Azərbaycan üçün -“bıçaq boğaza dirənib”
Azərbaycan 2-ci Qarabağ müharibəsinin başa çatmasından sonra ilk dəfədir ki, Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sərt bəyanat verib.
Yenixeber.org: ''Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır", Azərbaycan Müdafiə nazirliyi deyib.
Nazirliyin saytında yayılan açıqlamaya əsasən, son günlər ərzində Ermənistan öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin "müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə" daşıyır və Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının "inzibati hüdudlarının şərq istiqamətindəki" ərazilərdə "yeni erməni postlarını qoyması" halları müşahidə olunur.
Ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanatının 4-cü bəndinə görəRusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.
Son günlər Rusiya sülhməramlıların olduğu ərazilərə erməni hərbçilərin gətirilməsini iddia edən məlumatlar və videolar yayılır. Politoloq Elxan Şahinoğluya əsasən, bunları yayan saytlarının çoxunun hakimiyyət yönlü olduğu nəzərə alınsa, Azərbaycanın yaydığı bəyanat hadisələrin məntiqi inkişafını əks etdirir.
"Hadisələr buna doğru gedirdi", - BBC News Azərbaycancaya danışan politoloq deyir. Onun sözlərinə görə, indiyədək həmin ərazilərdə "ermənilər postlar" qurub, öz adamları və silahlarını keçiriblər və buna görə də belə bəyanat artıq verilməliydi: "Yəni bıçaq boğaza dirənib".
Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın yalnız bəyanatla məhdudlaşmamalıdır və o, Laçın dəhlizi üzərində nəzarət və Qarabağdakı erməni silahlarının "tərksilah olunması" barədə düşünməlidir.
Azərbaycan Müdafiə Nazirliyinə əsasən, son hadisələr Ermənistan müdafiə nazirinin orduya "bütün vasitələrdən" istifadə edərək güc tətbiq etmək barədə verdiyi "məsuliyyətsiz və təhrikçi" əmrinin fonunda baş verir.
Ötən həftə Ermənistan müdafiə naziri Arşak Karapetyan Azərbaycanın "hər hansı irəliləmə və ya öz mövqelərinin yaxşılaşdırmaq cəhdlərinin qarşısının alınması üzrə ciddi göstərişlər verib".
Nazir Arşak Karapetyan bu barədə qurumun kollegiya iclasında, "Ermənistan-Azərbaycan sərhədində vəziyyət, qarşı tərəfin təxribatları və buna qarşı durmaq üzrə tədbirlər"ə dair müzakirə zamanı deyib.
May ayından bəri Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgələrində gərginlik yaşanır. Tərəflər mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Bu həftə Ermənistanda olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri sərhəddəki durumun narahatlıq doğurduğunu deyib. Amma Stanislav Zasın sözlərincə vəziyyətin həll olunması üçün "siyasi imkanlar hələ tükənməyib".