Ermənistana türk “xilas kəməri” -işğalçı çarəsiz durumda
İnqilab liderinə ilk təbrik ABŞ-dan gəldi, düşmən ölkənin taleyi isə Bakı və Ankaranın əlində qalır; İrəvan gec-tez qonşu türk paytaxtlarına üz tutmaq zorunda qalacaq; rusiyalı şərhçi: “Əliyevlə iki dəfə görüşən Paşinyan başa düşür ki...”
Yenixeber.org: Ermənistanda dekabrın 9-da keçirilən və Nikol Paşinyanın “Mənim addımım” blokunun qələbəsi ilə bitən parlament seçkiləri ilə bağlı ilk təbrik ABŞ-dan gəlib. Belə ki, ABŞ-ın İrəvandakı səfirliyi özünün facebook səhifəsində “uğurlu seçkilər” münasibəti ilə erməni xalqını təbrik edib. Təbrikin sonunda isə Ermənistan bayrağının rənglərində sevgi simvolu - ürək smayliki qoyulub.
Avropa Birliyi də təbrik məsələsində gecikməyib. MDB ölkələrindən isə hələlik Moldova prezidenti İqor Dodonun Paşinyanı qələbə münasibətilə təbrik etdiyi açıqlanıb. Maraqlıdır ki, yazı hazırlanarkən Rusiyadan və onun İrəvandakı səfirliyindən seçkilərin nəticələri ilə bağlı heç bir reaksiya yox idi. Bu yerdə bir daha yada salaq ki, yeni parlamentə əsasən qərbyönlü, “məxməri inqilabı” dəstəkləyən qüvvələr düşüb. Rusiyameylli qüvvələrin isə heç biri, o cümlədən S.Sərkisyanın partiyası parlamentdə təmsil olunmayacaq.
*****
Artıq Paşinyanın seçki sonrası bəyanatları gəlməyə başlayıb.
“Ermənistan NATO üzvlüyünə can atmır”. Bunu o, seçkilərdən sonra İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. “NATO ilə münasibətlərimiz var, təşkilat çərçivəsində biz Əfqanıstan, Kosovo və s. sülhməramlı missiyalarında iştirak edirik. Əməkdaşlıq davam edəcək”, - deyə Paşinyan vurğulayıb.
Lakin “NATO-ya can atmırıq” söyləmək, hələ “üzv olmayacağıq” kateqorik anlamına gəlmir. Bunu Kremldə də bilirlər. Moskvada həmçinin yaxşı fərqindədirlər ki, Ermənistanın yeni parlamentində qərbpərəst, NATO-pərəst qüvvələr mütləq çoxluqda, hətta konstitusion üstünlükdə (2/3) olacaq. Bu isə yeni parlamentdə Qərblə yaxınlaşmanın xeyrinə istənilən anlaşma və sənədin asanca qəbulu üçün münbit hüquqi zəmin deməkdir. Eyni dərəcədə Rusiya ilə yaxınlığa xidmət edən müqavilə və sənədlərin qüvvəyə minməsi prosedura qəlizləşmiş olacaq.
Bu da var ki, NATO ilə münasibətlər qurmaq üçün qonşu və NATO üzvü Türkiyə ilə münasibətlər qurmaq gərəkdir. Biz hələ onu demirik ki, Alyansa üzvlük üçün bütün üzvlərin, o cümlədən qardaş ölkənin razılığı lazım gələcək.
*****
Yeri gəlmişkən, parlament seçkilərindən bir gün sonra Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan “Türkiyə ilə heç bir şərt olmadan birbaşa əlaqələr qurmağa hazırıq” deyib. Belə açıqlama ilə o, 9 dekabr seçkilərindən az öncə də çıxış eləmişdi. Eyni zamanda özündənrazı şəkildə o vaxt bunu da bildirmişdi ki, “Ermənistanı blokadada saxlamaqla, ona təzyiq eləməklə İrəvanın mövqeyinin dəyişəcəyinə ümid edənlər yanılır”.
Təbii ki, belə açıqlamanı azad və müstəqil bir dövlətin, iqtisadi və hərbi təhlükəsizliyini sərbəst şəkildə, özü təmin edən bir ölkənin başçısı dilə gətirsəydi, yenə ciddiyə almaq olardı. Amma iqtisadi böhran içində olan Ermənistanın xarici sərhədlərini belə, Rusiya hərbçiləri qoruyur. Bununla belə, Türkiyə ilə bağlı seçki sonrası bəyanatın daha yumşaq xarakterli olması diqqət çəkməyə bilməz.
