İlham Əliyev -Paşinyanı necə nokauta saldı?
Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-də cəbhə bölgəsində başlayan əməliyyatlar iki ölkənin hərbi gücüylə yanaşı, həm də siyasi potensialını üzə çıxardı. Azərbaycan Prezidentinin qətiyyətli siyasi addımları və düzgün taktiki gedişləri hər iki cəbhədə qaləbəni təmin etdi.
Azərbaycanın hər iki cəbhədə üstünlüyü ələ alması nəylə bağlıdır? Çoxillik tarixə malik olan erməni lobbisinin qarayaxma cəhdləri niyə bu dəfə uğursuzluğa düçar oldu?
Analitiklər ölkəmizin hər iki cəbhədə şəksiz üstünlüyə nail olmasını Azərbaycan Prezidentinin parlaq siyasi addımları ilə əlaqələndirirlər. İlham Əliyevin bütün parametrlər üzrə Ermənistan baş nazirini qabaqlaması mübahisə mövzusu deyil. Yaxşı diplomatiya təhsili alan dövlət başçısı ağılllı gedişləri ilə qısa müddətdə rəqibi nokauta salmağı bacardı.
İki il əvvəl küçə iğtişaşları nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın İlham Əliyevin qarşısında biabırçı duruma düşməsi onun və ölkəsinin onsuz da zəif olan mövqelərini daha da zəiflətdi. İlham Əliyev Azərbaycan həqiqətlərini səlis rus və ingilis dillərində beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırmaqla Azərbaycanın haqlı mövqeyini bir qədər də gücləndirə bildi. Hərbi sahədə əldə olunan uğurların diplomatik cəbhədə də təkrarlanması bölgədə yeni hərbi-siyasi şəraitin yaranmasıyla nəticələndi. Hər iki cəbhədə əldə olunan uğurlar Azərbaycanı qısa müddət ərzində diqtə edən tərəfə çevirdi.
Azərbaycan əsgərinin cəbhədə göstərdiyi şücaəti Azərbaycan Prezidentinin siyasi müstəvidə təkrarlaması qələbəni təmin edən başlıca faktorlardandır. Prezidentin “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı “feyk-nyuslar”ı ifşa edərək, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurdu. Azərbaycanın dövlət başçısı məsələlərə operativ müdaxiləsi və reaksiyası, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə ölkəmizin milli maraqlarının müdafiəsini təşkil edə bildi. Bu isə onu deməyə əsas verir ki, düşmən təxribatlarını davam etdirəcəyi təqdirdə daha ağır yaralar almış olacaq. Bu cür yaraları sarımaq mümkün olsa da, çox vaxt sağaltmaq mümkün olmur...