Erməni ombudsman barədə -BMT-nin Ali Komissarına məktub ünvanlandı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan ombudsmanının regionda sülh quruculuğuna zərbə olan fəaliyyəti haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başele və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə məktub ünvanlayıb.
Yenixeber.org: Məktubda deyilir:
“Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan hərbi-siyasi hakimiyyətinin təsiri və təzyiqi ilə azərbaycanlılara qarşı aqressiya və dözümsüzlüyü təbliğ edən bəyanat və ifadələrin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə davamlı olaraq təbliğ olunur. Regionda insan hüquq və azadlıqlarını ciddi təhdid edən bu vəziyyət ölkə Ombudsmanı olaraq məni dərindən narahat edir.
Sizin də bildiyiniz kimi, BMT tərəfindən qəbul edilmiş universal prinsiplər olan “Paris Prinsipləri” milli insan hüquqları institutlarinı müstəqil və qərəzsiz fəaliyyət göstərməyə çağırır. Ölkədə fəaliyyət göstərən milli insan hüquqları institutu olaraq təsisatımız Paris Prinsiplərinin tələblərinə uyğun olaraq, müstəqil şəkildə və hər hansı bir ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqlarını müdafiə etməkdədir.
Biz münaqişə dövründə bir çox faktaraşdırıcı missiyalar həyata keçirmiş, Ermənistan ordusu tərəfindən hərbi hücumlara məruz qalan mülki yaşayış yerlərində araşdırmalar aparmış, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının tələblərinin pozulması faktlarına dair xüsusi hesabatlar hazırlayaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına ünvanlamışıq.
Eyni zamanda BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında hər hansı bir ayrı-seçkiliyə yol vermədən erməni hərbi əsirlərlə rəftar və onların saxlanma şəraiti monitorinq olunub.
Başçəkmə zamanı hərbi əsirlər Ombudsman tərəfindən fərdi qaydada qəbul olunmuş, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunmuş, Mili Preventiv Qrupun həkim üzvünün iştirakı ilə müayinə olunublar.
Biz çox istərdik ki, Ermənistan ombudsmanı da iki millət arasında nifrət hissini artıran bəyanatlar vermək yerinə Ermənistan hərbi-siyasi hakimiyyətinin azərbaycanlılara qarşı aqressiya və dözümsüzlüyü təbliğ edən çıxış və bəyanatlarını araşdırsın, sülhün bərqərar olmasına öz töhfəsini vermiş olsun.
Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, istər münaqişə dövründə, istərsə də münaqişədən sonra Ermənistan ombudsmanın bu istiqamətdə heç bir fəaliyyətinə rast gəlməmişik, əksinə siyasi məqsədlərə xidmət edən fəaliyyətin şahidi olmuşuq.
Müasir dövrdə post-müharibə dövründə gələcəkdə iki xalq arasında yaranacaq əməkdaşlıq və regionda sabit sülh şəraiti barəsində müzakirələr aparılması gözlənildiyi halda Ermənistan parlamentinin üzvləri və müxtəlif qurum rəhbərləri Azərbaycana və onun vətəndaşlarına qarşı etnik cəhətdən dözümsüzlüyü ifadə edən müxtəlif bəyənatlar səsləndirirlər.
Müharibə dövründə Azərbaycanın Mingəçevir elektrik stansiyasının vurulması ilə bağlı çağırışlar edən deputat Naira Zohrabyan, o cümlədən Azərbaycan Milli Məclisinin deputatı Tural Gəncəliyevi “Twitter” sosial şəbəkəsində təhdid edən Lilit Gyozalyan həmin nifrət siyasətinin davamçılarındandır.
Belə ki, daim azərbaycanlılara qarşı irqi çıxışlar edən Robert Köçəryan 16 yanvar 2003-cü il tarixində Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı azərbaycanlıların və ermənilərin “etnik və genetik baxımdan uyğunsuz olmaları” kimi irqçi fikirlər söyləmiş və Qarabağdakı erməni əhalisinin Azərbaycan dövləti daxilində yaşamasının mümkün olmadığını açıqlamışdı. Bu hadisədən sonra – yanvarın 30-da Strasburqda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualına cavab verən R.Köçəryan demişdi: “Bəli, mən əslən Dağlıq Qarabağdanam. Bəli, mən döyüş əməliyyatlarında iştirak etdiyim və bu gün nail olduğumuz nəticələr üçün fəxr edirəm”.
Birinci Qarabağ müharibəsi dövründə şəxsən iştirak etmiş və erməni gənclərlə görüşlərində daim fəxr hissi ilə bu hadisələrdən danışan Ermənistanın sabiq prezidenti Serj Sarkisyan “Xocalıdan qabaq azərbaycanlılar elə fikirləşirdilər ki, onlarla zarafat edirik. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik” və “Biz öz missiyamızı yerinə yetirdik Qarabağı düşmənlərdən azad etdik. İndi isə növbə sizindir” kimi münaqişəni alovlandıran nitqlərdən istifadə edərək gələcək nəsillərə öz nifrət siyasətini təlqin edib.
İnformasiya texnologiyalarının imkanlarından istifadə etməklə qatı şəkildə anti-Azərbaycan siyasətinin aparılması, azərbaycanlılara qarşı nifət nitqi, Ermənistan cəmiyyətində azərbaycanafobiyanın yaradılması düşmənçiliyin yenidən təşəkkül tapmasına, yeni cinayətlərin törədilməsinə zəmin yaradan amillərdəndir.
Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu kimi siyasət ancaq iki ölkədə deyil, həm də bütün regionda insan hüquqlarına, sülhün və təhlükəsizliyin təmininə təhlükə yaradır.
Beynəlxalq müstəvidə tanınan tarixi torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan münaqişə səhifəsini birdəfəlik qapatmağa və Ermənistanı bölgədə sülhü və təhlükəsizliyi bərqərar etmək üçün regional əməkdaşlığa qoşulmağa çağırır.
Təəssüf ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti bu əməkdaşlıq çağırışlarına reaksiya verməyərək beynəlxalq miqyasda Azərbaycana qarşı nifrət hissini gücləndirən təbliğat aparmaqda israrlıdır.
Mən İnsan Hüquqları üzrə Komissar olaraq, sizə müraciət edərək xahiş edirəm ki, Ermənistan Ombudsmanına, fəal vətəndaş cəmiyyəti institutlarına milli ədavəti qızışdıran, iki millət arasında nifrət hissini artıran bəyanatlara artıq son qoymaq, əksinə insan hüquqlarının etibarlı şəkildə müdafiəsinə xidmət edən, sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinə yönələn fəaliyyət göstərmələri üçün çağırış edəsiniz. Sözsüz ki, bu ancaq Azərbaycan və Ermənistanda deyil, bütün regionda sülh və sabitiliyin bərqərar olması, heç bir ayrı-seçkiliyə yol vermədən, bütün insanların hüquqlarının etibarlı müdafiəsi üçün vacib şərtdir".