Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“TÜRKİYƏ TƏKLƏNİB, YEGANƏ GÜCÜ ORDUSUDUR...” –“Yunanıstan Türkiyə ilə müharibə apara bilməz”

Şərqi Aralıq dənizində yaşanan Türkiyə-Yunanıstan gərginliyi, tərəflərin dialoqa nə dərəcədə hazır olması, eləcə də dialoqun baş tutmayacağı təqdirdə yaranacaq yeni vəziyyətlə bağlı əməkdaşımızın suallarına İstanbulda yaşayan azərbaycanlı professor Toğrul İsmayıl cavab verib.

Yenixeber.org: Onunla müsahibəni təqdim edirik:

- Toğrul bəy, Şərqi Aralıq dənizində müşahidə olunan Türkiyə-Yunanıstan qarşıdurması növbəti mərhələyə keçid edir. Artıq tərəflər dialoqa hazırlıq görür və ilkin bəyanatlarını səsləndirirlər. Bunların fonunda bölgədəki son durumu necə qiymətləndirmək olar? 

- Əvvəlcə onu deyim ki, bölgədə vəziyyət gərgin olaraq qalır. Bəli, Türkiyə geriyə addım ataraq “Oruc Rəis” seysimik gəmisini Antalya limanına çəkib. Bu addımla əslində Ankara dialoqdan yana olduğunu nümayiş etdirdi. Yəni gərginliyin artması deyil, azaldılmasına tərəfdar olduğunu dünyaya göstərdi. Amma unutmayaq ki, lazım gəlsə Türkiyə hərbi əməliyyatlar da keçirə bilər. Bu, bir reallıqdır. Çünki Türkiyə öz maraq və hüquqlarını qorumaq üçün mümkün olan bütün addımları atacaq. Sadəcə, burada bir şey var - təkbaşına mübarizə. Hazırda bu, diplomatik mübarizə çərçivəsinə keçid edir. Buna qədər göstərildi ki, Türkiyənin “qırmızı cizgisi” hara qədərdir və nələri edə bilər.

Türkiyənin bu addımı atmasının bir səbəbi də Avropa Birliyi liderlərinin sentyabrın 24-25-də keçirəcəyi toplantıdır. ABŞ-ın tutumu, Yunanıstanın davranışlarının necə olacağı da vacib faktorlardır. Hazırda top diplomatiya sahəsinə atılıb. Sözsüz ki, tərəflər dialoqa hazırlaşırlar, amma yan təzyiqlər də dayanmayıb.

- Sizcə, “Oruc Rəis gəmisini qəfildən Antalya limanına çəkməsi Ankaranın güzəşti kimi qəbul edilə bilərmi?

- Yox, bu güzəşt deyil. Türkiyə bununla dialoqa hazır olduğunu nümayiş etdirir. İndi görüşlər başlayır. Söhbət əslində Türkiyə ilə Yunanıstan arasında təbii qaz axtarışı dartışmasıdır ki, bu da sonradan dərin böhrana çevrilib. Bununla paralel olaraq Türkiyə və Yunanıstan arasında həll edilməyən köhnə problemlər də yenidən gün üzünə çıxır. Bu səbəbdən NATO-nun iki müttəfiqini bir masaya oturtmaq cəhdi uğursuz oldu. Avropa Birliyi (AB) də məsələyə fəal qatılmaq ərəfəsindədir. Birlik daxilində Türkiyəyə qarşı sanksiya tətbiq edilməsi haqda müzakirələr gedir. Bunun baş verib-verməyəcəyi sentyabrın 24-də bəlli olacaq. Ona qədər siyasi bazarlaşma davam edəcək. Bu səbəbdən də Türkiyənin diplomatiyada əlinin güclü olması vacibdir.

Unutmayaq ki, Avropa Birliyində Türkiyəyə qarşı olan dövlətlər var. Eləcədə Türkiyə ilə yaxın ölkələr mövcuddur. Bu ərəfədə Aralıq dənizi mövzusunda konfrans keçirilməsi haqda fikirlər səslənir. Səhv etmirəmsə, bu konfrans Avropa Şurası tərəfindən keçiriləcək. Mən mütəxəssis kimi belə konfransın hər hansı bir nəticə verəcəyinə şübhə ilə yanaşıram, amma bütün hallarda bu da dialoqun bir platformasıdır. Aydındır ki, problem dialoqlar vasitəsilə həllini tapmalıdır.

