Ermənistan hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə yalan məlumatlar çatdırmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini sırımağa uğursuz cəhdlər edib. Bunun üçün Ermənistan erməni lobbisinin və xarici havadarlarının köməyindən də yararlanmağa çalışıb.
Yenixeber.org: Lakin Azərbaycan Prezidenti İlham Əliyev həm beynəlxalq ali tribunalarda çıxışları, həm də dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələr zamanı tutarlı faktlara söykənən, tarixi baxımdan əsaslandırılmış arqumentlərlə erməni yalanlarını ifşa edib.
2020-ci ilin iyul təxribatından əvvəl və sonra Azəbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi.
Sentyabrın 24-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxışında erməni yalanlarını bir daha ifşa etdi və Ermənistanın Azərbaycana qarşı yeni işğal və təxribat planları hazırladığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycan torpaqlarının işğal edilməsi faktının BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğunu videokonfrans iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.
Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə də Prezident İlham Əliyev erməni yalanlarını tutarlı faktlarla ifşa etdi, dünyanın 10-a yaxın nüfuzlu televiziya kanalına müsahibələri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini əsaslandırdı.
Bu televiziya kanallarından biri olan “Əl-Cəzirə”yə müsahibəsi zamanı Prezident Azərbaycanın qəti və haqlı mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır”.
Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş meydanında, həm də informasiya cəbhəsində ölkəmizin maraqlarını inamla və qətiyyətlə müdafiə edir.
(Trend)