Ancaq qardaş ölkənin bu məsələdə mövqeyi çoxdan bəlli: rəsmi Ankara dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarının işğalına son verilməyincə, ən azından keçmiş DQMV ətrafındakı 7 rayondan 5-i qeyd-şərtsiz boşaldılmayınca iki ölkə arasında sərhədlərin açılması, diplomatik-ticari münasibətin bərpası mümkün olmayacaq.
Bu da faktdır ki, “yeni Ermənistan” üçün Türkiyənin dəyəri ikiqat artıb. Çünki Rusiya ilə pisləşən əlaqələr, qonşu İranla ABŞ-ın düşmənçiliyi fonunda işğalçı ölkə getdikcə daha təklənmiş duruma düşəcək. Bu isə əsas qonşulardan heç olmasa, biri ilə - Türkiyə ilə əlaqələri yaxşılaşdırmağı zəruri edir. İstisna deyil ki, bu yöndə Vaşinqton “öz adamı” Paşinyana görə Ankaraya müəyyən təsirlər də eləsin.
Lakin vurğulandığı kimi, Qarabağ məsələsində ciddi irəliləyiş olmayınca Paşinyan bu istiqamətdə arzusuna çatmayacaq. Yaxın qonşularla münasibətlər olmadan uzaq ABŞ-a Avropaya ümidlənmək isə illüziyadır. Qonşuluqdakı Gürcüstan nümunəsi var. Gürcüstan hələ Rusiya xaric, bütün qonşularla normal əlaqələrə malikdir. Ermənistana qarşı isə 4 qonşudan ikisi, həm də əsas qonşular blokada siyasəti yürüdür.
Bu mənada Ermənistan üçün ən etibarlı xilas - “türk kəməri” ola bilər. İrəvan gec-tez üzünü türk paytaxtlarına tutmaq zorunda qalacaq.
*****
“Çox tezliklə Paşinyan özünün babat siyasi kapitalından daxili və xarici siyasətdə necə yararlanmaq istəməsi ilə bağlı prinsipial qərar verməlidir. O, iqtisadiyyatın liberallaşdırılması, korrupsiya və inhisarçılıqla mübarizə yolu ilə gedəcək, yoxsa ətrafı ilə birgə özü qüsurlu sistemin tərkib hissəsinə çevriləcək?”
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı siyasi şərhçi Mixail Belyayev “Vestnik Kavkaza” portalındakı təhlili məqaləsində yazıb.
Onun sözlərinə görə, erməni lider daxildəki yüksək səviyyəli dəstəyi xarici siyasətin uğurlarına çevirmək, məsələn, Dağlıq Qarabağ məsələsində Ermənistanın sərt mövqeyini beynəlxalq gündəlikdə oturtmaq olduqca çətin olacaq:“Ona görə ki, Ermənistan bundan ötrü elementar geosiyasi çəkiyə malik ölkə deyil. Üstəlik, Azərbaycan prezidenti İlham Əliyevlə iki dəfə görüşən Paşinyan başa düşür ki, Qarabağ cəbhəsində hazırkı nisbi sakitlik əbədi deyil və real danışıqlar prosesi olmazsa, Qarabağda vəziyyət labüd olaraq, yenidən kəskinləşəcək. Danışıqları uzatmaq və status-kvonu saxlamaq taktikası Köçəryan və Sərkisyan xəttinin təkrarlanması demək olacaq. Ancaq öz siyasi karyeralarını Qarabağ müharibəsi üzərində quran iki sələfindən fərqli olaraq, Paşinyan öz uğuruna görə müharibəyə borclu deyil, müharibə partiyasını da təmsil eləməli deyil”.
Rusiyalı analitikə görə, “Madrid prinsipləri” əsasında kompromis qərar, yəni ilkin mərhələdə sərhədlərin açılması və Ermənistanın regional iqtisadi əməkdaşlığa cəlb olunması qarşılığında Dağlıq Qarabağ ətrafındakı müəyyən rayonların işğaldan azad olunması Dağlıq Qarabağda hərbi əməliyyatlar riskini minimuma endirmək və Ermənistanın iqtisadi yüksəlişi üçün yeganə imkandır. “Paşinyan bu xüsusda siyasi uzaqgörənlik göstərə biləcəkmi, yoxsa küçə populisti səviyyəsində qalacaq, bu, artıq gələn il məlum olacaq”, - deyə o əlavə edib.(müsavat)