- Hazırda Yunanıstan 18 adanı hərbiləşdirib və oraya 15 mindən çox əsgər gətirib. Bu, Türkiyə üçün hansı təhdid və problemlər yaradır?

- Bu, təhdiddən öncə beynəlxalq hüququn pozulmasıdır. Çünki bu adalarla bağlı beynəlxalq şərtlərdən biri onların silahlandırılmamasına dairdir. Yəni adalarda əsgər və silah ola bilməz. Yunanıstan bunu pozur. Bəli, hazırda Türkiyə Aralıq dənizi məsələsində tək qalıb. İndi daha öncəki siyasətdən fərqli olaraq, Suriya, Misir, İsraillə əlaqə yoxdur. Həqiqət həm də ondadır ki, Türkiyənin Liviya ilə münasibətləri bəzi Avropa Birliyi ölkələrinə təsir edib. Məsələn, Yunanıstan Türkiyə ilə Liviya arasında dənizin bölünməsinə dair anlaşmanın imzalanmasını özünün süverenlik hüququnun pozulması kimi qiymətləndirir. Düzdür, burada mübahisə var. Afina kiçik adaları əsas gətirərək böyük dəniz ərazilərinə iddia edir, Türkiyə isə bunun mümkünsüzlüyünü bəyan edir. Kiçik adalara görə qütblərə sahib olmaq beynəlxalq hüquqa ziddir. Bu səbəbdən hər iki tərəf özünə görə haqlıdır və geri addım atmamaqda da israr edir. Türkiyə açıq elan edir ki, neft-qaz axtarışlarını davam etdirəcək, yunan tərəfi isə gərginliyin azaldılması üçün türk gəmilərinin Yunanıstan qitə sularından geri çəkilməsi tələbini qoyur. Yunan qitə sahəsi nə deməkdir? Əslində Yunanıstan dəniz sularının ərazisini 6 mildən 12 milə qaldırmağa çalışır ki, bu da doğru deyil. Ankara da buna etiraz edir. Yunanıstan öz prinsiplərini BMT-nin Dənizlərin statusu haqqında anlaşmasına söykəyir. Bu sənədə görə, üzərində insan yaşadığı adaların da qitə sualarına daxil edilməsi mümkündür. Amma beynəlxalq hüquq və beynəlxalq məhkəmələrin qərarları bir qədər fərqlidir. Türkiyənin yaxınlığında Meis adası var ki, orada insanlar yaşayır. Yunanıstan deyir ki, burada əhali yaşadığı üçün mənim dəniz sərhədim beynəlxalq hüquqla 12 mil olmalıdır. 12 mil isə gəlib Türkiyənin daxilinə girir.

Açığı, Yunanıstan bu addımlarla Türkiyəni qitə torpaqlarına, yəni quru ərazilərinə sıxışdırmağa çalışır. Hansı dövlət özünün dənizdən uzaqlaşdırılmasına icazə verər? Yunan deyir ki, bu adalar mənim olduğu üçün bütün bu ərazilər mənim iqtisadi bölgəmdir. Türkiyə isə Fransa və İngiltərənin Manş adaları anlaşılmazlığını misal gətirir. Beynəlxalq məhkəmə Fransa sahilləri yaxınlarında olan, amma İngiltərəyə bağlı adaları 12 millik çərçivəyə alaraq Fransaya qitə sahəsi haqqını tanımışdı.

- Sizcə, tərəflər dialoqa gedəcəkmi, gedəcəksə kimin əli daha güclüdür?

- Dialoqa getməyə məcburdurlar. Əks təqdirdə, müharibə çıxar. İki NATO ölkəsinin bir-birilə müharibə etməsi bütün şərtlərdə doğru deyil. Türkiyə haqlarını tələb edərkən Mavi Vətən Doktrinasını ortaya atır. Bu doktrina 2006-cı ildə Admiral Cem Gurdəniz tərəfindən hazırlanıb. Bu da Türkiyənin Aralıq, Egey, Mərmərə və Qara dənizdə haqq etdiyi sahələrini ifadə edir. Türkiyənin Qara dənizdə ikili anlaşmalarla sərhədləri bəllidir. Amma Egey və Aralıq dənizlərində yunanlarla anlaşma əldə edilməyib. Hər iki tərəf də öz haqlarını və maraqlarını müdafiə edir.

Burada “kimin əli güclüdür” deməyin nə dərəcədə doğru olduğunu bilmirəm. Lakin hərbi güc baxımından Türkiyə dəniz, hava və quru qoşunlarına sahibdir. Yunanıstanla müqayisədə əhalisi və imkanları daha çoxdur. Bu da ona imkan verir ki, hər yerdə müharibə apara bilsin. Yunanıstan quru müharibəsi apara bilməz. Hava müharibəsində ola bilsin ki, əvvəlki qədər zəif deyil. Amma dəniz donanması məsələsində Türkiyə daha güclüdür. Məncə, müharibə ehtimalı bu dəqiqə düşünülməməlidir. Əslində, Yunanıstan və Avropa ölkələri Türkiyəni “Yeni Osmançılıq” xəyalı ilə addım atmaqda günahlandırır. Digər tərədə isə Avropanın “dəcəl uşağı” kimi Yunanıstan dayanıb. Əslində bu məsələnin arxasında ancaq Yunanıstanı görmək doğru deyil. Avropa Birliyi, Rusiya, Amerika da bu məsələlərdə var.

- Rusiyanın Şərqi Aralıq dənizində mübahisə edən Türkiyə və Yunanıstanla bağlı mövqeyini necə qiymətləndirmək olar?

- Əslində, Rusiya siyasətinin mahiyyəti bəllidir. Klassik olaraq bu siyasətdə ABŞ kimin yanındadırsa, Rusiya ona qarşıdır. Normalda belə olmalıdır. Amma Şərqi Aralıq dənizi məsələsində belə olmayacaq. Çünki Şərqi Aralıq dənizində gərginliyin uzanması Rusiyanın işinə yarayır. Bu halda mövzu Qara dənizdən, Cənubi Qafqazdan uzaqlaşır və Rusiya da rahat olur. Bu səbəbdən də Şərqi Aralıq dənizi ətrafında yaranan gərginlik çərçivəsində Rusiyanın Türkiyəni dəstəkləyəcəyi inandırıcı deyil. Diqqət etdinizsə, Lavrov da Cənubi Kiprə səfər etdi, hətta tərəflər arasında vasitəçi olmağa hazır olduğunu bildirdi. Rusiyanın da mövqeyi çox maraqlıdır. ABŞ-ın Cənubi Kiprə silah sanksiyasını götürməsini Lavrov tənqid etdi, bunun çıxış yolu olmadığını bildirdi.

ABŞ da əslində regionda güclü bir Türkiyəni arzu etmir və düşünür ki, belə bir dövlət onun işinə yaramayacaq. Başqa sözlə, ABŞ dövlət katibi Mayk Pompeonun Cənubi Kiprə səfəri, türk rəsmilərlə görüşmək istəməməsi bunun bir nümunəsidir. Üstəlik, Yunanıstanla birlikdə hərbi təlimlərə başlaması da göz önündədir.

Qeyd etməliyəm ki, bu məsələdə Avropa Birliyinin mövqeyi daha çox əhəmiyyətlidir. Hərbi və siyasi baxımdan AB böyük güc olmasa da, iqtisadi baxımdan ciddi gücdür və Türkiyə istəməz ki, bu güclə münasibətlərində yeni problem çıxsın. Onsuz da münasibətlərdə poblem çoxdur. Məsələyə bu kontekstdən baxılması daha vacibdir. Əlbəttə, hazırda Rusiya, ABŞ və AB-nin bu məsələdə Türkiyəyə qarşı olduğu tam görünmür. Yəni davranışlarında bunu açıq göstərmirlər. AB liderlərinin toplantısında bu qurumun hansı davranış sərgiləyəcəyi ortaya çıxacaq.

Ancaq bütün hallarda Yunanıstan və Türkiyənin bir araya gələrək problemi diplomatik yollarla həl etməsi daha məntiqli görünməlidir.

- Sizcə, AB Türkiyəyə qarşı sanksiya qərarı versə, mənzərə necə olacaq?

- Əgər sanksiya qərarı çıxsa, Türkiyə yeni siyasət izləməli olacaq. Hazırda müşahidələr Türkiyəni küncə sıxışdırmaq cəhdinin olduğunu deməyə əsas versə də, həmin ölkələr bunu açıq şəkildə ortaya qoymurlar. Əgər AB məsələyə ədalətli yanaşmasa, sıxıntı olacaq. Bu, birmənalıdır.

- Bəs, danışıqlar nəticəsiz olsa hansı ssenarilər ortaya çıxa bilər?

- Bu halda gərginlik artacaq. “Oruc Rəis” gəmisini Antalya limanlarına çəkməklə əslində Türkiyənin bir məqsədi də AB-ni günahkar çıxarmaqdır. Yəni gərginliyi artıracaq tərəf olacaqsa, bu tərəf Türkiyə olmayacaq.

Diplomatik görüşlər nəticəsiz başa çatsa, gərginlik, hərbi ritorika önə çıxacaq. Biz deyə bilmərik ki, dərhal müharibə baş verəcək. Bu saatın özündə gərginlik azalmayıb. Problem davam edir. Türkiyə ilə Yunanıstan arasında hər zaman problemlər olub. Bu, davam edəcək. Görünən budur. Burada maraqlı bir nüans da var. Türkiyə öz haqqını arayır, Yunanıstan da öz iddialarından əl çəkmir. Bu, bir növ Qarabağ münaqişəsinə oxşayır. Artıq “kim birinci başladı” məsələsi arxa plana keçib. Fransanın davranışları da bəllidir. O cümlədən Parisin ATƏT-in Minsk Qrupunda fəaliyyəti ortadadır. Fransa klassik ənənəvi siyasətindən əl çəkmir.

- Sirr deyil ki, anlaşmanın əldə edilməsi üçün həm Türkiyə, həm də Yunanıstan müəyyən güzəştlərə getməlidir. Sizcə, Türkiyə hansı güzəştlərə gedə bilər və əvəzində Yunanıstan hansı məsələləri gündəmindən çıxara bilər?

- Güzəşt məsələsində Türkiyə öz mövqeyini ortaya qoyub. Bir az geri addım ata bilər. Çünki yunanların istəkləri çox fərqlidir və gərəyindən çox şey istəyirlər. Türkiyə hökuməti qədərindən artıq geri addım ata, öz dəniz sahəsini azalda bilməz. Bu, imkansız məsələdir.

Burada incə bir məsələni də qeyd etmək lazımdır. Son dönəmlər Qərb siyasətçiləri “biz Türkiyəyə deyil, Ərdoğana qarşıyıq” tipli fikirlər səsləndirir. Bu, bir tərəfdən diplomatik etiketə uyğun deyil, digər tərəfdən Ərdoğan seçilmiş prezidentdir, səs çoxluğu ilə iqtidara gəlib. Bu kimi fikirlər səsləndirməkdə məqsəd nədir? Doğrudanmı onlar Türkiyənin daxilini qarışdırmaq istəyirlər? Bu da maraqlı məsələdir. Makrona fransız xalqının hamısı səs verməyib. Guya “türk xalqını sevirlər, amma onun prezidenti problem yaradır” məsələsini ortaya atmağa çalışırlar. Həm də Türkiyə Fransanın burnunun dibinə hərbi gəmi göndərməyib. Ümumiyyətlə, Fransa lideri Makronun son dövrlər siyasətinə diqqət etsək görərik ki, nəsə fərqli addımlar atır. Gah deyir ki, NATO “beyin ölüm”ü keçirib, gah deyir AB öz ordusunu yaratmalıdır. Bunlar əslində, Fransanın gücünü artırmaq, bölgəyə hakim olmaq istəyindən doğur. Onun Türkiyəyə də tarix üzərindən ləkələr atması komik addımdır. Ən azından Livandakı partlayışdan sonra Fransanın davranışları göz önündə olub. Az qala Livana “mənim əyalətimsən” deyilmiş oldu. Makron bir tərəfdən Türkiyənin üzərinə gəlir, digər tərəfdən dialoq çağırışı edir. Bir qrup ölkəni də Korsika adasına toplayaraq anti-Türkiyə müzakirələri apardı, amma sonda dialoq çağırışı edildi. Əgər dialoq istəyirlərsə, hər kəsin ədalətli olması vacibdir. Məsələ də sonda beynəlxalq hüquq əsasında həll olunacaq. Öz işlərinə yarayanda beynəlxalq hüquq ortaya çıxır, digər məsələlərə gələndə beynəlxalq hüquq unudulur. Bir sözlə, Türkiyə bu məsələdə diplomatiyada tək görünür. Tək göründüyü üçün də yeganə gücü ordusudur. Odur ki, bu məsələdə ordusundan faydalanacaq.

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam