Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistandan ziddiyyətli açıqlamalar: Ara, bəsdirin də!

                      Bəzi bəyanatlarına görə Ayvazyan artıq Paşinyandan xəbərdarlıq alıb

 

Yenixeber.org: Türkiyənin Ermənistanla sərhədlərini bağlı saxlamaq üçün artıq heç bir səbəb yoxdur. Ermənistan xarici işlər naziri Ara Ayvazyan bunu parlamentdəki hökumət saatında söyləyib. Əslində, “Azadlıq” radiosunun qeyd etdiyi kimi, Ermənistanla Azərbaycan arasında gözlənilən nəqliyyat əlaqəsinin bərpa olunmasından sonra rəsmi İrəvanın Türkiyə ilə sərhədin açılmasında maraqlı olduğuna eyham vurub.

 

Eyni zamanda, xarici işlər naziri Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı danışıqların hazırda Türkiyə ilə aparılmadığını vurğulayıb: “Beynəlxalq ictimaiyyətin təzyiqi ilə Türkiyə tədricən normal prosesə qayıtmalıdır və hər şeydən əvvəl məsələ ondadır ki, Ermənistanın blokadada olması üçün artıq heç bir səbəb yoxdur. Bildiyiniz kimi, blokada, sərhədlərin bağlanması “Artsax”da (dırnaq bizimdir - red.) güc tətbiq edilməsi nəticəsində dəyişdirilən status-kvo ilə əlaqəli idi və Türkiyənin artıq sərhədi qapalı saxlamağa bir səbəbi yoxdur. Bu anda heç bir proses yoxdur, ancaq diplomatiyamız Ermənistanın təhlükəsizliyini möhkəmləndirmək naminə ətraf mühitimizi əlverişli etmək üçün təsirli səylər göstərəcək”.

 

Ayvazyan Qarsdakı Azərbaycan-Türkiyə hərbi təlimlərinə də münasibət bildirib və hər hansı bir hərbi təlimin narahatlığa əsas verdiyini qeyd edib: “Hər hansı bir hərbi təlim narahatlığa səbəb olur və bir tərəfdən oxşar təzahürləri, digər tərəfdən Türkiyədən gələn müxtəlif mesajları görürük”.

 

Onun sözlərinə görə, diplomatiyada müəyyən məqamlarn mesajlar vasitəsilə çatdırılması adətdir. Ancaq Türkiyə amilini nəzərə alaraq, mesajlar deyil, hər şeydən əvvəl konkret addımlar atmağın vaxtı gəldi.

 

Ümumiyyətlə, olduqca maraqlıdır. Axı, Ayvazyan hökumətə daxil olandan bəri bir növ “şahin” rolunu oynamağa çalışır: Ermənistanın müharibədəki məğlubiyyətinin həqiqətini anlamamış kimi davamlı sərt açıqlamalar verir, Qarabağa “rəsmi səfərə” gedir ki, bu da Bakının sərt reaksiyasına səbəb oldu. Onun indiki yarıbarışdırıcı mesajları nə deməkdir? Paşinyan onu danlayaraq, mövcud vəziyyətə daha adekvat olmağa çağırıb?

 

Yeri gəlmişkən, Türkiyə Ermənistana bir şərt də qoya bilər ki, sərhədlərin tam hüquqlu bir şəkildə açılmasını yalnız İrəvan Üçtərəfli Sazişin şərtlərinə tam əməl edərsə, yəni Rusiya sülhməramlılarının nəzarəti altındakı bölgəyə Azərbaycanın bir hissəsi kimi baxarsa, reallaşdırmaq mümkündür.

 

Ayvazyanın bu çıxışını saytımıza şərh edən deputat, politoloq Rasim Musabəyovun sözlərinə görə, Ermənistanın xarici işlər naziri tam olaraq Paşinyanın komandasından olan adam deyil: “Çox güman ki, müvəqqəti bir insandır və hər halda gedəcək - ya Paşinyan öz hakimiyyətini gücləndirəndə, ya da müxalifət hakimiyyətə gələndə. Bu səbəbdən Ayvazyan ölkənin real beynəlxalq problemləri ilə deyil, daha çox özünün PR-ı ilə maraqlanır. Erməni KİV-lərinin yazdığı kimi, Türkiyə daxil olmaqla, bəzi açıqlamaları üçün Ayvazyan artıq Paşinyandan xəbərdarlıq alıb”.

 

“Onun Azərbaycan ərazilərinin işğaldan çıxarılması ilə bağlı əvvəlki tələbləri, əslində yerinə yetirildiyi üçün Türkiyənin artıq Ermənistanla sərhədlərin açılması üçün əngəllərin olmadığını söyləyən indiki açıqlaması ritorikadır. Təsəvvür etsək ki, siyasi maneələr yoxdur, amma bu halda belə, sərhədlərin açılması üçün bir sıra tədbirlər və təsdiqlər, o cümlədən dəmir yollarının qaydaya salınması, sərhəddən keçmə proseduru, gömrük və sərhəd nəzarəti, qarşılıqlı yaşayış məntəqələri, lokomotivlərdən istifadə və s. məsələlər həll edilməlidir. Digər problemlər də var, məsələn, diplomatik nümayəndələrin olmaması və viza rejiminin tənzimlənməməsi”, - ekspert bildirib.

 

“Bundan əlavə, Ermənistan hakimiyyəti Türkiyədən gələn mallara gülünc sanksiyalar elan etdi və Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana aparan yollar hələ də bağlıdır. Bu halda dəmir yolu və avtomobil yolu ilə Ermənistana və Ermənistandan nə nəql ediləcək? Deməli, sərhədi açmaq üçün Türkiyəyə təzyiq göstərməyə ehtiyac yoxdur və heç kim belə bir təzyiq göstərə bilməz”, - deputat vurğulayıb.

 

Musabəyov hesab edir ki, sadəcə Ayvazyan və digər erməni siyasətçilər, uzun müddətdir davam edən problemləri konkret həll etmək əvəzinə beyinlərini işə salmalı və təbliğat cəfəngiyyatı ilə məşğul olmağı dayandırmalıdırlar: “Eyni şey Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə də aiddir. Bənzər Ermənistan-Rusiya hərbi təlimləri Türkiyə və Azərbaycan sərhədləri yaxınlığında keçirilmirmi? Ayvazyanın bu mövzuda deyinməsinə və narahatlıq bildirməsinə nə ehtiyac var? Onsuz da heç kim onun deyinməsinə ciddi əhəmiyyət vermir”.(ayna.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam