Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı imzalanan bəyannamə tarixi əhəmiyyətli bir sənəddir.
Yenixeber.org: Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, bu sənəd münaqişənin hərbi fazasının yekunlaşması və sülh yolu ilə işğal altında olan digər ərazilərimizin Azərbaycana qaytarılmasını özündə ehtiva edir:
“9 bənddən ibarət olan bu sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına uyğundur, Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərin qəbul edilməsidir. Birincisi, cənab Prezident söyləyirdi ki, Ermənistanın baş naziri öhdəlik götürsün və qrafik əsasında torpaqlarımızın işğaldan azad olunmasına imza atsın. Həmin bu bəyannamədə belə bir qrafik öz əksini tapıb.
Digər vacib məqamlardan biri odur ki, Naxçıvanın blokadasına son qoyulur, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiya, rabitə yaradılması və onun təhlükəsizliyinin təmin olunması öhdəliyi götürülür. Bundan əlavə bu sənəddə vacib məsələlərdən biri odur ki, ilk dəfə olaraq tənzimlənmə prosesində Türkiyənin iştirakı reallaşır və Türkiyə sülhməramlıları Rusiya sülhməramlıları ilə birgə fəaliyyət göstərəcək.
Bəyannamədə ən vacib məsələlərdən biri də odur ki, heç bir halda Dağlıq Qarabağa status verilməsi haqqında bir kəlmə də söhbət getmir. Bütövlükdə sənəddə bizim üçün ən fundamental məsələlər öz həllini tapıb. Bu da ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, qan tökmədən Laçın, Kəlbəcər və Ağdamın yerdə qalan hissəsi Azərbaycana qaytarılacaq və orada bir nəfər də erməni əsgəri qalmayacaq, yəni işğalçı ordunun Azərbaycan ərazisində mövcudluğuna son qoyulur.
Doğurdan da bu tarixi bir nailiyyətdir və xüsusilə Şuşanın azad olunması bu tarixi nailiyyətin baş tutması üçün unikal imkanlar yaratdı. Bu möhtəşəm qələbənin memarı cənab Prezident İlham Əliyevdir, müzəffər Azərbaycan ordusudur, Azərbaycan xalqıdır”.