Bakının sülhə məcburetmə əməliyyatı: sərhədlərimiz tanınanadək erməni analar sink tabutlar alacaq!
Azərbaycandan Ermənistanın təxribatçı rəhbərliyinə ağrılı qulaqburması - daha 3 ölü; rusiyalı siyasətçi: “Bakı və İrəvan arasında sülh sazişi qaçılmazdır...”
Yenixeber.org: Ermənistan adlı oyuncaq dövlətin Azərbaycana qarşı fitnəkar hərəkətləri bitmək bilmir. Vətən müharibəsində ordusu çökdürülən düşmən ölkə Bakının və Ankaranın çoxsaylı sülh təkliflərinə rəğmən, hələ də “daşı ətəyindən tökmək” istəmir, ağlını başına yığmaq və öz qonşuları ilə dinc-yanaşı yaşamaq əzmi göstərmir. Sərhədlərimizdə az qala, hər gün hərbi təxribatlar törədir.
Ermənistan rəhbərliyi eyni zamanda köhnə ənənəsinə sadiq qalaraq, öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmağa uğursuz səylər edir. Halbuki iki ölkə arasında istənilən xarakterli toqquşmanı da önləməyin sadə yolu məlum: bir-birinin ərazi bütövlüyünü tanımağa əsaslanan sülh müqaviləsi imzalamaq. Özü də vaxt itirmədən.
*****
Rəsmi Bakı, Prezident İlham Əliyev bunu İrəvana ən yüksək səviyyədə dəfələrlə təklif edib. “Konflikt artıq bitib, indi köhnə səhifəni qapadıb qabağa baxmaq zamanıdır”, deyə konstruktivlik nümayiş etdirib, əks halda, bunun altını yenə erməni xalqının çəkəcəyi barədə məğlub ölkənin rəsmilərinə dönə-dönə xəbərdarlıqlar edib.
Əfsuslar olsun ki, qarşı tərəfdən eyni sülhpərvər yanaşma müşahidə olunmur. Kapitulyasiyaya imza atan ölkə özünü günü bu gün də aqressiv, yekəxana, hətta qalib ədası ilə aparır, ərazi işğalı xülyası ilə yaşayır. “Status”, “artsax” deyib durur, ölkəmizə qarşı torpaq iddiasını hər addımda bəyan edir, üstəgəl, bu məqsədlə bəzi qlobal güclər və çevrələrlə məkrli oyunlar oynamağa çalışır. Sülh yox, müharibə ritorikası sərgiləyir - müharibə aparmağa ciddi resursu qalmaya-qalmaya.
Sərhədimizin Kəlbəcər istiqamətində Ermənistan silahlı qruplarının davamlı şəkildə törətdiyi təxribatlar buna bariz sübutdur. Aydındır ki, son təxribatların arxasında da bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyi dayanır. Çünki bu da Qarabağdakı qanunsuz separatçı ünsürlər deyil ki, onlara görə məsuliyyətdən İrəvan yaxasını kənara çəksin. Ermənistan ordusunun konkret rəhbəri və ona göstəriş verənləri var - baş nazir əvəzi Nikol Paşinyan və onun az öncə müdafiə naziri təyin elədiyi Arşak Karapetyan.
Təbii ki, azğınlaşan tərəf artıqlaması ilə cavabını alıb və alacaq. Müdafiə Nazirliyimizin dünən yaydığı və qarşı tərəfin də təsdiqlədiyi məlumatlara əsasən, son təxribat nəticəsində erməni tərəfinin daha 3 hərbçisi məhv edilib, ikisi yaralanıb. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.
*****
Mustafa Şentop
“Ermənistanın belə əməlləri yeni deyil, bu əməllərdən asanlıqla əl çəkməyəcəyini də düşünürəm”.
Bu sözləri ötən gün Bakıda Ermənistanın Kəlbəcər istiqamətində hücumları ilə bağlı Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. Türkiyə Böyük Millət Məclisinin sədri Bakının İrəvana sülh sazişinin imzalanmasını təklif elədiyini yada salaraq deyib: “Ermənistanda seçkilər keçirildi, Nikol Paşinyan qələbə qazandı. Ermənistan xalqı da bununla bir növ sülhə dəstək vermiş oldu. Mən Ermənistan xalqının da müharibə istədiyini düşünmürəm, müəyyən dairələr bunun tərəfdarı kimi çıxış edir. Ermənistan anlamalıdır ki, bunun yenə acı nəticələri ola bilər”.
Başqa sözlə, Ermənistan ərazi bütövlüyümüzü tanımayınca, onun canlı itkiləri azalmayacaq! Demək, erməni anaları sink tabutlar almağa davam edəcək. Bu dəfə Ermənistanın öz sərhədləri daxilindən.
“Hesab edirəm ki, Bakı ilə İrəvan arasında sülh sazişi qaçılmazdır”.
Bu barədə isə tanınmış rusiyalı siyasi şərhçi Sergey Strokan Caliber.Az-a müsahibəsində deyib. Onun qənaətincə, məsələ tərəflər arasında münasibətlərin hansısa formada istiləşəcəyindən getmir: “Gəlin realist olaq, burada hansısa istiləşmə gözlənilmir. Amma praqmatik nöqteyi-nəzərdən mövcud münaqişə potensialını dağıtmaq üçün artıq bu gün bütün tərəflərin belə bir razılaşmaya ehtiyacı var”.
Siyasətçi vurğulayıb ki, qeyri-müəyyənlik yaradan məhz razılaşmanın olmamasıdır və bu, çoxsaylı problemlər gətirir.
Vitali Arkov
Öz növbəsində tanınmış rusiyalı ekspert Vitali Arkov hesab edir ki, bir və ya beş ildən sonra Ermənistanın necə olacağı məsələsi məhz indi həll olunur. “Bəli, parlament seçkiləri keçirildi və formal olaraq Ermənistan mütərəqqi yol seçdi. Amma hətta seçkilərin rəsmi nəticələri belə göstərir ki, hazırda erməni cəmiyyəti parçalanıb, burada hələ vahid fikir və vahid mövqe yoxdur. Deməli, biz Ermənistanın seçdiyi yolda irəliyə doğru 1, geriyə doğru 2 addım izləyəcəyik. Buna Bakı da hazır olmalıdır”, - deyə o qeyd edib.
*****
Yazı hazırlanarkən Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı ki, Ermənistan-Azərbaycan dövlət sərhədində dünən Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü qəbul edilib. Ardınca Ermənistan Müdafiə Nazirliyi də oxşar aşıqlama verdi.
Lakin şübhə yox ki, bu, İrəvanın sərhəddə sonuncu təxribatı olmayacaq. Ta ki, Moskvanın da təzyiqi altında İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh müqaviləsi imzalayana və torpaq iddiasına son qoyanadək. Demək, ona qədər Bakının sərhəddə sülhə məcburetmə əməliyyatları da davam edəcək...(musavat)