"Bu məsələdə güzəştə gedə bilmərik, Rusiyaya tərs üzümüzü göstərməliyik"
Mən birinci gündən deyirdim ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi bizim başımıza bəla olacaq, problemlərimizi artıracaq.
Yenixeber.org: Bunu açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Rusiya ilə ciddi danışmalıyıq:
"Düzdür, biz məcbur qalıb sülhməramlıların burada yerləşməsinə razılaşdıq. Amma düşünmürdük ki, daxili işlərimizə bu qədər qarışarlar, xəritələr tərtib edərlər. Bu, onların statusuna aid olmayan bir məsələdir. Hiss olunur ki, onlar Moskvadan alınmış təlimatlar əsasında bu cür fəaliyyət göstərirlər.
Daha əvvəl də separatçıların liderləri ilə mütəmadi görüşdülər. Bütün bunlar bizdə haqlı narazılıqlar doğurur. Ona görə də Rusiya ilə ciddi danışmalıyıq. Rusiya hakimiyyəti ilə - Rusiya prezidenti, XİN rəhbəri və Müdafiə naziri ilə ki, bu, nə məsələdir, niyə bu məsələlərə sülhməramlılar qarışır?
Azərbaycan-Ermənistan sərhəddi müəyyənləşməlidir. Ermənistan da Rusiyadan yalvarır ki, bu məsələdə onlara kömək etsin. Bütün bunlar Azərbaycanın daxili işlərinə qarışmaqdır. Ona görə Rusiyaya yerini göstərməliyik. Çox da ki, Rusiya böyük dövlətdir, böyük imkanları var.
Əgər Azərbaycana problemlər yaradırlarsa, təhlükəsizlik məsələlərində ciddi problemlər ortaya çıxırsa, biz bu məsələlərdə güzəştə gedə bilmərik, Rusiyaya tərs üzümüzü göstərməliyik.
Paradı kimlə keçiririk, necə keçiririk, o, bizim daxili işimizdir. Əgər hər dəfə biz hansısa biz addım atdığımıza görə, bizə qarşı hansısa bir tərs addımlar atacaqlarsa, pomidorun alınmasına qadağa qoyacaqlarsa, xəritələr yayacaqlarsa, bunlar elə hər dəfə bu siyasəti davam etdirəcəklər. Ona görə, birinci gündən deyirdim ki, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi bizə gələcəkdə problemlərin artmasına yol açacaq.
Biz bunun məhdudlaşdırılması yolları haqqında düşünməliyik. Ermənilər yenə hiyləgərlik işlədib, başqa məsələlərdə də Rusiya sülhməramlılarının müdaxiləsini təmin edə bilərlər ki, buna gərək yol verməyək. Biz Dağlıq Qarabağın bir hissəsini erməni separatçılarından azad etdik, indi belə çıxdı ki, bu da keçdi Rusiya sülhməramlılarının əlinə. Yəni, Əlinin papağı, Vəlinin papağı - Bizim üçün nə dəxli var, kimin işğalı altındadır?! Əsas odur ki, o torpaqlar azad olunmalıdır, orada Azərbaycanın hüquqları təmin olunmalıdır, qanunlarımız işləməlidir, ermənilər bizim vəsiqələrimizi daşımalıdırlar. Yəqin, gələcəkdə ciddi məsələ kimi bunun həlli ilə məşğul olmalıyıq".