir Putin bu əməkdaşlığı sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatı adlandırıb.
Beləliklə, Rusiya prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolunu bir daha qeyd edib. Kreml sahibi anlayır ki, Rusiya keçmiş illərdən fərqli olaraq, bölgədə Türkiyənin maraqlarını nəzərə almadan hərəkət edə bilməyəcək. Ancaq Putin eyni zamanda Türkiyənin də Cənubi Qafqazdakı Rusiya maraqları ilə hesablaşmasını istəyir.
Aydındır ki, Kreml Azərbaycanın və Türkiyənin maraqlarını tam şəkildə nəzərə almayacaq və bir görüşlə bütün suallara cavab vermək mümkün deyil. Buna baxmayaraq, Soçidə Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü Azərbaycanın maraqlarına cavab verir. Bu görüşlərin mütəmadi keçirilməsi və liderlər arasında telefon danışıqları tərəflərin bir-birindən asılılığını artırır. Əlbəttə, hər iki dövlətin liderinin baxışlarında fərqlər də var, ancaq önəmli olan dialoqun davam etməsi və ortaq nöqtələrin tapılmasıdır".
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Soçidə Putin-Ərdoğan görüşü hər iki ölkənin maraqlarının toqquşmasında ortaq nöqtələrin tapılması və anlaşma əldə edilməsi ilə nəticələndi. Hər iki ölkə demək olar ki, fikir ayrılıqlarına baxmayaraq, əməkdaşlıq və böhrandan çıxış yolları tapır: “Bu da regionda cərəyan edən proseslərdə hər iki ölkənin maraqlarının uzlaşmasına gətirib çıxarır. Demək olar ki, Soçi görüşünün nəticəsində düşünürəm ki, güzəştlər olub və tərəflər bir-birilərinin maraqlarını tanıyıb. İdliblə bağlı da düşünürəm ki, hər iki ölkə müəyyən razılığa gəlib. İki ölkə hazırda regional əməkdaşlığın ən yüksək səviyyədə platformasını qurub və Suriyada həqiqətən də sülh hər iki ölkənin bir əməkdaşlığına əsaslanır. Astana formatı artıq sona çatmış hesab oluna bilər. İran bu prosesdə ən zəif bənddir və İranın rolu Suriyada aktiv şəkildə deyil. Ankara və Moskva Suriyada prosesləri idarə edir. Türkiyə və Rusiya əməkdaşlığı Qarabağda sülhməramlı qüvvələrin fəaliyyətində ölkəmizə qarşı ciddi təxribatların da qarşını alır. İki lider Qarabağda vəziyyətə və Ermənistanla Türkiyə sərhədlərinin və Zəngəzur dəhlizinin açılmasına da toxunub. Soçidə Zəngəzur dəhlizinin taleyinin müsbət həll olunduğunu deyə bilərik. Türkiyə bu dəhlizin açılması üçün Moskva ilə sıx əməkdaşlıq edir. Təbii ki, Ankara-Moskva əməkdaşlığı Azərbaycanın milli təhlükəsizliyinin və suverenliyin təminində xüsusi rol oynayır. Azərbaycan bu əməkdaşlıqdan xeyli qazanclı çıxır”.(musavat)