Şeyxin bəyanatı və İran səfirinin Kəlbəcərə boylanması –ŞƏRH
İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistanın Qeqarkunik bölgəsinə səfər ediblər.
Yenixeber.org: Səfər Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin müşayiəti altında baş tutub.
Qeqarkunik Kəlbəcərlə sərhəddə yerləşir, İran səfiri buradan Azərbaycan mövqelərinə baxıb. Yəni Azərbaycan sərhədlərini necə möhkəmləndirir, hərbçilərimiz orada nə iş görürlər və sair – bu barədə səfirə məlumat verilib.
Düzdür, səfir burada da diplomatik bəyanat səsləndirib, lakin sual olunur ki, səfir bura niyə gəlmişdi? O diplomatik bəyanatın məkanı delimitasiya və demarkasiya gedən ərazilər yox, ən yaxşı halda səfirin kabineti ola bilərdi.
Şübhəsiz ki, İran səfirinin Azərbaycan ərazilərinə baxışı İran ali dini rəhbərliyinin göstərişinin növbəti məhsuludur. Burada təəccüblü elementlər axtarmaq da lazım deyil, çünki Tehran hər fürsətdə Ermənistanın dəyirmanına su tökmək üçün addımlar atıb.
İndi Azərbaycanın Ermənistanla sərhədlərini bərpa etmək üçün mövqelərini möhkəmləndirməsi İranı bərk narahat edir, əks təqdirdə cənab səfir niyə bizim mövqelərə boylanır?
Bunlar Tehranın siyasi ritorikasındakı ikili oyunların elementləridir. Azərbaycanda da kifayət qədər İran sevdalıları var, hər addımda Tehranın addımlarını dəstəkləyir və ya onları malalamaq üçün dəridən-qabıqdan çıxırlar.
Bir iranlıdan çox iranlı olanlar az deyil. Bu ifadəni işlədərkən milli kimlik məsələsinə yox, siyasi təfəkkürə diqqət çəkərək söyləyirik.
Yəni, iranlıdan çox İranı sevməyin mahiyyətini göstərmək istəyirik. İran sevgisinin aşırı təzahürləri bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin bəyanatında daha da özünü büruzə verdi.
Şeyxülislam Qarabağda Azərbaycanın qələbəsini təmin edən amil kimi İranın ali dini lideri Seyid Əli Xameneyinin fətvasını ön plana çəkdi.
Guya Xameneyinin “Qarabağ islam torpağıdır” fətvası olmasa idi (bu fətvanın nə zaman verildiyi barədə isə dəqiq məlumatlar yoxdur) Azərbaycan Vətən müharibəsində qələbə qazanmazdı. Yox, biz demirik şeyx konkret olaraq, cümləbəcümlə belə deyib, ancaq dediyinin kökündə dayanan bu ideyanın təbliğidir.
Cənab şeyxülislam, dediklərinizdən az keçmədi ki, İran səfiri dövlətinin mövqeyini ortaya qoyan addımı atdı. İndi buna nə ad verək?
Yazıda cəmiyyətdə şübhə dolu fikirlər yaratmaqdan çox uzağıq, amma istər-istəməz təzadlara dair suallar yaranır. Bu sualların bir qisminin də sizə ünvanlanması normaldır. Axı, siz İranın Qarabağ müharibəsindəki töhfələrini qabardırsınız!
İran rəsmiləri nə işğal müddətində, nə də Azərbaycanın qələbəsindən sonra bizim mövqelərdən Ermənistanın mahiyyətini göstərən “əl işlərinə” baxmayıb.
İndi nə baş verdi ki, İranın İrəvandakı səfiri Kəlbəcərlə sərhədə təşrif buyurdu?
Cənab şeyx, bəs bu hansı fətvanın göstəricisidir? Məqsədimiz heç də sizin çıxışı yenidən təftiş etmək məqsədi daşımır. Ta ki, İran səfiri Kəlbəcərə binoklla baxana qədər!...