İrəvan üçün açıq saxlanan qapı -Bakı və Ankaradan barışıq əli, ortaq “yol xəritəsi”
Ermənistanda qonşularla əməkdaşlıq və dialoq sədaları hələ ki, pəsdən gəlir; 11 yanvar anlaşmasından ən çox məğlub ölkə uduşda ola bilər, çünki...
Yenixeber.org: Ermənistanda tədricən də olsa, bu ölkənin inkişafı və təhlükəsizliyi baxımından qonşu ölkələrlə əlaqələrin alternativinin olmadığını anlayanlar sayca artmaqdadır. Hər halda bölgədən heç bir ölkə, heç bir xalq buxarlanası deyil. Enində-sonunda qonşu xalqlar düşmənçiliyi və incikliyi unudub bir-biri ilə iki və çoxtərəfli əlaqələr qurmaq zorundadır - siyasi-diplomatik, iqtisadi, humanitar sahələrdə. Bu imperativ də ən əvvəl ərazi iddialarını unuda bilməyən məğlub Ermənistana aiddir.
Hələlik bu yöndə siqnallar daha çox Paşinyan iqtidarının təmsilçiləri və tərəfdarlarından, o sırada hökumətin və parlamentdəki hakim fraksiyanın bəzi üzvləri tərəfindən səslənməkdədir. Bu qəbildən bəyanatlar dərhal ictimai-siyasi mühitdə güclü qıcıq doğursa da. Ancaq məsələ ondadır ki, etiraz edənlər alternativ bir proqram, “yol xəritəsi” ortaya qoya bilmirlər. Bu, mümkün də deyil, çünki başqa alternativlər, sadəcə, yoxdur.
Sual yaranır: o zaman ura-patriotlar və revanşistlər öz xalqından nə istəyir, onun həmişəlik tənəzzül zolağında, bədbəxt və miskin gündə qalmasınımı arzu edirlər? Axı 11 yanvar Moskva anlaşmasının reallaşmasından ən çox Ermənistan, onun yox olmaqda olan dövlətçiliyi uduşda ola bilər. Bunu hesablamaq üçün mütəxəssis olmağa lüzum yox. Ermənistan eləcə də özünə ən yaxın saydığı qonşu İranla normal əlaqələri məhz Naxçıvan üzərindən qurmaq və genişləndirmək imkanı əldə eləmiş olacaq.
Şübhəsiz ki, 1 nömrəli strateji müttəfiq olan Rusiya Ermənistana yenə silahlar, təhlükəsizlik zəmanəti təklif edə bilər, lakin 30 illik zaman kəsiyi göstərdi ki, ölkənin iqtisadi inkişaf və rifah məsələləri Moskvaya yox, qapı qonşularına - Azərbaycana və Türkiyəyə bağlıdır. Bunu şimal qonşumuz da anladığı üçün 11 yanvar razılaşması üçün Kreml moderatorluq etdi. Hər necə olmasa, Rusiya ondan ötrü “qulpsuz çamadan”a çevrilmiş Ermənistanı sonsuzadək özünə yük eləmək niyyətində deyil...
*****
“Regionda nəqliyyat əlaqəsinin bərpası öz-özlüyündə Ermənistanın təhlükəsizlyinin təminatı olacaq”.
Mger Qriqoryan
Bunu Ermənistan baş nazirinin müavini Mger Qriqoryan iki gün öncə parlamentdə deputatların suallarına cavab verərkən deyib. Nazir müavini bildirib ki, bu məsələ həll olunmalıdır.
“Yolların açılması məsələsinin düzgün həll olunacağı təqdirdə bu, təhlükəsizliyin təminatı olacaq. Amma hələlik hazır variantlar yoxdur. Müzakirələr mərhələsi hələ başlamayıb”, - deyə o qeyd edib və əlavə edib ki, bu ayın sonunda məsələ ilə bağlı ilk görüş keçiriləcək.
Yada salaq ki, söhbət 11 yanvar Moskva razılaşmasına əsasən Azərbaycan, Rusiya və Ermənistan hökumət başçılarının müavinləri səviyyəsində üçtərəfli görüşdən gedir. Baş nazi müavinləri bölgədə bütün kommunikasiyaların və yolların açılması üçün konkret tədbirlər planı (“yol xəritəsi”) hazırlayaraq martın 1-dək dövlət rəhbərlərinə təqdim etməlidirlər.
Onu da xatırladaq ki, az öncə Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Ermənistanın bütün qonşu ölkələrlə əlaqələri qaydaya salmalı olduğunu söyləmiş, revanşist çağırışları “ziyanlı və reqressiv” adlandlrmışdı. Mger Qriqoryan kimi o da hakim “Mənim addımım” partiyasının üzvüdür.
Sərhədlərin açılması zərurəti, Türkiyə və Azərbaycanla barışıq haqda jestlər daha əvvəl habelə baş nazir Nikol Paşinyanın, iqtisadiyyat naziri Vaan Kerobyanın dilindən səslənib. Öz növbəsində ölkə parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan ötən ay demişdi ki, qonşu ölkələrlə siyasi-diplomatik münasibətlərin yaxşılaşması problemləri dialoq vasitəsi ilə həll etmək və gərginliyin qarşısını almaq üçün çox vacibdir.
Sitat: “Dövlətlər müharibə vəziyyətindədir, kimsə qalib gəlir, kimsə məğlub olur, lakin bu, o demək deyil ki, daim müharibə şəraitində yaşamaq lazımdır. Müharibəni təxirə salmağın ən yaxşı yolu münasibətlər və dialoqdur. 90-cı illərdə Türkiyə ilə müəyyən əlaqələr var idi. Bu ölkə müstəqilliyini elan etdikdən sonra Ermənistanı ilk tanıyanlardandır. Həmçinin Azərbaycanla müxtəlif səviyyələrdə əlaqələr qurmaq, sülh barədə danışmaq lazımdır”.
*****
Sözsüz ki, qarşılıqlı əlaqələrin bərpasından hamı uduşda olacaq. Xüsusən də müharibə nəticəsində dərin sosial-iqtisadi böhran yaşayan, dənizlərə çıxışı olmayan, blokadadan əziyyət çəkən və iflas olmuş Ermənistan. Hazırda Türkiyə və Azərbaycana ən çox ehtiyacı olan məhz odur - Ermənistan.
Əlbəttə ki, 44 günlük müharibədən sonra qarşılıqlı etimadın bərpası zaman alacaq. Ona kimi də qonşu ölkədə 11 yanvar sənədi ilə bağlı spekulyativ və skeptik bəyanatlar yəqin ki, səngiməyəcək.
Ancaq Ermənistanda gərək onu da unutmasınlar ki, Bakı və Ankara heç bir ön şərt qoymadan, İrəvandan qonşu dövlətlərin ərazi bütövlüyünü tanımağı tələb eləmədən iqtisadi əlaqələrin bərpasını təklif edir. Obrazlı desək, barışıq qapısını indi də açıq saxlayıb. Bu, Azərbaycan və Türkiyə tərəfdən İrəvana olduqca mühüm, bənzərsiz və tarixi bir jestdir.
Beləcə, Ermənistanda pəsdən gələn barışıq çağırışları kövrək də olsa ümid yaradır ki, sonuc etibarilə məğlub ölkə inkişafın yeganə vektorunu düzgün müəyyənləşdirə biləcək. Bakı və Ankaranın uzatdığı əməkdaşlıq təklifi nə qədər tez qəbul olunsa, erməni xalqı da üzləşdiyi bəlaları bir o qədər tez və sürətli adlayar...
“Müsavat”