Bakı hərbi zəfərini iqtisadi triumfa çevirir -İrəvanın revanş arzusu basdırılır
Bu gün Moskvada başlayacaq üçtərəfli görüşdən əsas gözlənti; Ermənistan ordunun bərpası yox, özünün xilası haqda düşünməlidir; tanınmış erməni Bakı və İrəvanda qarşılıqlı konsulluq açmağı təklif etdi...
Yenixeber.org: Bu gün - yanvarın 27-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin bir araya gəlməsi gözlənilir. Məlumatlara görə, tərəflər Güney Qafqazda nəqliyyat əlaqələrinin qurulmasını müzakirə edəcəklər. Danışıqlarda Rusiyanı Aleksey Overçuk, Azərbaycanı Şahin Mustafayev, Ermənistan tərəfini isə Mqer Qriqoryan təmsil edəcək.
“Yeni Müsavat” xatırladır ki, belə bir formatda görüş razılığı yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü zamanı əldə edilib və imzalanan üçtərəfli sənəddə əksini tapıb. Həmin format üzrə iştirakçıların əsas vəzifəsi bölgədəki nəqliyyat əlaqələrinin tam bərpası və ya inşasının lazım olub-olmadığını müəyyənləşdirməkdir.
*****
Bildirilir ki, baş nazir müavinləri bir neçə mümkün layihəni, o sırada Ermənistan ərazisi ilə Azərbaycanın materik hissəsi və Naxçıvanı, Ermənistan və Rusiyanı birləşdirəcək dəmiryolunun inşasını müzakirə edəcəklər. “Hazırda Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında yalnız hava əlaqəsi var. Bakı habelə ərazidən keçəcək bir avtomobil şosesinin inşasına nail olmaq istəyir”, - deyə Rusiyadakı diplomatik mənbə RBK-ya bildirib.
Rusiya və Ermənistan arasında da çoxdandır birbaşa əlaqə yoxdur. Əvvəllər bu, Gürcüstan üzərindən həyata keçirilirdi, lakin 2008-ci ildəki “5 günlük müharibə”dən sonra kəsilib. Bundan başqa, baş nazir müavinləri görüş zamanı Ermənistan və İranın Naxçıvandan keçən dəmir yolu vasitəsilə birləşdirilməsi təklifini də müzakirə edəcəklər.
Onu da qeyd edək ki, Azərbaycan artıq öz ərazisində ortaq dəmir yolunun bir hissəsinin tikintisinə başlayıb. Dekabrın sonunda Prezident İlham Əliyev bildirmişdi ki, Horadizdən Ermənistanla sərhəd Zəngilana qədər xətt çəkmək üçün ölkəyə ən çox 2 il vaxt lazımdır. Naxçıvanla Azərbaycanın materik hissəsi arasında əlaqələrin bərpası isə qardaş Türkiyə ilə birbaşa əlaqələri təmin eləməklə, iki dövlət arasında işbirliyini keyfiyyətcə yeni, ən yüksək mərhələyə qaldıracaq. Bütün bunlar isə yekunda Bakının öz hərbi qələbəsini iqtisadi triumfa çevirməsinə zəmin yaradacaq.
*****
Beləliklə, 44 günlük müharibənin başa çatması və 10 noyabr üçtərəfli sənədinin imzalanmasından sonra ilk dəfə tərəfləri konkret iqtisadi gündəm bir araya gətirəcək və onlar ilk dəfə konkret iqtisadi layihələri və qarşılıqlı əməkdaşlığın bərpasını birgə müzakirə edəcəklər.
Aydındır ki, iqtisadi münasibətlərin tədrici bərpası Ermənistanın, nəhayət, blokadadan çıxması və bölgə ölkələri ilə inteqrasiyası üçün unikal imkan yaradacaq. Məğlub ölkənin iqtisadi dirçəlişi üçün başqa yol, sadəcə, qalmayıb. Böhran içində olan, yoxsul erməni xalqının köklü maraqları da indi məhz bunu diktə edir. Bakıya qarşı revanş çağırışları edənlərin arxasınca getməyin, ordu quruculuğu haqda düşünməyin zamanı deyil. Əks halda, ölkə indikindın də acınacaqlı duruma girə bilər.
Bunu sağlam düşüncəli ermənilər də anlayır. Məsələn, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan özünün facebook səhifəsindən İlham Əliyevə və Nikol Paşinyana müraciət edərək, “qısa müddətdə Bakı və İrəvanda müvafiq konsulluq xidmətlərinin açılışı ilə Ermənistan və Azərbaycan vətəndaşlarının hərəkət azadlığını təmin etməyi” xahiş edib (Virtualaz.org).
Hüquq müdafiəçisinə görə, “ikitərəfli və çoxtərəfli görüşlərin ölkələrimiz ərazisində keçirilməsi də konfliktin qəti həlli prosesində etimad mühitinin yaradılması üçün zəruri zəmin yaradacaq”.
Vanyan iki ölkənin liderlərinə müraciətində onu da qeyd edir ki, “viza rejiminin yaradılması sərhədboyu zonada yaşayan vətəndaşların qarşılıqlı səfərlərinə imkan verəcək. Tavuş və Qazağın özünüidarəetmə orqanları arasında, beynəlxalq təşkilatların iştirakı ilə birbaşa təmaslar həm dövlət sərhədinin demarkasiyası prosesində, həm də minaların təmizlənməsi və infrastrukturun inkişafına yönəlmiş layihələrin həyata keçirilməsində konstruktiv əməkdaşlıq üçün bir fürsət yaradacaq”. Hüquq müdafiəçisi həmçinin “bütün maraqlı şəxslərə və təşkilatlara Ermənistan və Azərbaycan rəhbərliyinin müsbət reaksiyasına səbəb olacaq informasiya kampaniyasına başlamaq” təklifi ilə çıxış edib.
*****
Əlbəttə ki, bu qəbildən təkliflərin real məzmun qazanması üçün ictimai dəstəyə ehtiyac var. Xüsusən də erməni toplumunda. Əfsus ki, radikal-revanşist qüvvələr, o sırada daşnaklar və xaricdəki varlı erməni diasporu iki xalq arasında barışığa var gücləri ilə əngəl olmağa, Azərbaycan və Ermənistan arasında nifrət toxumu səpməyə davam edirlər. Artıq tarixin zibilliyinı verilmiş status məsələsi ilə erməni xalqının beynini təzədən “yuyaraq” onu yeni müharibəyə kökləməyə çalışırlar. Halbuki yeni reallıq erməni tərəfinə müharibə, ordu haqda deyil, iqtisadi dirçəliş və təcili şəkildə blokadadan çıxmağı diktə edir.
Arşavir Karamyan
“Artsax” adlı ölü və üfunətli meyitindən əl çəkməyin zamanı gəlib".
Bu barədə erməni generalı Arşavir Karamyan özünün facebook səhifəsindən həmvətənlərinə etdiyi müraciətdə yazıb. Erməni general üzdəniraq “dqr”in artıq mövcud olmadığını soydaşlarına izah etməyə çalışıb. O, “artsax” adlandırılan “dövlət və yerli özünüidarəetmə sistemi”ni ölü, iylənmiş və çürümüş heyvana bənzədib...
*****
Şübhəsiz ki, erməni xalqının nicatı Vanyan və Kərəmyan kimi praqmatik düşünən soydaşlarının səsinə səs verməyə bağlıdır. Çünki belə çağırışlar, həmçinin bu gün Moskvada iqtisadi mövzuda keçiriləcək üçtərəfli müzakirələr faşist-daşnak ünsürlərin revanş arzusunu həmişəlik basdırmağa xidmət edir. “Ölü və üfunətli artsax meyiti” kimi...
“Müsavat”